Bir neçə radikal partiya mənsubları yığışıb bələdiyyə seçkilərinə gedib-getməməyi müzakirə edirdilər. Başlıca məsələ seçkilərə qatılıb uğursuzluğa düçar olmaq, yoxsa yeni strateji xəttin müəyyənləşdirilməsi idi. Mirzə Qərənfil timsalında həmin yığıncaqda bir kənarda oturub hadisələrin gedişini izləyirdim. Qafiyəni AXP sədri Pənah Hüseynov təklif etmişdi:
Seçkilərdə iştirakı unudaq?
Yoxsa yeni strateji xətt tutaq?
İlk bəndi AMİP lideri Etibar Məmmədov başladı. Qalanları isə çəpik çalıb oynayırdı.
Etibar Məmmədov:
Piketdəki çağır-bağır yaxşıdı,
Zülmkardan, sözsüz, fağır yaxşıdı,
Seçkidə qazanmaq uğur yaxşıdı,
Yoxsa xorna çəkib kənarda yataq?
Pənah Hüseynov:
Uğursuzluq heç vaxt gəlməmiş xoşa,
Hər seçkidə ümidlər çıxır boşa.
Çox kənarda durub etdik tamaşa.
Bəlkə bu seçkidə biz lövbər ataq?
Mirmahmud Fəttayev:
Çoxlarına azar gərək, dərd gərək,
Seçkiyə gedəndə adam mərd gərək,
Bu gün yeni strateji xətt gərək,
Ya da gərək durub aləmi qataq.
İsa Qəmbərov:
İmkan yoxdu adam aça qəddini,
Duya günün strateji xəttini,
Seçkilərə gedib bilə həddini,
Mandat alıb istəyimizə çataq.
Əli Kərimov:
Neyləyəcək strateji xətt bizə,
Əgər millət edirsə nifrət bizə,
Heç qrantla gələrmi cürət bizə,
Qalır iflas girdabında biz bataq.
Lalə Hacıyeva:
Vaxtı ilə çox danladım mən sizi,
Bəyənsəydiz strateji mərkəzi,
Keçirməzdiz bu cür ağır mərəzi,
İndi xəstəliyi biz kimə sataq?
Sərdar Cəlaloğlu:
Ən axmaq təklifə vəd deyirsiniz,
Boykot söyləyəndə bəd deyirsiniz,
O ki, strateji xətt deyirsiniz,
Məgər bu deyilmi qaranlıq otaq?
Əli Əliyev:
İstərəm zirvədə görüm "VİP"-imi,
Boykot notlarında hörüm "VİP"-imi,
Strateji xətlə sürüm "VİP"-imi,
Blokdan olmasın bir hədə, qınaq.
Etibar Məmmədov:
Kütlə çoxalanda söz mənə verin,
Strateji xətti düşmənə verin,
İcra strukturnu tez mənə verin,
Düz 20 ildir ki, keçirəm sınaq.
Pənah Hüseynov:
Strateji xətt lüzumsuz bir boru,
Təəccübləndirmək çətin siyasi koru,
Mənəm "ideyalar generatoru",
Mənə aid deyil hər töhmət, danlaq.
Mirmahmud Fəttayev:
Bu strateji xətt bəkləyib durub,
Bəndəniz dünəndən ləhləyib durub,
"DUİ" qulağını şəkləyib durub,
Yerindən tərpənə bilməz bir qoçaq.
İsa Qəmbərov:
Strateji xətdən mən bihal oldum,
Boykot bağırdılar dönüb lal oldum,
Avropaya baxıb radikal oldum,
Çəkmisiz sinəmə çarpazvari dağ.
Əli Kərimov:
Sədr seçkisinə qatılmaram, xub,
İstərəm tezliklə sədrliyi atıb,
İndi elmlə məşğul olmağım tutub,
Edin alimlərə tez məni qaynaq.
Lalə Hacıyeva:
Radikal düşərgə lüzumsuz qəfəs,
Strateji xətt də deyil müqəddəs,
Əvəzi kiminlə eyləyim əvəz?
Ya necə çatladım başında çanaq?
Sərdar Cəlaloğlu:
İlyası bənzədib çöldə çayıra,
Özümə reytinq qayıra-qayıra,
Rəsulu çıxarıb atdım bayıra,
Strateji xəttə olum mən dayaq?
Əli Əliyev:
"VİP"-im mənim üçün böyük zirvədi,
"Azadlıq" bloku bir girəvədi,
Budursa siyasi reytinqin bədi,
Yəqin strateji xətt olar mayak.