“Yersiz gəldi, yerli qaç...”
Azərbaycan futboluna xaricilərin gətirilməsi ilə uğur qazanmağı düşünməyin yanlış olduğunu "Qarabağ" klubu Avroliqadakı uğurlu çıxışı ilə sübut etmişdi. Başdan-ayağa azərbaycanlı futbolçularla mübarizəyə qatılan Ağdam təmsilçisi əsil uğurun doğmalarımızla da mümkünlüyünü sanki hayqıraraq, bəyan etmişdi. Bundan yenə də dərs almayan Azərbaycan klubları isə elə hey öz işləri ilə məşğul olmaqdadırlar. Onlar yalnız "Qarabağ"ı təbrik etməklə kifayətlənərək, bu uğurlara necə nail olduqları barədə düşünmədilər də. Ancaq Azərbaycanda son illər ən uğurlu baş məşqçi karyerası olan Qurbanov yenə də öyrənməyə üstünlük verdi. O, "Qalatasaray" kimi Avropa və dünyada sözünü demiş klubun baş məşqçisi, dünyanın ən qabaqcıl mütəxəssisilərindən olan Frank Raykardın məşqlərini izlədi və ondan nə isə öyrənməyə çalışdı. Qurbanov Məhəmməd Peyğəmbərin "Beşikdən qəbir evinə qədər öyrənmək lazımdır" kəlamına əməl edərək, bununla Azərbaycanımıza-Azərbaycan futboluna daha yararlı cəhd göstərdi.
İndi onunla eyni postda olan, bu vəzifəyə xaricdən dəvət olunmuş baş məşqçilərin Azərbaycan futboluna nə verdiyinə nəzər salaq. Nə görəcəyik?! Məğlubiyyət, biabrçılıq, rüsvayçılıq... Axı pula görə fəaliyyət göstərən hansı mütəxəssis digər xalqın futbolunun inkişafı uğrunda var gücü ilə səy göstərər. Bunu elə Azərbaycan klublarından "Neftçi"yə gətirilən Gede, milli komandaya təyin olunan Torres və digərləri də sübut ediblər. Onlar dünyada tanınmış, öz sözlərini demiş mütəxəssislər olsalar da, Azərbaycan üçün heç nə etmədilər. Hələ ki, müqaviləsinin müddəti artırılmış Berti Foqtsdan da bir düz-əməlli uğur görməmişik. Berti Foqts ey... dünyanın diqqət mərkəzində, güclü baş məşqçilərin sırasında olan Berti Foqts. Onun Azərbaycanda qazandığı kiçik uğurlar da yenə Qurban Qurbanovun adı ilə bağlıdır. Qurbanovun uğurlu fəaliyyəti nəticəsində inkişaf edən "Qarabağ"dan istifadə etmiş Foqts bundan maksimum yararlanmağı bacardı.
Yaxşı, bəs, "Bakı" klubuna təyin olunmuş Türkiyənin tanınmış simalarından olan Bülənt Qorxmaz bu müddətdə nə etdi? O qədər pul xərclənib transfer olunan legioner futbolçular nə etdilər? Neçə illərdir ki, "Birlik Kuboku" kimi o qədər də güclü olmayan bir yarışda ən azı finala vəsiqə qazanan Azərbaycan klubları ən zəif nəticəsini göstərdilər. Həm də ki, Azərbaycan futbolçularını bəyənməyən baş məşqçi heyətin çoxusunu legionerlərdən təşkil etmişdi. Bundan sonra azərbaycanlı azarkeşləri Bülənt Qorxmaza hücum etməkdə qınayırlar. Ay qardaş, buna azarkeş ürəyi dözər?!
Bəzi klublarda hətta legioner futbolçulara yerli oyunçular köməklik edirlər. Bunu Azərbaycan futbolçuları da təsdiq edirlər. Həm də xaricilər 2 qat artıq qonorar alırlar. Axı Azərbaycan futbolçuları ilə eyni səviyyədə olan futbolçuların transfer edilməsi hansı məntiqə uyğundur?
İndi heç olmasa klublarımızın "Qarabağ"ın sahib çıxıb yetişdirdiyi Vaqif Cavadova baxıb dərs götürməkləri lazımdır. İnanaq ki, bir çox klublarımızın da yetirmələri bu səviyyədə çıxış edərək, Azərbaycan futbolunu layiqincə təmsil edəcəklər. Legionerlər isə Azərbaycan futbolunu yox, öz ölkələrinin futbolunu təmsil edirlər. Hansı ki, Azərbaycanda belələrinin təmsillik səviyyəsi qənaətbəxş deyil.
Azərbaycan futboluna ancaq azərbaycanlı mütəxəssisi və futbolçusu can yandıracaq!