Mirzə Qərənfil:
İsa qoymamışdı başı balınca,
Barselonadan kamın alınca,
Üz tutubdu liberallar dalınca,
İspaniyaya gedib, gələ də bilmir,
Dərdini heç kəslə bölə də bilmir,
Xəcalətdən pörtüb ölə də bilmir.
İsa Qəmbərov:
Radikallar topa liberalıdı,
"Cırtdan" kəslər lupa liberalıdı,
Müsavat Avropa liberalıdı,
Qərəzli mətbuat hələ də bilmir.
Rauf Arifoğlu:
Bu başqan bizləri avam, mal etdi,
Hər bir hərəkəti çox çiy, kal etdi,
Həm də Müsavatı liberal etdi,
O, heç xəcalətdən gülə də bilmir.
İsa Qəmbərov:
Dedim, həmkarlarım pul qazansınlar,
Pisdən-yaxşısından çul qazansılar,
Demədim, Rauf tək nol qazansınlar,
O öz göz yaşını silə də bilmir.
Rauf Arifoğlu:
İsanın ümidi parada qaldı,
İstəyi liberal yarıda qaldı,
A başqan, millilik harada qaldı?
Adam, nə baş verib, bilə də bilmir.
İsa Qəmbərov:
Ya haqsız, ya haqlı pul gətirərəm,
İsayam, mən naqlı pul gətirərəm,
Avropadan çoxlu pul gətirərəm,
Qədrimi Rauf tək kölə də bilmir.
Rauf Arifoğlu:
Pul üçün nə həya, nə abır etdi,
Dünya yollarını o, yağır etdi,
İsa Müsavatı biabır etdi,
Özünü almağı ələ də bilmir.
İsa Qəmbərov:
Pulu yox köhnə bir sapand almağa,
Ya da bir ortabab talant almağa,
Arı bal, Raufsa qrant almağa,
Qonmağa çiçəyə-gülə də bilmir.
Rauf Arifoğlu:
Əsla, işləməmiş başkan, İsa bəy,
Çox divara dəyər çaşqan, İsa bəy,
Nə günə düşübsə başqan İsa bəy,
Özünü verməyə yelə də bilmir.
İsa Qəmbərov:
Rauf çox çirmədi iki qolunu,
Atdı meydanlarda neçə çulunu,
Qrant qazanmağın əsil yolunu,
Nə elə, nə də ki, belə də bilmir.
Rauf Arifoğlu:
Siyasəti çox yox, az qanır, İsa,
Yaxşını pis görür, həm danır İsa,
Guya ki, gücünə inanır, İsa,
Artıq yük götürür, şələ də bilmir.
İsa Qəmbərov:
Savadın az olub, düşüncən də dar,
Sənə nə vermişəm geriyə qaytar,
Rauf pis aqranom, ya da pis baytar,
Malda yardım edə dölə də bilmir.
Rauf Arifoğlu:
Ondan aralandım, elə şadam ki,
Tuşlanmış o yana hətta radam ki,
İsa bəy o qədər bədnam adam ki,
Neçə yaxşılıq et, gilə də bilmir.
İsa Qəmbərov:
Çoxalsın qüssəsi, qəm-kədəri də,
Raufu olmasın üzü bəri də,
Yroxdu donosunun bərabəri də,
Edib çox yamanlıq, elə də, bilmir.
Rauf Arifoğlu:
İsa zənn eləyir artıb durub ki,
Əslində, o həddə qartıb durub ki,
Özünü o qədər dartıb durub ki,
Dönməyə bir daşqın selə də bilmir.
İsa Qəmbərov:
Rauf bəy həmişə durardı tində,
Bir günah da bilmir, əsla, özündə,
Təhqirə yol verib öz qəzetində,
Dəyibdi çox incə telə də bilmir.
Rauf Arifoğlu:
Liberal olandan, o, qəti azıb,
Dost və yoldaşlardan diqqəti azıb,
Bəs Barselonada nə iti azıb?
Qurublar onunçün tələ də bilmir.
İsa Qəmbərov:
Rauf ki, bizlərdən gec halı oldu,
İlk öncə, pozulan əhvalı oldu,
Ağırlığa dözən öz dalı oldu,
Bəmdədi, çatmadı zilə də, bilmir.
Rauf Arifoğlu:
İsa tükənibdi, bitməsə belə,
Sevinir, heç kəsi ötməsə belə,
Tülkülükdən uzaq getməsə belə,
Çevrilmək istərdi, filə də, bilmir.
İsa Qəmbərov:
Raufdu, çöhrəsi sozalıb onun,
Üstünü-başını toz alıb onun,
İşığı o qədər azalıb onun,
Salmağa ətrafa şölə də bilmir.
Rauf Arifoğlu:
Çəkinir özü də öz tənəsindən,
Qızarıb-bozarmır söz tənəsindən,
Qorxub dost-tanışın düz tənəsindən,
İsa bəy çıxmağa çölə də bilmir.