"Demokratiya Uğrunda İttifaq" "QRUH", "Azadlıq" bloku, "MƏM" kimi radikal qurumların ideoloji əleyhdarı rolunda çıxış edir. Ancaq "DUİ" üzvlərinin radikallıqdan xali olduqlarını iddia etmək səhv olardı. Xatırladırıq ki, "DUİ" referendum zamanı "QRUH"-un sıralarına qoşulmaqdan imtina etmişdi. "DUİ" "cırtdan"ların birliyi olsa da, daha böyük radikal birliklər arasında çaxnaşma yaratmaq məqsədi güdür. Burada başlıca məqsəd böyük radikal "qardaşlar"ın fikirlərinin əleyhinə çıxmaqdır. Əgər "QRUH" bələdiyyə seçkilərinə getməyin vacibliyindən danışsa, "DUİ" boykot yolu tutacaq, yaxud əksinə.
"DUİ" daxilində dörd partiya birləşir: "KAXCP", sədri Mirmahmud Fəttayevdir, "Azadlıq" partiyası, sədri Əhməd Orucdur, "Böyük Millət Partiyası", sədri Elşad Musayevdir, "Azərbaycan Milli Demokrat Partiyası", sədri Tufan Kərimovdur.
"DUİ" növbəti yığıncağını meyxana üstündə qurub. Papaq qafiyəsini Əhməd Oruc çıxarıb:
Köküylə torpaqda-daşdadı "DUİ",
"QRUH"-dan da xeyli başdadı "DUİ".
İlk bəndi, ənənəvi olaraq, "DUİ"-nin lideri səviyyəsində olan "KAXCP" sədri Mirmahmud Fəttayev guppuldatdı.
Mirmahmud Fəttayev:
İslami köklərə bağlıdı rişəm,
Fərhadınkından da itidi tişəm,
Təfriqə yaratmaq olmuşdur peşəm,
Vallah, elə mənim yaşdadı "DUİ".
Elşad Musayev:
Vəli də Əliyə boz qaşıq verir,
Plova baxana gur işıq verir,
"BMP"-m "DUİ"-yə yaraşıq verir,
Biz dəm tutanlarıq aşdadı "DUİ".
Tufan Kərimov:
Zirvəyə aparan yolumuz haqdır,
Bizə uğurlarda "DUİ" dayaqdır,
"AMDP" tufanlar yaradacaqdır,
Çaharı yoxlayıb, şeşdədi "DUİ".
Əhməd Oruc:
Əhmədin meydanı daim dar olub,
Rəqiblər uduzub tezcə xar olub,
"Azadlıq" "DUİ"-də bayraqdar olub,
Siyasi qiyməti beşdədi "DUİ".
Mirmahmud Fəttayev:
"DUİ"-ni qoruyan yağıdan mənəm,
Harami düzündə vağ udan mənəm,
Cəbhəni birinci dağıdan mənəm,
Həmişə dildədi, dişdədi "DUİ".
Elşad Musayev:
Nə qədər rəqibi əlil qoymuşam,
Gələcək nəsilə dəlil qoymuşam,
Etibarı yaman zəlil qoymuşam,
Mənlə müqayisədə heçdədi "DUİ".
Tufan Kərimov:
Sevib-seçdiyimiz yurda sığındıq,
Çox da uzaqda yox, burda sığındıq,
Öz inamımızla qurda sığındıq,
Bu inamla pişdə-düşdədi "DUİ".
Əhməd Oruc:
Elan eyləyibdi özünü Əli,
Siyasi meydanda çöllər gözəli,
İsaya həsr etdim neçə qəzəli,
"QRUH"-çün ən qorxunc küncdədi "DUİ".
Mirmahmud Fəttayev:
"ASF" yaratdı isalar bir vaxt,
"DSF" çıxartdı qarşısına baxıb,
Bizlər olmalıyıq həmişə sarvaxt,
Hələ ki, ən sabit küncdədi "DUİ".
Elşad Musayev:
Təhlükəli olan hərifi atdım,
Bir vaxt Etibarı, AMİP-i atdım,
Özümdə güc tapıb o tipi atdım,
Ən yükəyə qalxan liftdədi "DUİ".
Tufan Kərimov:
Zəngəzur, İrəvan, o yurd bizimdir,
Şeytan erməninin, bozqurd bizimdi,
Qələbədən sonra o tort bizimdi,
"QRUH" uduzanda kefdədi "DUİ".
Əhməd Oruc:
Mən Əhmədəm, raket, gəmi deyiləm,
Nə yoncalıq, nə də zəmi deyiləm,
Zəhərliyəm, "QRUH" yemi deyiləm,
Zurnada, qovalda, dəfdədi "DUİ".
Mirmahmud Fəttayev:
İsa da, Əli də düşmənim olub,
Radikal cinah da tam mənim olub,
Görəsən, nə mənə bəs qənim olub?
Bəlkə də bu yöndə siftədi "DUİ".
Elşad Musayev:
Özümə nüfuzlu ad döyməkdəyəm,
İsa, Əli kimi yad döymədəyəm,
Mən də Etibardan dad döyməkdəyəm,
Onunçun çox dadlı küftədi "DUİ".
Tufan Kərimov:
Oxumdu, yayımdı, nizəmdi bozqurd,
Əmimdi, dayımdı, dədəmdi bozqurd,
Məkkəm, Mədinəmdi, qibləmdi bozqurd,
Mənə zövq verir bir həftədi "DUİ".
Əhməd Oruc:
İsa, Əli kimi zəvzəklər çoxdu,
Ağam Mirmahmudun gözləri toxdu,
"Azadlıq"dan yaxşı partiya yoxdu,
Onunçun altıncı qitədi "DUİ".