Rauf Arifoğlu:
Nüfuzu vurmaqda bu günlər nolu,
Liberala doğru Müsavat yolu,
İsa Qəmbər həyasızlıq simvolu,
O özünü yaramaza tay edir,
Qəmlərini-kədərini çay edir,
Müsavatda hamını rüsvay edir.
Arif Hacıyev:
Bossa xidmət üçün xal yığır başqan,
İndii kamalda da çox ağır başqan,
Ağzını açmamış bu fağır başqan,
Rauf kimiləri hay-haray edir.
Rauf Arifoğlu:
Bu gün basıb qanqal, çayır İsanı,
Sən də az nüfuzlu qayır İsanı,
Hamı fırıldaqçı sayır İsanı,
Müsavatı artıq İsa zay edir.
Arif Hacıyev:
Olsa da burada möhkəm dayaqlar,
İsanın üstünə açır ayaqlar,
Dişini qıcadır Raufsayaqlar,
Hamısı qışqırıb tez davay edir.
Rauf Arifoğlu:
Əli seçkiləri boykot edirsə,
İsa da farağat durub gedirsə,
Liderlər də şəxsi maraq güdürsə,
Niyə bunu daim solaxay edir?
Arif Hacıyev:
İndi Müsavatı bürüyüb kədər,
Qrant almayacaq lazımi qədər,
İsa cırsa belə özünü hədər,
Bosslar cüzi qrant tulapay edir.
Rauf Arifoğlu:
Sən də zəvzəkləmə mənə testlərlə,
Oturub-durursa başqan pislərlə,
İsa yaşayırsa cılız hisslərlə,
Görüb hər bir işi, ahu-vay edir.
Arif Hacıyev:
Dönükləri sayır bu boss əmilər,
Qrantverən döşlər pünhan əmilər,
Mənfilik axtarır sənin kimilər,
İsa Müsavatı cənnət, ray edir.
Rauf Arifoğlu:
İsanın bir damla taqəti yoxdu,
Azacıq da olsa sürəti yoxdu,
Artıq iş görməyə qüdrəti yoxdu,
Nə edir, yerinə boss dayday edir.
Arif Hacıyev:
Deyəsən, azıbdı özü Raufun,
Bitib-tükənibdi sözü Raufun,
O qədər qızışıb gözü Raufun,
İsanı abırsız kəsə tay edir.
Rauf Arifoğlu:
Başqan bişmiş yemir, bəyənib çiyi,
Danıb dövlətini, dövlətçiliyi,
Atıb millətini, millətçiliyi,
İndi liberalla o, halay edir.
Arif Hacıyev:
Sənin şikayətin təzə görünmür,
Başqanın işləri sizə görünmür,
Gördüyü işlər də gözə görünmür,
İsa nə edirsə, lap qolay edir.
Rauf Arifoğlu:
Təriflə İsanı, məzə çək cılız,
Əli, Lalə, Sərdar, İsa tək cılız,
Başdan-ayağadək küy-kələk, cılız,
Liberal çörəyi dosta pay edir.
Arif Hacıyev:
Başqan ad çıxarıb dostun puluyla,
Yemlənir hayes forpostun puluyla,
İsa da qrantla, bossun puluyla,
Adi daxmanı da qəsr, saray edir.
Rauf Arifoğlu:
Başqan öz postunda 20 il yatıb,
Sel-daşqın da gəlib hulquma çatıb,
Çoxdan Müsavatı arxivə atıb,
Bosslara qoşulan İsa bay edir.
Arif Hacıyev:
Çapıb liberala doğru atını,
Qurub həyatını, öz büsatını,
İsa Müsavatda qrant qatını,
Anbara doldurub, həm lay-lay edir.
Rauf Arifoğlu:
Liberal yolunu hamarlayaraq,
Bossun qrantını qamarlayaraq,
Sizlərin başını tumarlayaraq,
Yatırıb üsullu o, laylay edir.
Arif Hacıyev:
Çoxları üsullu marıqda yatıb,
Qulağına kimi çirkaba batıb,
İsanın dalınca şər-böhtan atıb,
Rauf kimilər də çox baltay edir.
Rauf Arifoğlu:
Artıq Müsavatı qoyub dalanda,
İsa çox tutulub ifrat yalanda,
Günəş irilikdə qrant alanda,
Miqdarı azaldıb xırda Ay edir.
Arif Hacıyev:
Raufun dediyi böhtan, kələkdi,
Fələk xırdaları udan ələkdi,
Mən təsdiq edirəm İsa mələkdi,
Müsavatda dərdə o, əvzay edir.
Rauf Arifoğlu:
Öz ön dişlərində tutubdu kilkə,
Əlindən bezardı kənd, rayon, ölkə,
İsa fələk sanır özünü bəlkə,
Payız yetişməmiş cücə say edir.
Arif Hacıyev:
Uçmamız qoymadı bircə dam İsa,
Qrantverənləri edib ram İsa,
Rauf, sən haqlısan, bu bədnam İsa
Qısa fevralı da uzun may edir.