PDF Oxu

Köşə

  • 14

Pənah Hüseynovun “Müxalifətin fəaliyyət proqramı” haqqında mülahizələri

Pənah Hüseynovun “Müxalifətin fəaliyyət proqramı” haqqında mülahizələri

Mirzə Qərənfil:

Deyirlər ki, Pənah, müxalifətin
Fəaliyyət proqramı yazıbdı yəqin.
Görən bu ideya olacaqmı çin?
Pənahı sevirmi radikal kəslər?
Onunla getməyə varmı həvəslər?
Kim bu proqramın yolunu gözlər?

İsa Qəmbərov:

Cəbhə bulağından əvvəl su içdim,
Müsavatçı kimi uzun yol keçdim,
Müttəfiq olmağa Əlini seçdim,
Pənaha verməyə dəyərmi dəyər?

Əli Kərimov:

Pənah Müsavatda şimşək tək çaxıb,
Deyirlər İsa da o səmtə baxıb,
Son vaxtlar Lalə də üstümə qalxıb,
Mənasız təkliflər bloklar bəzər.

Lalə Hacıyeva:

Mənə bossayağı bir qağa lazım,
Güclü elektorat sabaha lazım,
Pənah ideyası Pənaha lazım,
Mən də etməkdəyəm əlindən həzər.

Etibar Məmmədov:

Pənahın sonuncu çağır-bağırı
Göstərir, çatıbdı onun axırı.
Xülya çulğamaqda bu gün fağırı,
Tezliklə ifratlar Pənahdan bezər.

Əli Əliyev:

Çoxların başına düşübdü qayam,
Hücuma hədəflər sırasındayam,
Laləylə Əlinin arasındayam,
Onlar dalaşanda axıdıram tər.

Mirmahmud Fəttayev:

Pənah bizdən başqa kimə gərəkdi?
Proqramı nəyi dəyişəcəkdi?
Bloklar içində "DUİ"-miz təkdi,
Arzu edən hər kəs qoy salsın nəzər.

Nurəddin Məmmədli:

Pənah proqramı dirçəldən deyil,
Heç kəs ona doğru şax gələn deyil,
Pənah özü bilər, mən bilən deyil,
Yaşar ideyası, yoxsa tez çezər?

Qabil Hüseynli:

Hələ baş qoymamış Pənah balınca,
Düşmüşük sürüylə İsa dalınca,
Pənaha uyanlar çapar qılınca,
Son anda onları udacaq Xəzər.

Əhməd Oruc:

Pənahı oxuyur və qanırıq biz,
Digər fikirləri nəhs sanırıq biz,
Pənaha bir qədər inanırıq biz,
Kəlləsi xəlbir tək ideya süzər.

Arif Hacıyev:

İsa üz tutarsa Pənaha sarı,
Biz dərhal aşarıq uca hasarı,
Təki bosslar atsın bizlərə darı,
Hər cür bərk qranta mədəmiz dözər.

İsa Qəmbərov:

Pənahı etmişik nəhs özümüzə,
Qalıb qarşıdurma, bəhs özümüzə,
Edər problemlər bəs özümüzə,
Söz-söhbət, oyunlar arada gəzər.

Əli Kərimov:

Hər bir mülahizəm zinət daşıdı,
Müsbət təkliflərim Pənah yaşıdı,
Nə olsun, həmkarlar mənə qarşıdı?
Planımdan fayda götürər bəşər.

Lalə Hacıyeva:

Kim hara istəyir ora cəm olsun,
Bədbəxtin nəsibi kədər-qəm olsun,
Pənahın planı cəhənnəm olsun,
Əvəzin əlindən ciyərim bişər.

Etibar Məmmədov:

Susanda çığırğan daha bərk susur,
Hər cür ideyanı edib tərk susar,
Tezliklə Pənah da mənim tək susar,
Onun proqramı tez gözdən düşər.

Əli Əliyev:

Pənaha az fikir verilir bizdə,
İsa ideyası dirilir bizdə,
Günbəgün əsəblər gərilir bizdə,
Yol keçən bloka ideya döşər.

Mirmahmud Fəttayev:

Yoxdur mübahisə, Pənah bizimdi,
Onu tanıtmadıq, günah bizimdi,
Proqram qəlizdi, hərgah bizimdi,
Daş üstə düşsə də, onu tən deşər.

Nurədin Məmmədli:

Əlinin, Lalənin dalaşmasından
Nə Pənah, nə İsa keçməyəcək yan,
Pənahlar olmasa, sökülməzmi dan?
Köhnə ideyalar göz deşər məgər?

Qabil Hüseynli:

Ən kamil planı düzləməkdəyik,
Naqis təklifləri gizləməkdəyik,
İsadan biz təklif gözləməkdəyik,
O, təklif verməsə, partlayar, şişər.

Əhməd Oruc:

Pənah ideyası təzə lazımdı,
Şüura, ürəyə, gözə lazımdı,
Sizə lazım deyil, bizə lazım,
Eləsə, qoy gəlsin bizlərə qənşər.

Arif Hacıyev:

İstər Pənah olsun, istərsə İsa,
Təki biz xoş təsir göstərək bossa,
Axı boss əlilə dolur boş kassa,
Boş qarın təklifsiz boş başa bənzər.

Digər xəbərlər