PDF Oxu

Köşə

  • 27

Birinci dərs

Birinci dərs
Birinci dərs. Bu dərs hər bir insanın məktəb partasından həyata və cəmiyyətə atıldığı an keçdiyi İLK DƏRSDİR. Birincilər məktəbə gəlir və on birinciləri məktəbdən həyatın uğuşuna yola salırlar SON ZƏNGLƏ! Həyat necə də qəribədir, deyilmi?
Əziz oxucularımız, yəqin bilirəm ki, bu yazını oxuduqdan sonra hər biriniz əlinizdəki işi bir kənara qoyub xəyalən o gözəl, o şirin məktəb illərinə qayıdacaqsınız, məktəb qapısına atdığınız ilk addımlarınızı, məktəb partası arxasında oturduğunuz o şirin anları bir daha xatırlayacaqsınız. İnanın ki, bu yazını yazmaq mənə olduqca həm çətindir, həm də olduqca həzin nostalji hisslər yaradır. Bir də ağlından keçirirsən ki, kaş elə həmişə birinci sinifdə olduğu kimi uşaq kimi qalaydın. Heç nədən, xüsusilə, həyatın qarşıda bizi gözləyən keşməkeşlərindən, qayğılarından tamamilə uzaq, yalanlardan, riyakarlıqlardan, həyatın amansız dəhşətlərindən XƏBƏRSİZ olaydıq. Kaş ki, elə uşaq olaydıq!
Yadınızdadır, ilk dəfə ata-ananızın əlinizdən tutub məktəbə gətirdiyi o gözəl, o şirin günlər? İlk dəfə partaya necə ehtiyatla baxıb tanımadığınız uşaqlarla, - sonralar ən əziz dosta çevriləcək sinif yoldaşlarınızla gülümsəyərək, bir az da utancaq əl tutmağınızı xatırlayırsınız? Partalardan gələn qəribə, adama xoş gələn qoxu, müəllimin aramla, başınızı sığallaya-sığallaya əlifba düzülüşü ilə hərfləri sizə öyrətdiyi yəqin yadınızdadır. Bir də məktəbdən gələndən sonra böyük şəstlə evə girməyinizi, ata-ana tərəfindən necə əzizləndiyinizi heç vaxt unutmazsınız, məncə. Məktəb illəri, doğrudan da, ömrün ən gözəl, ən şirin illəridir. Qarşıda yenə birincilərin məktəb qapısından içəri daxil olacağı gün yaxınlaşır. Onları gələcəyə hazırlayan müəllimləri qarşılayacaqlar. Müəllim! Dünyanın ən müqəddəs insanı. Ölkənin, cəmiyyətin hətta bəşəriyyətin gələcək taleyi məhz ondan asılıdır. Onun birinci sinif partasında əzizləyə-əzizləyə dərs dediyi uşaqlar gələcəkdə böyük vəzifə sahibi də olur, tanınmış alim, mühəndis, mədəniyyət xadimi də, ən dəhşətlisi qatı cinayətkar və satqın da. Bu, bir faktdır və heç kəs bunu dana bilməz. İndi daha çox keçmişlə indinin müəllimlərini müqayisə etməyi xoşlayırlar və bəzən çox ciddi səhvlərə gətirib çıxaran "nəticələr"ə gəlirlər. Ay qardaş, sovet vaxtının müəllimini müstəqil Azərbaycanın müəllimindən fərqləndirən əsas cəhət, şübhəsiz ki, indiki müəllimlərimizin yeni pedaqoji faktor üzərində çalışmaları, uşaqlarda müstəqil və azad Azərbaycana sevgi və məhəbbət aşılamalırıdır. Həm də indi internet və kompüter texnologiyaları dövrüdür. Burası belədir. Amma unutmaq olmaz ki, müəllim bütün dövrlərdə elə müəllimdir və onun əsas vəzifəsi cəmiyyət üçün yararlı, mənəvi baxımdan sağlam, gərəkli insanlar yetişdirməkdir. Amma unutmayaq ki, sovetlər dövründəki müəllimlərin yüksək pedaqoji biliyə, mükəmməlliyə məxsus xüsusiyyətləri daha yüksək idi və şagirdlərlə iş qurmaq baxımdan böyük təcrübəyə malik idilər. O zamanın müəllimləri indiki bəzi müəllimlər kimi şagirdlə hər hansı bir "xahiş" üçün aradakı pərdəni götürmürdülər, bütün varlıqları ilə uşaqları yalnız elmin və kamilliyin gücü ilə həyatda mövqe qazanmağın mümkün olduğuna inandırırdılar. O zamanın müəllimləri qətiyyətli