PDF Oxu

Köşə

  • 29

Əli Kərimov - Etibar Məmmədov qarşıdurması

Əli Kərimov - Etibar Məmmədov qarşıdurması

Əli Kərimov:

Etibar qapalı qəfəsindədi,
Ehtiras alovlu nəfəsindədi,
Son vaxtlar liderlik həvəsindədi,
Həyata keçməyən bir xülyadı bu,
Həm də ki, çin çıxmaz bir röyadı bu,
Cəfəngdi, ən dayaz laübadı bu.

Etibar Məmmədov:

Əlini "Yurd"unda sayan tapılmır,
Onu soxmaq üçün tiyan tapılmır,
Quruma vurduğu ziyan tapılmır,
Adi, ibtidai, çox sayadı bu.

Əli Kərimov:

İstərdi ilkinlik felində olsun,
Birincilik, lider dilində olsun,
İcra strukturu əlində olsun,
Sirli, müəmmalı bir dünyadı bu.

Etibar Məmmədov:

Həmişə əl atdı fitnəyə-felə,
İndi qulağadək batıbdı lilə,
Cəbhəni dağıtdı o, bilə-bilə,
Məkrdi, fitnədi, min riyadı bu.

Əli Kərimov:

Etibar adlı bir mayak da yoxdu,
O nə piyan, hətta oyaq da yoxdu,
Ayağı altında dayaq da yoxdu,
Sınıq-salxaq olmuş bir dünyadı bu.

Etibar Məmmədov:

Yalnız özü deyir çoxdu nüfuzu,
Dərələr aşağı axdı nüfuzu,
Əli Kərimovun yoxdu nüfuzu,
Ovulub tökülmüş bir qayadı bu.

Əli Kərimov:

Yoxdu siyasətdə bir dərinliyi,
Onu məhv edəcək süst sərinliyi,
İtib şirinliyi, kəmşirinliyi,
Mayası qaçıbdı, tuş mayadı bu.

Etibar Məmmədov:

Tarlası pamidor, bir xiyar yoxdu,
Əlində ən cüzi ixtiyar yoxdu,
İndi Əliyə heç etibar yoxdu,
Guyası tükənmiş bir guyadı bu.

Əli Kərimov:

Açılmaz heç zaman donun, Etibar,
Artıq çatıb sənin sonun, Etibar,
Quruca adıdı onun Etibar,
Hülquma ilişmiş bir payadı bu.

Etibar Məmmədov:

Nəzəri-diqqəti qara maqdadı,
Enişə düşübdü, gözü dağdadı,
Ağzına gələni danışmaqdadı,
Əsil diləgəlməz bihəyadı bu.

Əli Kərimov:

Adı ifratlıqda yoxalıb onun,
Kütləsiz ürəyi yuxalıb onun,
Fatma, Tükəzbanı çoxalıb onun,
Mərəzi bir Ceyn, bir Rayadı bu.

Etibar Məmmədov:

Yazığı gələrdi ona yadın da,
Keçmişdən bir şey qalmayıb yadında,
Ölkə, həm də dünya mətbuatında,
Deyirlər ki, üzü çalayadı bu.

Əli Kərimov:

Həmkarlar veriblər payını saysız,
Meydanda yöndəmsiz oyunu saysız,
Deyirlər inəyi-qoyunu saysız,
Yeməli bir yonca, ya tayadı bu.

Etibar Məmmədov:

Əksər cəbhəçilər loxdan gedibdi,
Siyasi kamandan, oxdan gedibdi.
Bilirəm, hay-hayı çoxdan gedibdi,
Hay-haydan dönübdü, vay-vayadı bu.

Əli Kərimov:

Ondan üz döndərib etibar yeli,
Qrantverənə də çatmır heç əli,
Onun etibarı tükənib, bəli,
İndi səmti, yönü bəlayadı bu.

Etibar Məmmədov:

Olub siyasətdə aradüzəldən,
Adı Əli haqqı, düşübdü əldən,
Əli özü belə sayıb əzəldən,
İdeal, əlçatmaz bir qayədi bu.

Əli Kərimov:

İstərdi meydanda saçsın o, ətir,
AMİP-də başına tutan yox çətir,
Nə lider bilirlər onu, nə sədr,
Kölgədi, yoxluqdu, bir sayədi bu.

Etibar Məmmədov:

Adının önündə yazılıb nadan,
Cəbhədə bir nəfər ona demir can,
"Yurd"da çıxarıblar propiskadan,
İndi partiyada kirayədi bu.

Əli Kərimov:

O, şəxsən kütləyə min şıllaq atıb,
Elə kütlənin də zəhmini dadıb,
Etibar bir dəfə türmədə yatıb,
İndi üzü başqa qalayadı bu.

Etibar Məmmədov:

Dostun sevincinə gülməyən Əli,
Həm də göz yaşını silməyən Əli,
"Yurd"daşlar qədrini bilməyən Əli,
Dayə içində də pis dayədi bu.

Əli Kərimov:

Düşüb baş aşağı o, çox diklərdən,
Qeyri-kafi alıb cik-çiriklərdən,
Bezib nəm səhradan, meşəliklərdən,
Ola bilsin meyli talayadı bu.

Etibar Məmmədov:

Artıq ona heç də gəl-gəl edilmir,
Təməlsiz quruma təməl edilmir,
Nizamnaməsinə əməl edilmir,
"Yurd" proqramında bəd ayədi bu.

Digər xəbərlər