PDF Oxu

Köşə

  • 9

Əli Kərimov və İsa Qəmbərov yeni qurum yaradır

Əli Kərimov və İsa Qəmbərov yeni qurum yaradır

Mirzə Qərənfil:
Yenə söhbət gəzir: Əliylə İsa,
Öz aralarında danışıb qısa,
Deyirlər maneə olan olmasa,
Birgə yaradarıq yeni bir qurum,
Radikal aləmə yaşadarıq bum,
Səsimizi qısıb, salmarıq heç şum.

Əli Kərimov:
Dedim ki, ay İsa, qurumdan çıxar,
"Ümid" qoy başından buraxsın buxar,
Buxarın təzyiqi İqbalı yıxar,
Sonra olar yeri dərin uçurum.

İsa Qəmbərov:
Əvvəl mən də dedim, birləşək, Əli,
Qorxu var, ikimiz birgə gedəli,
Çoxları istər ki, qursunlar pəli,
Yaranan qurumdan qalmasın bir tum.

Əli Kərimov:
Yeni yaranacaq qurum olar şux,
Heç düşməz üstündən bircə qanad, pux,
Axı bağlanıbdı sevimli "QRUH",
Biz gərək yaradaq saf şurum-burum.

İsa Qəmbərov:
O dedi İqbalı qovum "QRUH"-dan,
Qoy onun kimilər getsin güruhdan,
Mən də girişmişəm bu işə çoxdan,
Odur ki, artıbdı qonorar varım.

Əli Kərimov:
Dedim ki, sözünlə İqbal gedərsə,
Dözərəm, "QRUH"-un sonu kədərsə,
Yeni qurum yaxşı məqsəd güdərsə,
Köhnə qıfıla da düşər açarım.

İsa Qəmbərov:
Dedik yeni qurum yaratsaq əgər,
"VİP"-i, "MBH"-ni özünə çəkər,
Dörlükdə daxildən çəkərik çəpər,
Dövrədə torpaqda açarıq şırım.

Əli Kərimov:
Bizdə Pənaha xoş münasibət var,
İstərdik yanında "DVP", "Əhrar",
Pənah AXP-də bir büsat qurar,
Müsavat içində xoş olar durum.

İsa Qəmbərov:
Əli mənə dedi "QRUH"-u burax,
Mirmahmuda həm də tutmayıb çıraq,
"DUİ"-yə özündən çox kənarda bax,
Təzyiqlə çıxmasın başımdan parım.

Əli Kərimov:
Başqan düşünərək sözümə baxsa,
Yalan danışmadan üzümə baxsa,
Nə dedim, eyləyib gözümə baxsa,
Blokda olacaq öz vəfadarım.

İsa Qəmbərov:
Son günlər getmişəm Əli iziylə,
O, məni bizləyib iti biziylə,
Çox işlər görmüşəm onun sözüylə,
Bizlərsiz qalmasın doğma diyarım.

Əli Kərimov:
Rauf qəzetində edib qələti,
O, təsis etməsin həmin qəzeti,
İsa daim olsun sözündə qəti,
Onunla olmaqdı mənim şüarım.

İsa Qəmbərov:
Bu yolda özümə çox cəfa verdim,
Bununla Əliyə mən şəfa verdim,
Təsisçilikdən də istefa verdim,
Dedim qoy çin olsun blok ilqarım.

Əli Kərimov:
"QRUH"-la "DUİ"-dən yan qaçsaq əgər,
Yeni blokumuz tez işə düşər,
Mənim hesabıma başqan da şişər,
Onun əllərində dağılmaz narım.

İsa Qəmbərov:
Parlament seçkisi gələnə kimi,
Bərkiyər bir kamil blokun simi,
O zaman olacaq İsanın dəmi,
O günlər başlayar namizəd turum.

Əli Kərimov:
Blok yaransaydı, olardı bir hədd,
Əlbət, əyilməzdi bir radikal qədd,
Blok yaratmaqdı yeganə məqsəd,
Yəqi çəkəcəkdir yükü qatırım.

İsa Qəmbərov:
Mənim iradlarım Pənaha deyil,
Özü Müsavata eyləyir meyil,
Qoy getsin yanına Vaqif, Mirfazil,
Etsinlər bizlərə böyük yatırım.

Əli Kərimov:
Pənah AXP-yə vüqar gətirsin,
Onlarla "DBP", "Əhrar" gətirsin,
Qoy yeni birliyə bahar gətirsin,
Deməyim, süst düşüb bomboş oturum.

İsa Qəmbərov:
Bosslarsız, qrantsız dönüb lət ollam,
Blok yaranmasa mən də bəd ollam,
Yaransa, mən vahid namizəd ollam,
Pənah, Əli olar katib qoturum.

Əli Kərimov:
Namizəd qoy olsun İsanın özü,
Birinci- sədr kimi qoy doysun gözü,
Ancaq vəzifəyə çatdırsın bizi,
Dalına dəyməsin dizim, baldırım.

İsa Qəmbərov:
Bir çağırışımla odlansın ancaq,
Hamısı arxamda dayansın ancaq,
Qoy onlar bir mənə inansın ancaq,
Mən də hamısını göyə qaldırım.

Digər xəbərlər