Xəbər tutduq ki, bugünkü və keçmiş tarixi proseslər Elman Türkoğlu və Yaşar Türkazərin meyxana qarşıdurması ilə açıqlanacaqdır. Dərhal hadisə yerinə yollandıq. Vaxtilə Elman Türkoğlu əvvəl AXC-nin, sonra isə AXCP-nin bayraqdarı idi. AXCP parçalandıqdan sonra E.Türkoğlu AXCP (k) və "KAXCP" sıralarında Mirmahmud Fəttayevlə qalmağa üstünlük vermişdi. O, bu gün də "KAXCP" sıralarında təmsil olunur.
Yaşar Türkazərə gəldikdə, o, əvvəl "Yeni Müsavat" partiyasının üzvü idi. İsa Qəmbərov bu partiyanı Müsavata çevirdikdən sonra o, başqanın mövqeyinin müdafiəçisinə çevrilmişdi. O, bu gün də özünü müsavatçı hesab edir.
Papaq qafiyəsi hər ikisinin səyi ilə ərsəyə gəldi:
Əli Kərimovda itdi hər dəyər,
İsa bəyə ümid etməyə dəyər.
Rəqibindən qabağa düşən Elman Türkoğlu ilk bəndi dedi.
Elman Türkoğlu:
Cəbhə sıxışdırdı Əbdürrəhmanı,
Pislik etməsəydi, çıxardı canı,
Vəzirov fəryadı tutdu hər yanı,
Moskva belinə vurdu bir yəhər.
Yaşar Türkazər:
Mən əvvəl Raufun əlinə düşdüm,
Sonra da İsanın felinə düşdüm,
Axırda Əlinin dilinə düşdüm,
Bu qədər macəra azdırmı məgər?
Elman Türkoğlu:
Əməyim cəbhəyə bir töhfə ətir,
Bəzi siyasilər sağ-sola gedir,
Ən uca bayrağım 75 metr,
Daim bizim olub qələbə, zəfər.
Yaşar Türkazər:
İsanın yanında olsam da, düzü,
Elçibəy olmuşdu cəbhənin gözü,
Hər kəs qabağına çəkməkdə közü,
Radikal cinaha dəyibdi nəzər.
Elman Türkoğlu:
AXC qabaqda gedirdi azı,
O, Kremlə necə atdı Ayazı,
Dayazlar qucdular fikri dayazdı,
Bir il uzaq oldu bizdən xata-şər.
Yaşar Türkazər:
Vermək istəməyib İsaya dəstək,
Çoxları gətirdi bu mövqeyə şəkk,
Hələ də qalıram müsavatçı tək,
Bu dünyagörüşü seçərdi bəşər.
Elman Türkoğlu:
Azdı müdrikliyi, yoxdu kamalı,
İğtişaş, sui-qəsd oldu amalı,
Yaman pis qurtardı bunların dalı,
Radikal kəsləri boğmaqda qəhər.
Yaşar Türkazər:
Mən hər radikala qəlbbir can oldum,
Sonra dönüb adi bir insan oldum,
Şəxsən özüm dönüb xristian oldum,
Düzü, xaçpərəst tək çox axıtdım tər.
Elman Türkoğlu:
Cəbhəni İsanın feli dağıtdı,
Rəsulun, Sərdarın əli dağıtdı,
Bu qurumu qəsdən Əli dağıtdı,
Ona dəstək verdi bir neçə nəfər.
Yaşar Türkazər:
İndi xilas yolu yoxdu Urumda,
Müsavat durmaqda düz uçurumda,
İndi başqan İsa ağır durumda,
Bu gün çoxlarında qalmamış təpər.
Elman Türkoğlu:
Bu gün Əli bəy də yaşamaqda şok,
Qalmamış özünə güvənən blok,
Sərdarın, Rəsulun xilas yolu yox,
Hər şey pisə doğru, yoxdu xoş xəbər.
Yaşar Türkazər:
Bu gün cəbhə kimi bir qaya getdi,
Qrantlar, maliyyə həm, maya getdi,
Radikal qurumlar haraya getdi?
Kim onun şəninə oxuyur şüştər?
Elman Türkoğlu:
Hamının istəyi istiqlal idi,
Bayraqla yerimək xoş bir hal idi,
Polislə toqquşma bir vüsal idi,
Bizlər sevindirdik alanda xəbər.
Yaşar Türkazər:
Mənim o illərdə olmadı bandam,
Buna baxmayaraq, əlimdə fantam,
Mən kitab satırdım belimdə çantam,
Bundan cibimə də gedərdi bəhər.
Elman Türkoğlu:
Çətindi qabağa getmək Balaşla,
Xoş idi üzləşmək qorxu, təlaşla,
Küçələr dolardı qəmbərlə, daşla,
Biz xilas olardıq bundan birtəhər.
Yaşar Türazər:
Radikal cinahda azalıb lider,
İri qurumlarda az qalıb lider,
İndii gözə dəymir heç qalib lider,
Yenisi gözlənir, gələ, müxtəsər.