Mirzə Qərənfil:
Əməlin bişmişi, nə çiyi yoxsa,
Radikal bəylərin birliyi yoxsa,
Birlik olmayanda, dirliyi yoxsa,
Bəs onlar gücənib hara gedirlər?
Çoxları deyirlər bara gedirlər,
İflas sübut edir: gora gedirlər.
Əhməd Oruc:
Bu gün Mirmahmudda əzəmət, qürur,
Sən ifrat liderlər, tez ayağa dur,
"DUİ"-yə-ağamın yanına buyur,
Yenə eşitmirlər, çora gedirlər.
Mirmahmud Fəttayev:
Radikal cinahda qüdrət bizdədi,
Xaricdən axacaq nemət bizdədi,
Zirvəyə aparan sürət bizdədi,
Çoxları qəlbində yara gedirlər.
Arif Hacıyev:
Hər çınqıl gur oda qovuşmalıdı,
Bosslar bizim şota qovuşmalıdı,
"DUİ" Müsavata qovuşmalıdı,
Çoxu deyər, düz ilqara gedirlər.
Vurğun Əyyubov:
İsayla açmışıq biz ulduz falı,
Fərqi yox irəli, ya dalı-dalı,
"DUİ" Müsavata yuvarlanmalı,
Bilərlər dövlətə-vara gedirlər.
Qabil Hüseynli:
Hamımız yığışıb eyləsək təzim,
Mirmahmud tezliklə olardı bizim,
İndiki zamanda var buna lüzum,
Onlar Müsavatda nura gedirlər.
İsa Qəmbərov:
Get-gedə zirvəyə yüksəlir "DUİ",
Bizim qərargaha xoş gəlir "DUİ",
Bir Müsavat olar, həm də bir "DUİ",
Cibdə avro, dollar, para gedirlər.
Əli Kərimov:
İsa boğulmaqda qrant köpündən,
İndi tutmaq istər saman çöpündən,
Bir dartan da yoxdu onun ipindən,
Tələni andıran tora gedirlər.
İqbal Ağazadə:
İsa gücənsə də, ilk və son dəfə,
Heç bir qurum baxmaz onun tərəfə,
Çatmaz nəticədə əli hədəfə,
Yağ-bal uzaq düşər, şora gedirlər.
Əhməd Oruc:
Bütün yer üzünü dolanım, gəzim,
İsa özü, həm də Mirmahmud bizim,
Mümkünsüz onlardan usanım, bezim,
İkisi bir yerdə şura gedirlər.
Mirmahmud Fəttayev:
İsanı qoşaram öz qatarıma,
İlham qatarıma, söz qatarıma,
Altında qalanda, döz qatarıma,
Genişdən bezənlər dara gedirlər.
Arif Hacıyev:
Yerdən ayağını üzüb Mirmahmud,
Ətrafa rəqiblər düzüb Mirmahmud,
Deyəsən, bizlərdən bezib Mirmahmud,
Hər biri mədədə xora gedirlər.
Vurğun Əyyubov:
Çox soyuq olmasa hələ də bayır,
Torpaqdan çıxmamış hətta bir çayır,
Mirmahmud bizləri biganə sayır,
Əllərdə piltəli çıra gedirlər.
Qabil Hüseynli:
Mirmahmud, addımı bərk at, deyirəm,
Bizə gəlişinə həyat deyirəm,
Həm də bu kəlamı çox şad deyirəm,
Çoxları üzləri qara gedirlər.
İsa Qəmbərov:
Bizə qoşulanlar haqq yolundadı,
Kim üzü yoxuşa dağ yolundadı,
O, uzaqgörəndi, maq yolundadı,
Elə bil, növbəti tura gedirlər.
Əli Kərimov:
İsa ricasıyla şındır-şıp olub,
Mirmahmud önündə cındır-cip olub,
Domoklun kəsdiyi yumaq ip olub,
Yəqin "DUİ"-çilər fora gedirlər.
İqbal Ağazadə:
Səhv olar, kim desə dəli haqlıdı,
Həqiqət odur ki, Əli haqlıdı,
Mən təsdiq edirəm: bəli, haqlıdı,
Gedənlər içiboş şara gedirlər.