Mirmahmud Fəttayev:
Gələcəyə "DUİ" ilə gedərəm,
İsa deyir quyu ilə gedərəm,
Gözlərimin suyu ilə gedərəm,
Ağlamaqdan gözün kökü saralar,
Qocaların sir-sifəti qaralar,
Bosslar bezər, səbrləri daralar.
Lalə Hacıyeva:
"Azadlıq"dı kütlələrə can verər,
Qanı qaçmış radikala qan verən,
"Yurd" Əli də, "VİP" Əliylə ban verər,
Əhvalları ürəkləri yaralar.
Mirmuhmud Fəttayev:
"DUİ" başqa blokları tanımaz,
Qısa-uzun qulaqları tanımaz,
İfrat adlı durakları tanımaz,
Üzə çıxar ürəklərdə yaralar.
Lalə Hacıyeva:
Uduzacaq, kim gətirsə ona şəkk,
Yağdıraraq lənət ona bir ətək,
Birliyimiz mübarəkdi, mübarək,
Bosslar atar başımıza paralar.
Mirmuhmud Fəttayev:
İfratların hərəkəti xoş deyil,
"DUİ"-mizin kontingenti boş deyil,
O radikal başlar isə baş deyil,
Əllər atsın üzərinə qaralar.
Lalə Hacıyeva:
"Azadlıq"da əsəbimiz tunc deyil,
Yetkililər işləyirlər dinc deyil,
Şükürlər ki, yerimiz də künc deyil,
Biz ağlarıq, uduzacaq qaralar.
Mirmuhmud Fəttayev:
İsaların yeri dərin kahıdı,
Bizi yıxan "Yurd" Əlinin ahıdı,
Bu gün "DUİ" blokların şahıdı,
Bir çoxları gəzir üzdə xoralar.
Lalə Hacıyeva:
"DUİ", İsa kasadlığın uğuru,
Üstlərində bədzadlığın uğuru,
Gələn ildə "Azadlığ"ın uğuru,
Seçkilərdə bulanıqlar durular.
Mirmuhmud Fəttayev:
Radikallıq damarımda, qandadı,
Radikal var çox fərsizdi, cındadı,
İsa dedi, mən də atdım mandatı,
Qorxum budu "DUİ"-mi də yaralar.
Lalə Hacıyeva:
Sinələrə qəm-qüssələr dolacaq,
Əli, İsa saçlarını yolacaq,
Müalicə "Azadlıq"da olacaq,
Aşılacaq önümüzdə barılar.
Mirmuhmud Fəttayev:
Gələcək seçkidə bizə vurun zəng,
O zaman qurumda olarıq nəhəng,
"Azadlıq" siçovul, "DUİ" bir pələng,
Bizi istəməyən dərddən cırılar.
Lalə Hacıyeva:
Burda eşidilmir heç "VİP"-in səsi,
Əli Kərimovun yoxdu həvəsi,
"MBH" blokun olub zirvəsi,
Kütlələr sel kimi ona sarılar.
Mirmuhmud Fəttayev:
Düzlük vacib şərtdi, əyri kurs olmaz,
Kimlər çox içsə də, mənə punş olmaz,
"DUİ"-nin ayranı qəti turş olmaz,
Onun resepini verib qarılar.
Lalə Hacıyeva:
Nə qədər ki, Xəzri əsəcək sərin,
Blokun ayranı olar şipşirin,
Kim bizimlə olsa, ona afərin,
Bizimlə olmayan sınar, qırılar.
Mirmuhmud Fəttayev:
Nəhəng bir məkanın bostan tağıyıq,
Radikal rəqibə kinli yağıyıq,
"DUİ"-yik, sabahın ittifaqıyıq,
İstəsək, yaxşı bir dövran qurular.
Lalə Hacıyeva:
Kütlələr həmişə "Azadlıq" deyib,
Bizim tək qəmişə "Azadlıq" deyib,
Səhvən hər Məmişə "Azadlıq" deyib,
Əsil eloktarat bizə vurular.
Mirmuhmud Fəttayev:
Meşədə vəhşi az, ayıdan başqa,
Bizə inanan çox, dayıdan başqa,
Bir yaxşı qurum yox, "DUİ"-dən başqa,
Bizi sevməyəni sancsın arılar.
Lalə Hacıyeva:
Sizdə nə ədalət, nə sədaqət yox,
Əsla, işinizdə xoş əlamət yox,
Qədəminizdə də bir kəramət yox,
"DUİ"-yə baxan kəs dərddən darılar.
Mirmuhmud Fəttayev:
Sonsuzluq qədərdi aramızda fərq,
Bizlər qulağadək qrantlara qərq,
Sizə qrant verməz nə ABŞ, nə Qərb,
Ancaq dəstəkləyər sizi sarılar.
Lalə Hacıyeva:
Bizi qalib edər ən ağır sınaq,
El-oba eyləyər sizlərə qınaq,
Bosslar bizə hörmət edərlər ancaq,
Sizi döyəcləyər leysan, dolular.
Mirmuhmud Fəttayev:
Sizlər dil tapmazsız sürüdə itlə,
Oturub-durursuz çünki banditlə,
Sizi dəstəkləməz bir ovuc kütlə,
Bir vaxt saçınız da qəfil yolunar.
Lalə Hacıyeva:
Atıb üstümüzə nuru radikal,
Bizik aranızda durdu radikal,
Sizlər beş-üç nəfər quru radikal,
Sizin özünüzdən qisas alınar.