Mirzə Qərənfil:
Bələdiyyələrə gedənlər çoxmu?
Seçkidə yenilik edənlər çoxmu?
Şəxsi məqsədini güdənlər çoxmu?
Kinini Mirzəyə tökənlər də var,
İqbalın adını çəkənlər də var,
İsanın abrını bükənlər də var.
Arif Hacıyev:
İqbal cadusuyla bağlayıb baxtlar,
Çox "cırtdan" qurumda çevirib taxtlar,
Gözünə ox olub İsa son vaxtlar,
Başqan sinəsinə çökənlər də var.
Vurğun Əyyubov:
İqbal sanki edir içki təklifi,
Edibdi qəribə seçki təklifi,
Elə bil edibdi köçkü təklifi,
Hardasa çadırı tikənlər də var.
Qabil Hüseynli:
Deyir asan-çətin təşkil edərik,
Mümkün ki, bir qədər müşkül edərik,
Azad, ya boyunda kəşkül edərik,
Arzudan saraylar sökənlər də var.
İsa Qəmbərov:
İqbalın qəlbini gəmirməkdə qurd,
Önünə keçənlə o, vurmaqda mırt,
Onun təklifləri lüzumsuz, absurd,
Ona ümidini dikənlər də var.
Mirmahmud Fəttayev:
İqbal bəy getdiyi düz yoldan dönüb,
Eşitdim "Ümid"in işığı sönüb,
Mümkündür, bu şəxsin beyini çönüb,
Bağında qanqallar əkənlər də var.
Əhməd Oruc:
Ağa dediyini etməli İqbal,
Mirmahmud yoluyla getməli İqbal,
İsa yolu üstə bitməli İqbal,
Sanma, bundan gözəl məskənlər də var.
Rauf Arifoğlu:
İsa nəfəsindən çıxmaqda fişəng,
Bütün müxalifət əməlindən dəng,
İqbalın təklifi olduqca qəşəng,
İnanma, uzağa gedənlər də var.
Əli Kərimov:
İqbal radikala biz şərik deyir,
İsanın gözünə baxıb dik deyir,
Yerlərdən imtina edərik deyir,
İmtina etmədən gedənlər də var.
Nurəddin Məmmədli:
İqbal dediyi tək olsaydı əgər,
Çoxlu dəyişiklik edilə bilər,
Seçkiyə yenidən gedilə bilər,
Təəssüf paxıllıq edənlər də var.
Arif Hacıyev:
Yol versək İqbala, sairəsinə,
Düşmərik İsanın dairəsinə,
Qaldı ki, təkliflər barəsinə,
Təklif meşəsində bitənlər də var.
Vurğun Əyyubov:
Bir sözü çox adi, normal deyəndə,
Onu hallı-halsız, bihal deyəndə,
İsa təsisçidi, formal deyəndə,
Bunda şəxsi maraq güdənlər də var.
Qabil Hüseynli:
İstəyir İqbalı zərrə-zərrə əz,
İstər qərargahın hamısını gəz,
Komissiya yenidən düzələ bilməz,
Bu hala inanan bəndələr də var.
İsa Qəmbərov:
Biz öz yerimizi tutmaq istərik,
Bütün mandatları udmaq istərik,
İqbal deyir onu atmaq istərik,
Atmaq istəməyən cəngavər də var.
Mirmahmud Fəttayev:
Seçkiyə gedərik qısa yoluyla,
Bossların açdığı masa yoluyla,
Getməkdi yolumuz İsa yoluyla,
İqbal tək tərəddüd edən "ər" də var.
Əhməd Oruc:
İqbal inadından tez dönə bilər,
Mirmahmuddan çox şey öyrənə bilər,
İsa bəy İqbalı tez yenə bilər,
Arada çox nazik ipək pərdə var.
Rauf Arifoğlu:
İqbalın arzusu çatlamayacaq,
Qolunu İsalar qatlamayacaq,
İsanın fişəngi partlamayacaq,
Çünki əməlləri fitnə-şərdə var.
Əli Kərimov:
Liderlər içində tupoy, dub İsa,
Sınıb bucaqları olub kub İsa,
Siyasi meydanda uduzub İsa,
Namərdə yox deyək, ancaq mərdə var.
Nurəddin Məmmədli:
İsa cərgəsindən geri çəkildik,
İqbal xırmanında xışla əkildik,
Bunacan meydanda "Əkil-Bəkil"dik,
Çoxu inkar edib, dedik fərdə var.