idilər və şagirdlərin tədris sistemini tamamilə qavramaları, dərsləri yaxşı öyrənmələri üçün onlara sərt şəkildə nəzarət edirdilər. İndi bəzilərinə antidemokratik metod kimi görünən uşağı çubuqla döymək, bir ayaq üstündə küncə saxlamaq kimi cəza növləri, o zaman şagirdin nizam-intizamlı olması üçün az əhəmiyyət daşımırdı. Bəzi müəllimlərimiz inciməsinlər, indinin müəllimləri az qala şagirdin qarşısında əsil şagird kimi dayanırlar. Hətta müəllim valideynin qorxusundan uşağa acıqlana da bilmir. O zaman məktəblə-valideyn arasında möhkəm rabitə var idi və məktəb müəllimləri uşağın məktəbdən kənar işlərinə də valideynlərlə birlikdə nəzarət edirdilər. İndi bu barədə danışmaq bir qədər çətindir...
Bəzən uşağın dərs oxuyub-oxumamağı heç onların vecinə də deyil. O zaman zəif şagirdlərə müəllim dərsdən sonra və ya həftənin cümə və şənbə günləri əlavə dərs saatları təyin edirdi və gəlib zəif şagirdlərə elm öyrədirdi. Özü də bunu müəllimə heç kim yox, öz vicdanı, əsil müəllimlik qüruru, ən əsası isə şagirdlərinin heç kimdən geri qalmamaq təəssübkeşliyi vadar edirdi. Hələ müharibə dövründə öz çörək "kartoçkaları"nı gətirib sinifdə acından başı hərlənən şagirdlərinə paylayan müəllimləri də heç vaxt unutmaq olmaz. İndi belə müəllimlər barmaqla göstəriləsi qədərdir və bu cür dərsləri indiki zamanda pulla keçirlər. Bəzi müəllimlərin dərs dediyi fənnin sirlərini uşaqlara qəsdən tədris zamanı mükəmməl öyrətməyib, əlavə pulu əlavə dərs vaxtına saxalamaları da bir faktdır. Biz istərdik ki, sentyabrda məktəbə yollanacaq uşaqlarımıza müəllim adının ucalığını yüksək tutan pedaqoqlarımız əsil valideynlik, böyüklük göstərsinlər, onları gələcək həyata mükəmməl şəkildə hazırlasınlar. Yazımın sonunu bir müdrik misalla bitirmək istəyirəm. Deyir bir nəfər azərbaycanlı gənc hələ çar Rusiyasının vaxtında Almaniyada təhsil alamağa gedir. Birinci gündən həmyerlimiz onunla bir sinifdə oxuyan Valter adlı bir almanla dostlaşır. Alman müəllim Valterə alman dilini səlist bilməyən həmyerlimizə kömək etməyi tapşırır. Valter həmyerlimizdən yaxşı oxusa da alman müəllim daima onu qiymətdə kəsir və təkrar-təkrar oxumağa vadar edir. Bu məsələ tələbədə bərk şübhə yaradır. Vaxt gəlir tamam olur, bu azərbaycanlı tələbə müəllimi ilə sağollaşmaq üçün evinə yollanır. Tələbəsini böyük hörmətlə qarşılayan alman müəllim, bu vaxt ərzində tələbəsindən nəyin onun xoşuna gəlib-gəlmədiyini soruşur. Azərbaycanlı tələbə bu illər ərzində ona əsil müəllim və atalıq qayğısı göstərdiyinə görə alman müəllimə təşəkkür edir və axırda da əlavə edir ki, müəllim, neçə ildir bir sirri sizdən soruşmaq istəyirəm, axırda qismət bu günə qalıbmış. Hər şeydən razıyam, amma sinif yoldaşım Valterin təkrar-təkrar sinifdə qalmasını heç cürə anlaya bilmədim. Bunun sirri nədir? Alman müəllim gülümsəyərək qayıdır ki, oğlum, sənin qayıdıb hansı xalqa, dövlətə xidmət edəcəyin, kimə dərs verəcəyin məni az maraqlandırır. Çünki bu sənin öz seçimindir. Amma Valter burada mənim doğma alman xalqımın balalarına dərs deyəcək. Onun dərsi pis bilməsi isə gələcəkdə bütün alman xalqının şikəst olması demək olardı. Ona görə də, mən Valteri daha çox çalışdırırdım. Əziz müəllimlərimiz, siz də gələcəyimizi belə qoruyun və qurun!

Digər xəbərlər