İsa Qəmbərov Müsavat -"AXCP" (i)- "KAXCP" bloku yaratmaq istəyir
Əvəz Temirxan:
Əlinə götürüb iri bir əsa,
Önünə qoyaraq dolu bir kasa,
Bizə diqtə etmək istəyir İsa,
Səfərbərdi ətrafında heyəti,
Fitva verib, o edibdi beyəti,
"Azadlığ"ı parçalamaq niyyəti.
Vurğun Əyyubov:
Dəf edərik Əvəz-Lalə felini,
Cadu ilə bağladarıq dilini,
Azadlıqdan qopararaq Əlini,
Çox görmüşük İsada bu cürəti.
Əvəz Temirxan:
Axar selin silqəti var jalədə,
Nur, parıltı zinəti var halədə,
Rüstəmi-Zal qüdrəti var Lalədə,
Salar İsa qəlbinə də möhnəti.
Vurğun Əyyubov:
Ovlağımız olub dərə, düz, gədik,
Biz Əvəzə çox yedirtdik çiy hədik,
"Azadlıq"da heç vaxt bunu görmədik,
İsa bəydə gördüyümüz qüdrəti.
Əvəz Temirxan:
Bənzəyirlər hamısı cırıq bezə,
Biz mehriban, liberallar gəvəzə,
Uğursuzluq qalsın Lalə-Əvəzə,
Biz İsayla götürürük şöhrəti.
Vurğun Əyyubov:
Partiyamız andırmaqda ordunu,
Əvəz isə şişirtməkdə ordunu,
Söylədik ki, atıb gəlsin "Yurd"unu,
Biz Əliyə verdik İsa möhləti.
Əvəz Temirxan:
Müsavatda içdən yeyib qurd şefi,
İsa öncül deyil, yalnız ard şefi,
Bizi atıb getməyəcək "Yurd" şefi,
İsadansa, o, seçərdi qürbəti.
Vurğun Əyyubov:
Hacı İsa pak bir adam qüsullu,
Lalə-Əvəz "MBH"-si qüsurlu,
İsa ona çox üz vurub üsullu,
Bizə əta etsin Əli mürvəti.
Əvəz Temirxan:
İtiləmə Müsavat ülgücünü,
Lalə saymaz İsa kimi cücünü,
Vurğun özü yaxşı bilir gücünü,
İsaya da Lalə verib neməti.
Vurğun Əyyubov:
Nemət boldu Müsavat ocağında,
Sadiq üzvlər onun hər bucağında,
Çürüməli o, Lalə qucağında,
Əlinin də yəqin buymuş qisməti.
Əvəz Temirxan:
Müsavatın indi cırıq əskidi,
"VİP" Əliylə Lalə onun bəsidi,
Əli "Azadlığ"ın fədaisidi,
Sanma sizə yönəlibdi diqqəti.
Vurğun Əyyubov:
Əli atıb öz "Yurd"unun közünü,
Dikib bizə öz bərəlmiş gözünü,
Sən nə qədər tərifləsən özünü,
İndi Əli bizə verir qiyməti.
Əvəz Temirxan:
Əli burda öz bəxtinə baxdırıb,
Sinəsinə mükafatlar taxdırıb,
O, başını "Azadlıq"da qırxdırıb,
Burdan getməz, burda edib sünnəti.
Vurğun Əyyubov:
Nə vaxt etsə o da həzər Lalədən,
O məqamda əl də üzər Lalədən,
Yəqin bir vaxt Əli bezər Lalədən,
Təsir edər ona İsa töhməti.
Əvəz Temirxan:
İsa dönüb dəliqanlı olubdu,
Lalə bundan həyəcanlı olubdu,
Əli yaman Laləcanlı olubdu,
O götürməz isalardan minnəti.
Vurğun Əyyubov:
Lalə bənzər dozanqurdu, sülüyə,
Heç oxşamaz ceyran, cüyür, əliyə,
İsadakı qüvvə keçər Əliyə,
Müsavatda var cərəyan şiddəti.
Əvəz Temirxan:
Əli olmamışdır heç zaman əxi,
İsa da əl çəksin qoy ondan dəxi,
Ona lazım deyil İsa düzəxi,
Əli "Azadlıq"da tapıb cənnəti.
Vurğun Əyyubov:
Əli bir vətəndaş, İsa ser olub,
Müsavat onunçün möhkəm yer olub,
Başqan iqtidarda spiker olub,
İsadan öyrənib o, siyasəti.
Əvəz Temirxan:
Artıq o edibdi özlüyündə qət,
Qoy İsa da versin sözümə diqqət,
Əli özü olub vahid namizəd,
Laləyə verəcək qrant, sərvəti.
Vurğun Əyyubov:
Başının üstündən səkməz bir quş da,
Ona hörmət edər Obama, Buş da,
Laləyə saxlamaz bircə quruş da,
Özünə götürər İsa zinəti.
Əvəz Temirxan:
"MBH" qızıldı, Müsavatsa mis,
Qarsıyıb üzünü onun qatı his,
İsa kimilərdə olmayıb bu hiss,
Əlidə qalıbdı ağız ləzzəti.
Vurğun Əyyubov:
Ağıllı tanınmaz dəli gəlməsə,
Daxil yaxşılaşmaz çölü gəlməsə,
Müsavat itirməz Əli gəlməsə,
Əliyə gərəkdi İsa siqləti.