PDF Oxu

Köşə

  • 15

Nurəddinlə Raufun həmrəylik nümayişi

Nurəddinlə Raufun həmrəylik nümayişi

Nurəddin Məmmədli vaxtilə ADP-ni tərk edib, AXCP (i)-yə keçmişdi. O, bu addımını qəflətən atmışdı. Sərdar Cəlaloğlunun məhkəmə prosesi getdiyindən, Rəsul Quliyev partiyanın baş katibi vəzifəsinə N.Məmmədlini yox, Akif Şahbazovu təyin etmişdi. Son bir neçə ay ərzində yeni birlik forması yaratmağa müvəffəq olmayan N.Məmmədliyə etimad azalmaqda idi. O, qəfil bir addımla Əli Kərimovun müavininə çevrilmişdi.
Eşitdik ki, N.Məmmədli "Yeni Müsavat" qəzetinin redaksiyasında Müsavatın sıralarını tərk etmiş Rauf Arifoğlu ilə çay süfrəsi arxasında ürəyini boşaltmaq istəyir. Dərhal hadisə yerinə yollandıq. Qafiyəni R.Arifoğlu tutmuşdu:

Biz aləmi bir-birinə qatmışıq.
ADP-ni, Müsavatı atmışıq.

Birinci N.Məmmədli başladı.

Nurəddin Məmmədli:

Mən işimin ağasıydım həmişə,
Bildiyimi verməz idim Məmişə,
Bilmirdim ki, ilişərəm qəmişə,
Ancaq biz çox acı-şirin dadmışıq.

Rauf Arifoğlu:

İsa ilan deyir, gah da qurbağa,
Yetkililər onun üçün bir çağa,
Müsavatçıyam təpədən-dırnağa,
Biz İsanın çamırında batmışıq.

Nurəddin Məmmədli:

Təmizlikdə bir qızılgül ətriydim,
Fəallıqda partiyanın çətriydim,
ADP-də Ali Məclis sədriydim,
İşləyən o, guya bizlər yatmışıq.

Rauf Arifoğlu:

Başqanlıqçün hazır idi verə can,
Qulaq sallaq, burun domba, ağız qan,
Daim vurdum mən İsanın ağzından,
Onu ucuz tutub, ucuz satmışıq.

Nurəddin Məmmədli:

Öyrənirdim blokların sirrini,
Sədr özü vermiş idi "həri"ni,
Rəsul tökdü üzərimə şərinə,
Söylədi ki, prosesi udmuşuq.

Rauf Arifoğlu:

Düzü, olmamışdı, başqanda abır,
Çox su aparacaq hələ bu xamır,
Onu qəzetimdə etdim biabır,
Bu minvalla arzumuza çatmışıq.

Nurəddin Məmmədli:

Saf vicdanla çox işlədim Rəsula,
Ancaq Rəsul inanmadı bu qula,
O, Akifi bələmişdi mal-pula,
Biz də yalnız doğru mövqe tutmuşuq.

Rauf Arifoğlu:

Mövqeyindən İsa dönüb oldu lal,
Onun üçün çürük qozdu istiqlal,
Avropaya baxdı oldu liberal,
Biz də guya qalıq-quluq, xıltmışıq.

Nurəddin Məmmədli:

Rəsul məni işlədirdi sürətlə,
Əlaqəni bərkidirdim millətlə,
Əvəzində qarşılandım töhmətlə,
İşlər müşkül, işlər alt-üst və fırıq.

Rauf Arifoğlu:

İsa gündə yüz fikirə düşürdü,
O, xarici qrantları döşürdü,
Bizim üçün zəhərli yem bişirdi,
Sonra dedi yeməyi üsulluca tıx.

Nurəddin Məmmədli:

Mən Rəsulu bağışlaya bilmərəm,
Sərdarı da alqışlaya bilmərəm,
Ov ovlaya, quş quşlaya bilmərəm,
Mane olur mənə yekə zırpı mıx.

Rauf Arifoğlu:

Yəqin məni alqışlayar cəmiyyət,
Sözsüz, mənim xeyrimədi kəmiyyət,
Mən İsanı tərk elədim, nəhayət,
Əldə əsa, ayağımda mis çarıq.

Nurəddin Məmmədli:

Rəsul özü Nyu-Yorkda kef çəkir,
ADP-nin üzvləri kəf çəkir,
Yetkili var nəşəni də müf çəkir,
Yetkili var ixtiyarında marıq.

Rauf Arifoğlu:

Zaman keçir, get-gedə artır yaşım,
İnanma ki, mən yanılım, ya çaşım,
İndi, qardaş, bir əlimdi, bir başım,
Bir də əynimdəki köhnə arxalıq.

Nurəddin Məmmədli:

Kim biləydi naqafilin felini,
Heç kəs bilmir siyasətin dilini,
Allah qırsın bu Rəsulun belini,
Nyu-Yorkda yumurtası çıxıb lax.

Rauf Arifoğlu:

Müsavatın proqrammı verib çat,
İflas edib qoyacaqdı bizi mat,
Daha məni İsa etmir narahat,
Düşünməyə nə zaman var, nə də vaxt.

Digər xəbərlər