PDF Oxu

Köşə

  • 36

Kim uduzdu?

Kim uduzdu?
Hə, hər şey gözlənildiyi kimi və bir az da yekəxanalıq çıxmasın, bizim yazdıqlarımız kimi nəticələndi. Türkiyə təxminən yüz ildən sonra bütün qapılarını Ermənistana açaraq, Anadolu türkünün ermənilərlə qardaşlaşdığına dair protokolu oktyabrın 10-da, gecədən xeyli keçəndən sonra imzaladı və daha heç nə! Çünki bu "qardaşlıq təşəbbüsünün" axırı da indi gözlərimiz qabağındadır. Ermənistan, daha doğrusu, Ərdoğan hökumətini bu oyuna salanlar ona əməlli-başlı "atdılar". Fakt budur və daha diplomatik "burcutmağın" yeri də deyil.
Bütün Türkiyə Ermənistanla qardaşlıq və dostluqdan dəm vururdu və yaxşı yadımdadı həmin ərəfədə, yəni təxminən dörd-beş ay bundan əvvəl, elə bir situasiya yaranmışdı ki, ən praqmatik adamlar belə hansısa möcüzənin və ya başqa bir işin baş verdiyini anlamırdılar və yerlərindəcə quruyub qalmışdılar. Əcəba, nə olmuşdu? Yoxsa Ermənistan Türkiyəyə qarşı olan ərazi iddialarını və düşmənçiliyini geri götürmüşdümü, yoxsa daşkanlar tarix boyu türklərin cəlladı olduqları üçün zülüm-zülüm ağlayıb Abdullah Güldən və ya Ərdoğandan əfv diləyirdilərmi?. Yox, heç nə olmamışdı və ən praqmatik analitikləri də aldadan bu siyasi şou, sadəcə, o dərəcədə başgicəlləndirici idi ki, hər kəs çaşqın idi. İndinin bu dəqiqəsində də məlum deyil ki, Ərdoğan bu addımı niyə atmışdı və onu sonu nəticəsiz olan protokollardan başqa heç bir erməninin ürəyində qəbul etmədiyi bu "qardaşlıq" sövdələşməsinə KİMLƏR SÖVQ EDİRDİLƏR. Bu məsələ, hələ ki, qaranlıq saray dəhlizlərində bizə məlum olmayan yerdə GİZLƏNİR. Ərdoğan hakimiyyəti o ərəfədə elə bir rəy yaratmışdı ki, sanki Ermənistan Türkiyə ilə yox, Türkiyə Ermənistan ilə sərhədləri açandan sonra, bütün ermənilər bir-bir dünyanın dörd tərəfindən axın-axın gəlib tarix ərzində türkləri qırdıqlarına görə və törətdikləri vəhşiliklərə görə AKP-dən üzr istəyəcəkdilər. Yox, sayın Ərdoğan, nə olursa olsun, fakt budur ki, bu baş vermədi və nəticədə Türkiyə bütün tarixi boyu heç vaxt düşmədiyi rəzil bir vəziyyətə düşdü və dünya birliyi qarşısında "sındı"! Vəssalam, olan budur. Daha orası heç kimi- nə məni, nə türk xalqını nə də heç kimi maraqlandırmır ki, Ərdoğan bunu iki xalq arasındakı tarixi düyünləri açmaq, sülh yaratmaq və ya Obamanın-filanın planlarını reallaşdırmaq üçün edib. Bəlkə sayın Ərdoğanın bir bildiyi daha dərin məsələ var ki, bunu edib, yaxud hələ bu prosesin nəticəsi neçə onilliklər sonra ortaya çıxacaq və daha uzaqlara hesablanmış strategiyadır, bunlar öz yerində. Hər halda, oyunun içində Ərdoğan və Abdullah Gül var və onlar daha dəqiqini bilirlər. Amma görünən odur ki, Serj Sarkisyanı Ankarada qəhrəman kimi qarşılanması, A.Gülün arvadının onun üçün özəl yemək bişirməsi, həmin ərəfədə AKP-nin təbliğat maşınının "humanist erməni" obrazı yaratmaq şousu, bütün bunların indiki məqamda nə qədər utancverici və fıs çıxması hər kəsin ictimai gözləri ilə görə biləcəyi bir HƏQİQƏTDİR!Bütün bunları Türkiyə hökuməti, konkret olaraq, indiki dəqiqələrdə Türkiyədəki AKP hakimiyyətinin bir nömrəli fiquru olan Ərdoğan niyə etdi, nə qazandı və nə məqsədi var idi? Bütün bunlar, tam mənasında, hələ də bir zülmət həqiqət kimi bizə məlum deyil. Çünki siyasət divlərinin "kruqlarındakı" macəralar neçə onilliklərdən sonra açıla, ya da açılmaya. Amma bu "açılım oyunu"nu Barak Obamamı, Moskvamı, ya başqa birisimi qurmuşdu, bunun artıq heç bir önəmi yox. Ermənistan açıq şəkildə Türkiyəni ələ salır. Belə çıxır ki, işin əvvəlindən ermənilər Ərdoğana "atıblar". Amerika və Rusiya erməninin maraqlarını qoyub, Türkiyənin maraqlarını qabağa verməz, əfəndim! Bu siyasət yüz illərdir belədir və bundan sonra da belə olacaq. İstər Obama gəlsin, istər Medvedev və istərsə bir başqa ayı, fərq etməz. Bunlar ermənidən bütün əsrlərdə superkart kimi istifadə ediblər və hələ yüz illər sonra da edəcəklər, burası yüz faiz belədir. Bəs bizim bu bildiklərimizi Türkiyədə oturanlar bilmirdilərmi? Yox, bilməmiş olmazlar. Bəs niyə "yapdılar"? İndi uduzan kimdir: Ərdoğan, yoxsa Türkiyə?

Digər xəbərlər