Lalə Hacıyeva:
İstərdim ki, görəm mahalı belə,
Bir görəm naziri, hambalı belə,
Əlini, İsanı, İqbalı belə,
Birlik haradasa, dirlik orada,
Xəbis haradasa, şərlik orada,
Harda iş gedirsə, tərlik orada.
Əli Kərimov:
Min arzu, vüsala çatıb gedəcəm,
Yuxuma da haram qatıb gedəcəm,
Məhz bu il Cəbhəni atıb gedəcəm,
Fərsizlik burdadı, fərlik orada.
Lalə Hacıyeva:
İfratlar bloka axışıb getsin,
Pələng dərisinə sığışıb getsin,
Bütün çər dəymişlər yığışıb getsin,
Şər-şeytan yuvası, çərlik orada.
Əli Kərimov:
Sevmədilər, Əli çaşmadı deyə,
20 il postundan qaçmadı deyə,
Birlikdən bir fayda aşmadı deyə,
Mənə sığınacaq, yerlik orada.
Lalə Hacıyeva:
Bütün radikala blok lazımdı,
Lazımdı, özü də lap çox lazımdı,
Pis həmkar gözünə tunc ox lazımdı,
Liderlik burdadı, merlik orada.
Əli Kərimov:
Bloklar, birliklər iş görə bilməz,
Lider qanqallıqdan gül dərə bilməz,
Bossların cibinə heç girə bilməz,
Bosslar haradasa, serlik orada.
Lalə Hacıyeva:
Birləşən adamdı, əks olan cüdam,
Üzə gülməyənin üzünə qadam,
Biz nəzir alanıq bosslardan müdam,
Nəzir verən harda, pirlik orada.
Əli Kərimov:
Avropada çoxdu dərdimdən ölən,
Ancaq çox az olub qədrimi bilən,
Dalımca danışıb, üzümə gülən,
Söyməzdi, bilərdi xərlik orada.
Lalə Hacıyeva:
Birləşən liderin dili olacaq,
Birləşməyən ifrat dəli olacaq,
Bu il Sarı Pələng ili olacaq,
Pələng burda isə, şirlik orada.
Əli Kərimov:
Xəbislər yanıma vara bilməzdi,
Məni də salmağa tora bilməzdi,
Bədxah həmkar məni vura bilməzdi,
Əgər olmasaydı tirlik orada.
Lalə Hacıyeva:
Birləşmək bu ildə vacib bir amil,
Bunu radikala edirəm şamil,
Ailədən doğur hər varlıq kamil.
Arvadlıq burada, ərlik orada.
Əli Kərimov:
Birlik yaratmağa yəni ümid var?
Yoxsa yaradırlar onu çar-naçar?
İnanma radikal blok yaradar,
"Titanik" üçünsə pərlik orada.
Lalə Hacıyeva:
Bossların qrantı sağılmaqdadı,
Liderlər boğaza yığılmaqdadı,
Radikal qurumlar dağılmaqdadı,
Bizdə məxfilikdi, sirlik orada.
Əli Kərimov:
Çoxu elə bilir kəniz gedirəm,
Mənsə xətiri xoş, əziz gedirəm,
Mən əli-ayağı təmiz gedirəm,
Üfunət, çirklilik, kirlik orada.
Lalə Hacıyeva:
Radikallar cənnət qurmaq istəmir,
Ömrü bossla başa vurmaq istəmir,
İfratlar yerindən durmaq istəmir,
Bizdə dağınıqlıq, birlik orada.
Əli Kərimov:
Bosslar da olmadı o qədər qaim,
Qrant uman kəslər zəif, mülayim,
Radikal göz yaşı axıdır daim,
Qrant şirniyyatı, xirnik orada.
Lalə Hacıyeva:
Hamı bossdan müftə bir dürmək istər,
Bəlanı, arxaya ötürmək istər,
Hamıda bol məhsul götürmək istər,
Ancaq həm şitillər, parnik orada.
Əli Kərimov:
Hər ifrat gözündən axır qanlı su,
Heç kəs də demir ki, yaxşı deyil bu,
Siyasi zirvəyə qalxmaq arzusu,
Turniket orada, turnik orada.
Lalə Hacıyeva:
Yumşalma getməkdə tarlamda şum tək,
Sıralar seyrəlir çox nadir tum tək,
Get-gedə ifratlar yumşalır mum tək,
Əfsus, polad kimi sərtlik orada.
Əli Kərimov:
Bloklar içində azdı fərdiyyət,
Öz əliylə qəbir qazdı fərdiyyət,
İfrat radikalda azdı fərdiyyət,
Burda dağınıqlıq, fərdlik orada.
Lalə Hacıyeva:
Yüksəlməz heç zaman iflas əhvalı,
Radikal nə qədər çevirsə valı,
Bizdə bambaşqadı ifratın halı,
Bizə ayaq açır pərtlik orada.
Əli Kərimov:
Tutub həmkarlara toy, çıxım gedim,
Bərkdən qışqıraraq "oy", çıxım gedim,
Kəsməyin yolumu, qoy çıxım gedim,
Namərdlik burada, mərdlik orada.