AXP sədri Pənah Hüseynovun AXC-ni bərpa etmək istəyi tezliklə reallaşdırılacaqdır. Bu fikri Müsavat icra aparatının rəhbəri Arif Hacıyev ifadə etmişdir. Biz də fürsəti fövtə vermədən P.Hüseynov və A.Hacıyevin meyxana deyişməsini təşkil etdik. AXP sədri İ.Qəmbərovun ideyasını gerçəkləşdirəcəyinə söz verir və AXC-nin bərpasının radikal cinahda əks-səda doğuracağını bildirir. A.Hacıyeva isə canını P.Hüseynovu dəstəkləməyə yönəldilmiş fikirlərlə qurtarır. A.Hacıyevin təklif etdiyi papaq qafiyəsi belədir:
İnan, itirmərik bircə dəni də,
Biz bərpa edərik AXC-ni də.
Ənənvi olaraq ilk bəndi AXP sədri fırıldatdı.
Pənah Hüseynov:
İsanın təklifi əlimizdədi,
Hər bir müddəası dilimizdədi,
Problem daxildə, çölümüzdədi,
Lazım gəlsə, cırrıq hər kəfəni də.
Arif Hacıyev:
Doğrudur, bu qədər illüziya qurur,
Pənah hər sözünün üstündə durur,
Vəd edib, söz verib köksünə vurur,
İşlə sevindirir səni-məni də.
Pənah Hüseynov:
Vaxtında çəkməyi bilirəm toru,
Çatlatmağda belə qadirəm goru,
Mənəm "ideyalar generatoru",
Dəf edə bilərəm duman, çəni də.
Arif Hacıyev:
Bu yerdə çaşardı Göygöz Kosa da,
Seans baş tutmazdı hətta masada,
Pənaha inandıq mən də, İsa da,
O, yerinə qoydu hər nəsnəni də.
Pənah Hüseynov:
İsanın saçları daranmalıdı,
Arif də İsaya yarınmalıdı,
AXC yenidən yaranmalıdı,
Gerçəkləşdirərəm əfsanəni də.
Arif Hacıyev:
Bağbanın xeyrini bostan-bağ bilər,
Bizə nə lazımsa, bir Allah bilər,
Bir də bilsə-bilsə, bu Pənah bilər,
Bilər onun xəstə bülleteni də.
Pənah Hüseynov:
Yolu tale bizə qısa açıbdı,
Nişana, ya toya, yasa açıbdı,
Siyasi mövqeyi İsa açıbdı,
Ondan öyrənmişik hətta dini də.
Arif Hacıyev:
Radikallıq onda bir vərdiş, peşə,
Qəfil hücum çəkər iy verən leşə,
Yenə "generator" düşəcək işə,
Verəcək bizlərə hər şeyini də.
Pənah Hüseynov:
Hər cür dərdə çarə kitab əlimdə,
İsayçün, Arifçün qullab əlimdə,
Falçılara məxsus boşqab əlimdə,
Tutaram hər arzu, gileyini də.
Arif Hacıyev:
Pənahın köksündə toplanan o ah,
Gah ərşə ucalar, enər yerə gah,
Bu gün biz Pənahdan gözlərik Pənah,
Verər radikala taleyini də.
Pənah Hüseynov:
Vallah, özüm üçün mən də bir bəyəm,
Müsavatçün bir bükülməz biləyəm,
Mən Pənaham, İsa bəyə köməyəm,
Bizdə birdi yavaşı-yeyini də.
Arif Hacıyev:
Bir poladdı ətdən olan əzası,
Düşəcəkdi üstümüzə şüası,
Davamızdı Pənah bəyin davası,
Bizlərindi xəbəri, təyini də.
Pənah Hüseynov:
Sazı-sözü teldən gedir İsanın,
Kəməri də beldən gedir İsanın,
Müsavatı əldən gedir İsanın,
Belə getsə, çılpaq qalar əyni də.
Arif Hacıyev:
İsa artıq razı olub çar-naçar,
Başqan deyir onda böyük ümid var,
Pənah, yəqin, AXC-ni qaytarar,
Bunu edər asta-asta, yeyin də.
Pənah Hüseynov:
Radikalçün qoruyucu hasaram,
Hasar olub hər bir yanı basaram,
Əmiinəm ki, AXC-ni qaytaram,
Bunun üçün peyin də var, beyin də.
Arif Hacıyev:
İçimizdə bircə Pənah oyaqdı,
Hər sahədə Pənah bizə dayaqdı,
Neyləməli, əlimizdə bayraqdı,
Dəf bir dəfdi, öz yeri var neyin də.