PDF Oxu

Köşə

  • 32

Düşük şoular və məhv olan dəyərlərimiz

Düşük şoular və məhv olan dəyərlərimiz
Artıq cəmiyyət tam şəkildə hərəkətə gəlib. Bəli, əslində, bundan başqa da yolumuz yox idi ki. Dövlətin və cəmiyyətin düşünən beyinləri artıq fikirləşirlər ki, belə getsə Azərbaycan informasiya və media məkanında televiziya xəbərçiliyi əvəzinə, məişət dedi-qodularından, mənəvi dəyərlərini neçə illər bundan əvvəl "palaza büküb Xəzər dənizinə atan şou-biznes ulduzlarının" qorderoblarından reportajlar yer alacaq. Təəssüf, min dəfə təəssüf ki, bu televiziyalarımız hər şeyi bir kənara atıb özlərinin xırda qəpik-quruş maraqlarını ön plana çıxarırlar. Bilirəm ki, hər bir özəl qurumun olduğu kimi, özəl televiziya kanallarının da öz gəlir mənbəyi, özünü dolandırmaq zərurətləri var və bir çox kanalların reklama daha çox yer vermələri də başadüşüləndir. Amma...
Hə, bax, indi də gələk bu əmmanın üstünə. Demək olar ki, əksər televiziya kanallarımızın bir çox verilişləri əyləncə və reklama həsr olunub. Dünyada elə əcaib reklam rolikləri yoxdur ki, bizim telekanallar efirə çıxarmasınlar. Özü də həmin reklam roliklərindəki səsləndirmələr, mətn və süjet xətti əməlli-başlı bərbad gündə. Reklam mövzuları isə. Fikirləşin, telekanal uşaq bezlərindən tutmuş diş fırçasına qədər hər şeyi reklam edir. Amma çox primitiv və ət ürpəşdirən şəkildə. Yəni bunların efirə çıxardıqları reklam rolikləri nə inandırıcıdır, nə müştəri cəlb edir, nə də mövcud normativlərə cavab vermir. Yalan deyirəm? Yox, yüz faiz bilirəm ki, qətiyyən yox. Açıq danışaq, bu gün ölkənin televiziyaları nə peşəkarlıq, nə mənəvi dəyərlərin qorunması nə də gələcək inkişaf baxımından HEÇ NƏ VƏD ETMİR!
Ölkəmizdə 5-6 özəl televiziya kanalı fəaliyyət göstərir və əgər desəm ki, onların "şou verilişlər" deyilən proqramları cəmiyyəti əməlli-başlı əsəb xəstəliyinə, şizofreniya düçar edib, vallah, qətiyyən səhv etmərəm. Baxın, bir futbol üzrə yığma komandamızın ayaqlarını dalınca sürüyə bilməyən futbolçuları ölkəmizin bir qara qəpiyə dəyməyən klublarında oynamaq üçün, bir də bu "şou biznes"in düşükləri TV-lərin gündəmində qalmaq və toylara "xod" tapmaq üçün min bir hoqqadan çıxırlar. Özlərinə müxtəlif heyvan növlərinin adlarını seçən bu mənəvi çəyirtkələr, əslində, Azərbaycan mədəniyyətinin gözdən salınmasına təkan vermiş olurlar. Özü də hamının gözünün qarşısındaca. Elə "şou proqramlar" hazırlayırlar ki, həmin an televiziya qarşısında oturan və həyata yenicə "göz açan" yeniyetmələr vətənpərvərliyi, mənəvi dəyərləri bir kənara tullayırlar. Oğlanlar qulaqlarına, qızlar isə qaşlarına və burunlarına sırğa taxıb məhz bu yolla özlərinə cəmiyyətdə "yer tutmaq" və pul qazanmaq eşqinə düşürlər. Bəli, yaşadığımız indiki zamanda müsəlman balalarımız Avropanın inkişaf və tərəqqisi əvəzinə, Qərbin ən pis vərdişlərini "həzm edirlər". Bugünkü uşaqlar bilik qazanmaq üçün məktəb əvəzinə, avropalıların biliklərini artırmaq və dünyaya çıxmaq üçün istifadə etdikləri internet şəbəkəsindən ən pis vərdişlər üçün istifadə edirlər. Məktəbdəki müəllim isə şagirdi barədə heç fikirləşmir də. Çünki məktəblə valideyin arasında, müəllimlə şagird arasında BAĞ YOXDUR. İndi şou biznes gözəlçələrinə, onların iyrənc əməllərinə qulaqlarını şəkləyən belə bir uşağın vətən, mənəvi dəyərlər, loru dildə desək, "adam olmaq" nəyinə gərəkdir ki? Bu məsələlərdə telekanalların rolu və mövqeyi çox böyükdür. Təsəvvür edin ki, evdə ata və anasının Azərbaycan dili əvəzinə, ingilis və ya rus dilində danışdıqları vaxtda, telekanallarda Meksika, İspaniya və başqa ölkələrin məişət və əxlaqının nümayiş olunduğu bir zamanda, bu zavallı uşaqdan gələcəyin yüksək aristokratı, vətənpərvəri, nə bilim əsil KİŞİSİ, ən əsası ADAM OLMAĞI tələb etmək nə dərəcədə dürüst olar? Bir şeyi beyinlərimizə həkk etməliyik ki, televiziya ictimai şüura güllə kimi təsir edən və onun fikrini dəlib bir qəlpədir. Xüsusilə, yenicə həyata göz açan ağ və təmiz beyinlərə bu "güllə" daha təsirlidir. Çünki uşağın beyni ağ vərəqdir, əvvəldən nə yazdın, sonrası da elə gedəcək. Cənablar, gəlin papağımızı qarşımıza qoyaq və düşünüək, Ən iyrənc "verilişlərinizlə" mənəvi repressiya etdyiniz bu xalqın və onun beyinləri zəhərlənən gənclərin taleyi üçün hər kəs cavab verəcək. Öz televiziyalaranıza özünüz bir dəfə də olsun baxın ki, öz "məhsulunuzun" nə qədər böyük təhlükə olduğunu bəlkə anlayasınız. Televiziya insanların kamilləşməsi üçündür, mənəvi məhvi üçün deyil!

Digər xəbərlər