"Avro-2012"-nin püşkü atılanda, bütün Avropada ən böyük sevinc keçirən adam Berti Foqts oldu. Adam püşkdən sonra elə gülürdü ki, elə bilirdin illərdir itkin düşmüş atasını və ya yeddi arxa dönənini UEFA-nın püşkatma mərasimində tapıb. Amma lap düz eləyir gülür və bunun sirrini yazının sonunda sizə açacağam. O, çox arxayındır ki, bu gülməyi ilə Almaniya və Türkiyə, eləcə də, Belçika kimi komandalardan xal "ala biləcək" və bizi sevindirəcək. Kişi bizimlə əməllicə məzələnir də. Bu adam keçən il də Almaniyada ağzını Allahın yoluna qoyub, keflənmişdi və bizimlə məzələnərək, deyirdi ki, Azərbaycan yığması, neçə onilliklərdən sonra da olsa, dünya çempionatının finalına çıxa bilər. Yəni ki, pulunuzu alıb yeyirəm, özünüzlə də məzələnirəm. Bu alman oğlu alman, hələ bu azmış kimi, indi də müsahibə verərək, Almaniya ilə bir qrupa düşdüyümüzə görə, Allaha şükür etməli olduğumuzu və almanlarla oyundan translasiyaya görə, xarici televiziyalardan külli miqdarda pul qazanacağımızı deyir. Baxın, biz futbol yığmamızın növbəti Avropa çempionatında, lap möhtəşəm olmasa da, heç olmasa, abırlı şəkildə çıxıb oynaması və uduzsa da, bunu şərəflə keçirməsi üçün pis çıxmasın, "yaxa cırırıq", bu adam isə, bizə əməllicə nağıl danışır. A kişi, biz Şərqdən danışırıq, sən Qərbdən. Kimlərinsə hansısa oyundan cibinə nə qədər "qatlaması" bu camaatı qətiyyən maraqlandırmır. Onsuz da, indiyə qədər futbolumuzu rüsvay etmək bahasına da olsa, o qədər belə paralar "qatlayıblar" ki. Açıq demək lazımdır ki, Berti Foqtsu Azərbaycan futbolu yox, öz maraqları və onu "əl içində" saxlayanların mənfəəti düşündürür. Cənab B.Foqts demək olar ki, ilin üçdən iki hissəsini öz vətənində keçirir. Niyə gedir siz bilən? Bəlkə ildə milyon dollar pulunu yediyi, eyş-işrət içində saxlandığı Azərbaycanın hansısa yenicə cücərən, bir "dayday" zəngi ilə millinin düşərgəsinə salınan bəzi "futbolçulardan" fərqli olaraq, istedadı ilə özünə yer edən arxasız futbolçusunu Avropaya daşımaq üçün can yandırır? Qətiyyən. Onun nə vecinədir ki, hansısa azərbaycanlı balasının istedadını üzə çıxarsın, onu Avropa klublarına təqdim etsin. Mən cənab B.Foqtsa qarşı potoloji nifrət bəsləmirəm və ondan heç hansısa azərbaycanlı balasını aparıb əsil futbol qitəsinə qovuşdurmağı da tələb etmirəm. Çünki istedadlı futbolçularımızı elə öz futbol "başbilənlərimiz" məhv edirlər, B.Foqtsa nə deyəsiyəm? Hal-hazırda Azərbaycanda elə istedadlı futbolçular var ki, klub rəhbərləri onları əsil girova çeviriblər. Yalnız Azərbaycan Premyer Liqası kimi məhəllə futbolu səviyyəsində olan çempionatlar üçün "nəzərdə tutulan" ölkə klublarımız bu uşaqları var gücləri ilə xaricə buraxmamağa və onları şikəst etməyə çalışırlar. Açıq deyək, Respublika Stadionunda oynanılan və adına derbi deyilən "Neftçi"- "Qarabağ", "Bakı"- Neftçi" və son "Neftçi"-"Xəzər-Lənkəran" oyunları, tam mənası ilə, bir məhəllə oyunları idi və yuxarıda adı çəkilən bu klublardan heç kim durub mənə bunun belə olmadığı sübut etməyə qalxmasın. Qalxıb nə deyəcək? Fakt göz qabağındadır. Xüsusilə, azarkeşi olduğum "Neftçi" klubunun oyun sistemi, futbolçuların top saxlamaq, ötürmə vermək və sürətli futbol oynaya bilməmələri Vaqif Sadıqova olan inamı müzakirə mövzusuna gətirib. Əlindəki bu "materiallarla" ancaq və ancaq "heç-heçələr" qazanan baş məşqçi, ya bunlardan istifadə edə bilmir, ya da bu transferlər tamamilə yanlışdır. Kor-kor, gör-gör, hər şey ortadadır. Bu oyunlarla ölkə klublarının Avropa çempionatlarında bir addım da o yana getməyəcəkləri yüzdə-yüz məlumdur. Klub rəhbərlərinə isə, sadəcə, bu klubları saxlamaqla "çirkli pulları" yumaq lazımdır. Onlara adlı-sanlı Avropa liqalarında oynamaq, əsil futbol göstərmək lazım deyil. Həm də artıq yuxarıda danışdığımız istedadlı uşaqlarımızı xarici klublara su qiymətinə satmaq dəbə düşüb. Bazar olsun, cənablar! Satın Azərbaycanın istedadlı uşaqlarını xarici klubların əvəzedici heyətlərinə, pulları da qoyun cibinizə, vəssalam, şüt-tamam!
B.Foqts güləndə, kimə güldüyünü əla bilirmiş. Bağışla məni, Berti müəllim. Elə mənə də gül, heç kimə lazım olmayan vətənpərvərliyimə görə. Gül, əzizim B.Foqts, gül.