PDF Oxu

Köşə

  • 24

Kimdir gələcəyimiz?

Kimdir gələcəyimiz?
Heç dünən yazı yazmaq istəmirdim. Çünki srağagün Respublika Stadionunda "Azərbaycan derbisi" adlandırılan oyundan elə pis əhvali-ruhiyyədə qayıtmışdım ki, əlimə heç qələm də yatmırdı. Düz on ildən sonra, yəni 2000-ci ildə keçirilən Türkiyə-Azərbaycan oyunundan sonra, bir dəfə də olsun, ƏFSANƏVİ AZƏRBAYCANLI Tofiq Bəhramovun adını daşıyan baş arenaya ayaq basmamışdım. Məni yandırıb-yaxan o idi ki, o arena əməlli-başlı məhv olan bir sahəyə çevrilib. Düzdür, özüm futbol vurğunuyam, "Neftçi"nin azərkeşiyəm. Amma düz on ildir ki, stadiona GETMİRƏM! Niyə? Çünki bir əməlli futbol yoxdur ki, stadiona ayaq basasan. Mən sizi yüz faiz əmin edirəm ki, bu gün təkcə "Neftçi"nin özünün on minlərlə azərkeşi var ki, qəlblərində flaqman sevgisi var. Ölkənin ən nüfuzlu klubu üçün azərkeş probleminin olmadığını hamı bilir. Amma televiziya qarşısındakı o insanları futbola qaytarmaq üçün, sadəcə, oynamaq lazımdır, vəssalam!
Nə isə, futboldan keçək əsil mövzuya.
Söhbətin mətləbinə gəlim. Hamımız elliklə bir məsələni zərb-məsələ çevirmişik ki, gənclər bizim gələcəyimizdir. Burası belədir və bunu dananı Kataloniyadakı ispan qızları "Barselona"nın stadionunda basdırsınlar. Amma məsələnin bir başqa tərəfi də var ki, onu deməsəm, yalançı olaram, ya da yalançı tərifçilərdən olaram. Düzdür, ağıllı-savadlı, ən müasir informasiya əsrinin tələblərinə cavab verən gəncliyimiz var və biz, sözün əsil mənasında, onlarla QÜRUR DUYURUQ. Heç olmasa, ürəyimizdə bir ümid yaranır ki, gələcək əsrlərə davamlı olaraq, bu gəncliklə girə biləcəyik. Yəni sabahımıza yiyə dura biləcək bir gənclik ümid yerimizdir. Dövlətimiz də gənclər siyasətinə boş-boşuna bu qədər qayğı və diqqət göstərmir ki. Amma o "əmma" dediyim məsələ elə məsələdir ki, bu soyuq fevral günündə gözlərinə Viktoriya Bekhemin 75 min avroluq günlüyünü taxıb, onun üstündən vaz keçə bilmərəm. Çünki yalançı məddahlıq qədər tarixdə dəhşətli və təhlükəli bir şey yoxdur. Savadsız, cahil birisini tərif edib, onu cəmiyyət və insanlıq üçün elə təhlükəli tipə çevirmək olar ki, yüz peşəkar cinayətkar belə bunu bacarmaz. Tarixdə həmişə ən çirkin və əclaf hadisələri ən cahil və şişirdilmiş "qəhrəmanlar" törədirlər. Söhbət bizim yeniyetmə və gənclərimizin iyirmi birinci əsrin ilk onilliyindəki vəziyyətindən, mənəvi dəyərləri necə ayaq altına salıb tapdalamalarından gedir. İndi yüz illər boyu azərbaycanlılara məxsus olan və bu xalqın dünya mədəniyyətindəki markasına çevrilmiş adət-ənənələr indiki qulağı sırğalı, ağzında saqqız, qulağında "nauşnik", əynində müasir "dəbə" uyğun bir neçə yerdən cırılmış və balağı yerlə sürünən cins şalvarlı gənclər tərəfindən, sadəcə, MƏHV EDİLİR! Bu uşaqlar Azərbaycan adlı məmləkətin tarixi, mənəvi dəyərləri, tarixdəki qəhrəmanları barədə heç nə bilmirlər, heç yaxına da buraxmırlar və bu barədə danışanları da ağız büzüb bircə adla çağırırlar: ÇUŞKA!
Öz tarixinə, milli ənənələrinə, keçmişinə və gələcəyinə tam bir nifrətlə baxan bir nəsil yetişib. Bu, bir faktdır və heç kim durub özünü gözə soxmaq üçün mənə bunun belə olmadığını izah etməsin. Təsəvvür edin ki, Torqovıdan keçib gedəndə, orda çox qəribə bir mənzərəni mütləq seyr edib, keçirsən. Köhnə erməni kilsəsinin yanında qulağında "nauşnik" olan bir qrup qızlı- oğlanlı müasir gənc dodağında siqaret, əlində müxtəlif cür bahalı viskilər elə tərzdə söhbətləşə-söhbətləşə aşağıdakı "Macdonalds"a tərəf gedirlər ki, özün-özündə hər şeyə nifrət edirsən. Üst-başlarından, yeyib-içməklərindən "karlı" adamın övladları olduqları heç bir şübhə doğurmayan bu uşaqlar, sadə geyinən, ən əsası isə, azərbaycanca danışan ətrafdakı insanlara açıq şəkildə lağ etməklə məşğuldurlar. Özləri də orta məktəblərin son siniflərində və universitetlərdə təhsil alırlar. Bu, Bakının ən "prestijni" yerində və "elit kruqun" məskən saldığı yerdə baş verir. İnternet klubları isə, demək olar ki, gənclərin mənəiviyyatını məhv edən vasitəyə çevrilib. Bu, bir faktdır. Bakıdakı və bölgələrdəki gənclər avropalıların bu texnologiyadan öz elmini və potensialını artırmaq üçün istifadə etdiyi bir vaxtda, bu müsəlman uşaqları əxlaqla uyğunlaşmayan görüntülər və biabırçı "məqsədlər" üçün internet sistemindən "yararlanırlar". Müasir inkişafdan bizim müsəlman uşaqları inkişaf üçün yox, öz psixologiyamıza uyğun əylənmək üçün istifadə edirlər. Telekanallarımız yüngül və şırtı "müğənniləri" teleulduz eləyəndə, "qonaqlıq" kimi əttökən verilişləri cəmiyyətin gözünə soxanda, bu uşaqlar da belə olacaqlar da. Meyvə ağacına bənzər. Elə sırğalı "cavanlar" kimi..

Digər xəbərlər