Fuad Qəhrəmanlı:
"Ümid"-ADP-siz bircə tost olmaz,
Blok yaratmasaq bizdə rost olmaz,
"DUİ"-də bizlərə layiq dost olmaz,
Biz yeni bloku Sərdarla qurruq,
Həm də İqbal ilə yanaşı durruq,
Mirmahmud mifini vurub uçurruq.
Rauf Arifoğlu:
Şananı siz teldən buraxmasanız,
Bülbülü də güldən buraxmasanız,
Əlini siz əldən buraxmasanız,
Başqana çox ağır bir zərbə vurruq.
Arif Hacıyev:
Güclüdü, elə ki, danışdı İsa,
Deyə bilməzsiniz yanlışdı İsa,
Gücsüz gücünüzlə tanışdı İsa,
Müsavat Əlisiz çəkməkdə korruq.
Fuad Qəhrəmanlı:
Dura bilməzsiniz dəlidən kənar,
Sizə cavab verdik bəlidən kənar,
Müsavat durmalı Əlidən kənar,
Başqan qura bilməz bizlərə torruq.
Rauf Arifoğlu:
Əkinçi kotanla, ya cütlə olar,
Maldarsa qaymaqla yağ-südlə olar,
"Azadlıq" ADP-"Ümid"lə olar,
O, yarada bilmz İsayla xorruq.
Arif Hacıyev:
"VİP" sədri olduqca pis sənətçidi,
İqbal, Sərdar isə fərdiyyətçidi,
Lalə də köhnəlmiş siyasətçidi,
Bizə Əli gərək, sevmərik gurruq.
Fuad Qəhrəmanlı:
Lazımsız kəsləri didəcəyik biz,
Boss yolu üstündə bitəcəyik biz,
Seçkiyə İqballa gedəcəyik biz,
Bizə lazım deyil İsayla curruq.
Rauf Arifoğlu:
Saf suya salınsa, başqan göy çıxar,
Belə liderləri eldən söy, çıxar,
İsadan uzanmış tir köntöy çıxar,
Ondan çıxmaz hətta gəmiyə dorruq.
Arif Hacıyev:
Müsavat seçkiyə ülgüclə gedir,
"Azadlıq" seçkiyə az güclə gedir,
Bilirik bir qrup gic-miclə gedir,
Müsavatda güc var bir neçə turruq.
Fuad Qəhrəmanlı:
Yerə gəlməkdədi İsada dizlər,
O öz ətrafından sirrini gizlər,
Meydana şad-xürrəm girərik bizlər,
Sizə qalacaqdı yalnız dilxorruq.
Rauf Arifoğlu:
İflasa uğrayar kim kəm dayansa,
Sözsüz, tez yorular zökəm dayansa,
Sərdar, İqbal, Əli möhkəm dayansa,
Zərbədən Müsavat çəkəcək korruq.
Arif Hacıyev:
Daim ucalmışıq dost pulu ilə,
Yolda qalarsınız qoz pulu ilə,
Uzun ömür sürrük boss pulu ilə,
Sizə cəhənnəmdə qismətdi korruq.
Fuad Qəhrəmanlı:
Siz ölü, bizlərsə həyat üstəyik,
Sizlər tək demirik şil, çat üstəyik,
Həmkarlarımızla biz at üstəyik,
Müsavat eşşəkdə... onu tez yorruq.
Arif Hacıyev:
Müsavat iztirab, ağrı yoldadı,
Əli, kənarda dur, oğru yoldadı,
"Ümid" Lalə ilə doğru yoldadı,
İsanın məkanı əbədi şorruq.
Arif Hacıyev:
Belə öyüd verib bizlərə İsa,
"Azadlıq" tərəfdən daşarsa kasa,
Əli ağıllı bir addım atmasa,
O vaxt imzalanmış sənədi cırrıq.
Fuad Qəhrəmanlı:
"Azadlıq" hələ də çəkməkdə korruq,
Müsavat nümayiş etdirir korluq,
Bizə kifayətdi qubernatorluq,
İsa bloklarda axtarır çarrıq.
Rauf Arifoğlu:
Əlidə, Lalədə yüksəlsə əhval,
Bloka girənə çevrilməsə dal,
"Azadlığ"a gəlsə Sərdarla İqbal,
Başqanın könlünü əbədi qırrıq.
Arif Hacıyev:
Daim qabarmaqda bizlərdə damar,
Sizin gözlərdənsə tezcə qan damar,
Müsavatın yolu yoxuşlu, hamar,
"Azadlığ"ın yolu keçilməz qırrıq.
Fuad Qəhrəmanlı:
Siyasətə yeni ruh gətirərik,
Başqanı arxaya tez ötürərik,
Zirvəyə tezliklə kurs götürərik,
Tezliklə başqanın bağrını yarrıq.
Rauf Arifoğlu:
Allah insanlara kamal veribdi,
Müsavata süqut, pamal veribdi,
Əli İsaya çox atval veribdi,
Rəqibsə hələ də göstərir karrıq.
Arif Hacıyev:
Sizlər çox sazişi ləğv etmisiniz,
Bütün körpüləri məhv etmisiniz,
Tezliklə görərsiz səhv etmisiniz,
İnşallah, bu mərci bizlər aparrıq.