PDF Oxu

Köşə

  • 18

Radikallar özləri haqda

Radikallar özləri haqda

İsa Qəmbərov, Etibar Məmmədov, Əli Kərimov və Lalə Hacıyeva keçirdikləri yığıncaqda bələdiyyə seçkilərinə getmək, onu boykot etmək, yaxud yeni strateji xətt yürütmək məsələlərinə öz münasibətlərini bildirmişlər. İclasdan sonra keçirilən mətbuat konfransında biz də öz diktofonumuzu onların ağızlarına dirəyib, bəyanatlarının başa çatmasını gözlədik. Qafiyəni kimin tutduğunu müəyyənləşdirə bilmədik. Qafiyə isə belə idi:

Kökü sarı gözlərimiz alaca,
Bələdiyyə bizim üçün balaca.

İsa Qəmbərov:

Atıb nalı, açıb falı gedərik,
Demədim ki, biz havalı edərik,
Seçkilərə dalı-dalı gedərik,
Sonra tez də baş qoyarıq balınca.

Etibar Məmmədov:

Qıy vurarıq kütlələr qalxan zaman,
Mən cəld tribunaya çıxaram haman,
Bələdiyyə gözlərimdə bir duman,
Biz fillərə lazım deyil qarınca.

Əli Kərimov:

Zabit idim, əldə kamanım yoxdu,
Bütpərəstim dinim-imanım yoxdu,
Seçkidə udmağa inamım yoxdu,
Dəyməz gedəm bələdiyyə dalınca.

Lalə Hacıyeva:

Radikalı yemlədikcə klanlar,
Yollarını azdırdı bəd gümanlar,
Lüzumsuzdu strateji planlar,
Sevinərlər beş-üç manat alınca.

İsa Qəmbərov:

Mən İsayam, çox vəsait dadmışam,
Çox xarici sponsora atmışam,
İndiyədək çoxlu qrant udmuşam,
Fırıldaqda tayım olmaz Yalınca.

Etibar Məmmədov:

Hökmranlıq mənə yəmin olmadı,
Kütlələr sözümə əmin olmadı,
İcra strukturu mənim olmadı,
Əl ata bilmədim nə də qılınca.

Əli Kərimov:

Yıxılıb aşağı şöhrət atımdan,
Mən məhrum olmuşam öz blatımdan,
Elmi iş yazaram öz həyatımdan,
Məndən sual edib bunu sorunca.

Lalə Hacıyeva:

Siyasətdən uzaqlar "dürdanə" verə bilər,
İsa, Əli kütləyə boş çənə verə bilər,
Bələdiyyələr mənə başqa nə verə bilər?
Mən mandatı yoraram, mandat məni yorunca.

İsa Qəmbərov:

Bir gülləylə neçə ahu qaçırtdım,
Əməlimlə bir güruhu qaçırtdım,
Qərbə baxıb, Raufu qaçırtdım,
Çoxu qaçdı mən təbili vurunca.

Etibar Məmmədov:

Sardı məni sonra blok qorxusu,
Daha sonra kütləvi şok qorxusu,
Daha pisdi, vallah, bu lox qorxusu,
Ağrı vurur düz iliyə , qulunca.

Əli Kərimov:

Həmkarların yolu üstə bitmərəm,
Qrant yeyib, həmişəlik itmərəm,
İstəsələr, qurultaya getmərəm,
Özümə bir elmi rəhbər bulunca.

Lalə Hacıyeva:

Təklif olunsaydı, qrant atmazdım,
Dəstək verənlərə sapand atmazdım,
Bir də qazansaydım, mandat atmazdım,
Dizimə döyərdim, saçı yolunca.

İsa Qəmbərov:

Siz bir quzu, siyasətdə, mən qazi,
İstiotu yox, azaldın, siz duzu,
De, qarnıma nöş dirədin buynuzu?
Qocalarsız mən qələbə çalınca.

Etibar Məmmədov:

Yorulmuşam, hər xörəyə qarnirəm,
Maşınlarda vacib hissə-şarnirəm,
Mən meydanda kütlə-mütlə görmürəm,
Lap gedərəm, kütləyə yalvarınca.

Əli Kərimov:

Liderlərin mənə vədi, sözü yox,
Həmkarların məni görən gözü yox,
Səviyyəmcə bircə lider, düzü, yox,
Gələcəkdə tutulacam mən tunca.

Lalə Hacıyeva:

Heç bir bulaq zəmzəm kimi ab deyil,
Əvəz tükənibdi, bu, bir gop deyil,
Bir blok da "BMH"-mə bab deyil,
Dostsuz qalım, yaddan bir dost tutunca.

Digər xəbərlər