Arif Hacıyev:
İndi radikal var vurar uçurar,
Eləsi də var ki, kənarda durar,
Müsavat işini bir "Yurd"la qurar,
Əlləşməz yalançı xülyalar ilə,
Heç vaxt qane olmaz röyalar ilə,
Əlaqə yaradar dünyalar ilə.
Həsən Kərimov:
Sözümü deyərəm bir qədər kəsə,
Bizə çox lazımdı qrantlı kisə,
Cəbhədə mən sədrəm Ali Məclisə,
İşim yox xım-xırda qayalar ilə.
Arif Hacıyev:
Xaricdən yüz əmr gözləyərik biz,
Mitinq, yürüşləri tezləyərik biz,
Bosslardan çox qrant gözləyərik biz,
Kifayətlənmərik az mayalar ilə.
Həsən Kərimov:
"Azadlıq" lap gedib bazarda dursa,
İsa yaxın gələr hasarda dursa,
Müsavat blokdan kənarda dursa,
Onu qarşılarıq payalar ilə.
Arif Hacıyev:
Geri çəkilmərik yer eşə bilsək,
Sevinib gülərik dirəşə bilsək,
Əli Kərimovla birləşə bilsək,
Bosslar pul göndərər tayalar ilə.
Həsən Kərimov:
Siyasi şoular səyə gərəkdi,
Mitinqlər, yürüşlər bəyə gərəkdi,
Fatma, Tükəzbanlar nəyə gərəkdi?
İş görrük Veralar, Rayalar ilə,
Arif Hacıyev:
Əli, Lalə yoluq qazlıq eyləyər,
Rəqiblər ABŞ-da bazlıq eyləyər,
Bizə rus, ingilis azlıq eyləyər,
İş görrük pərilər, feyalar ilə.
Həsən Kərimov:
Xaricə meyl edər Müsavat qansız,
Radikalın çoxu olub imansız,
Sizə şirin gəlir alman, fransız,
Bizsə çay içərik Mayalar ilə.
Arif Hacıyev:
Çatmaz ləyənə də qusanın əli,
Çatlar başınızda tasanın əli,
Pulla oynayanda İsanın əli,
"Yurd" Əli əlləşər xayalar ilə.
Həsən Kərimov:
Həyasız seyid var cəddini aşıb,
Boysuz qamətsizlər qəddini aşıb,
Sizdə həyasızlıq həddini aşıb,
Təsir etmək olmaz həyalar ilə.
Arif Hacıyev:
Həsən, eyləsəm də yüz eyham, tənə,
Təsir etməyəcək bilirəm sənə,
"Yurd" ilan, qurbağa çıxarsa önə,
Müsavat çıxacaq çayanlar ilə.
Həsən Kərimov:
Xaric bizə qalstuk, hətta bant verər,
Sizlərə yalan vəd, yalan and verər,
Bosslar bizə həddən çox qrant verər,
Sizəsə ölçüylə, miyanlar ilə.
Arif Hacıyev:
Sizlərdə çox azdı sayıq adamlar,
Biz öz İsamıza layiq adamlar,
Çoxdu Müsavatda ayıq adamlar,
Cəbhə əlləşməkdə piyanlar ilə.
Həsən Kərimov:
Sənə əzab verir qəlbinin qurdu,
İsa da tikmədi, vurdu uçurdu,
Əli xeyir səmtə yönəldib "Yurd"u,
Müsavat tuş gəlib ziyanlar ilə.
Arif Hacıyev:
"Yurd"un çox funksioner gedəni oldu,
Bosslar Müsavatın çətəni oldu,
Əli bəy özünün düşməni oldu,
İsa məclis qurdu həyanlar ilə.
Həsən Kərimov:
Əlinin önündə uca kürsü, miz,
İsanın altında ucu iti biz,
Ceyn, Hillaridi həmsöhbətimiz,
Qalmısız Rəqsanə, Ayanlar ilə.
Arif Hacıyev:
Əli bəyin ağzı dərədə-dağda,
Xoş sözlər dolaşır Müsavat haqda,
İsa dirilərə arxalanmaqda,
Üz-üzəsiz ölü yuyanlar ilə.
Həsən Kərimov:
Boss özü veribdi beş qiymət, düzü,
Lazım deyil bizə heç minnət, düzü,
Dünya bizim üçün bir cənnət, düzü,
Əlləşin isti qır tiyanlar ilə.
Arif Hacıyev:
Heç kəs söhbət etmir yalançılarla,
Kim palan toxuyar palançılarla,
Oturub-durursuz talançılarla,
İsa yeyib-içir əyanlar ilə.
Həsən Kərimov:
Arif, pis məsləkdən dön, sən at yolu,
Çoxdan verməkdədi artıq çat yolu,
Nursuzdu əbədi Müsavat yolu,
Cəbhə nurlanıbdı ziyalar ilə.
Arif Hacıyev:
"Yurd" Əli yoxuşda, dağ yolundadı,
Müsavat məhsuldar bağ yolundadı,
İsa bəy bu gün də haqq yolundadı,
Əli üzləşibdi riyalar ilə.
Həsən Kərimov:
Yetişib Əlinin başı dik çağı,
Olmaz Müsavatda türfəlik çağı,
İsa yaşamaqda körpəlik çağı,
Qoy gedib oynasın dayələr ilə.