PDF Oxu

Köşə

  • 10

Bələdiyyə seçkiləri, yoxsa boykot?

Bələdiyyə seçkiləri, yoxsa boykot?

İ.Qəmbərov, E.Məmmədov, L.Hacıyeva, Ə.Kərimov və S.Cəlaloğlunun Müsavat qərargahında bir araya gəlib bələdiyyə seçkilərində iştirak edib-etməməyi müzakirə etmək istədiklərindən xəbər tutduq. Biz ora çatanda yığışanların hər birinin ev tapşırığı əsasında bədii çıxışlarını başa çatdırdıqlarını eşitdik. Sonra "MBH" sədri Lalə Hacıyeva yeganə qadın olmaq hüququndan istifadə edib:

"Seçkiləri boykot edək, deyirsən?
Yoxsa seçkilərə gedək, deyirsən?"

qafiyəsi üstündə söhbəti davam etdirməyi təklif etdi və özü də birinci başlamağı qət etdi.

Lalə Hacıyeva:
Durumumuz xeyli ağır durumdu,
Dal sıldırım, qabaqsa uçurumdu,
Bələdiyyə ən aşağı qurumdu,
Bəlkə edək bu fikrə şəkk, deyirsən?
Seçkiləri boykot edək, deyirsən?
Yoxsa seçkilərə gedək, deyirsən?

İsa Qəmbərov:
Dünya fani, fələk zatı qırıqdı,
Çoxumuzun indi işi fırıqdı,
Bələdiyyə bir fürsətdi, marıqdı,
Seçkilərdən əlini çək, deyirsən?

Etibar Məmmədov:
Kabablayıb quzuları, çoşkanı,
Boşaldarıq beş pivəlik boçkanı,
Mən olsaydım bələdiyyə başqanı,
Sən də mənə nakam dilək deyirsən?

Əli Kərimov:
De, lazımmı məhəl qoymaq heç küyə?
Bir qəsd ilə qurşanaraq içkiyə,
Zövq alaraq yollanardım seçkiyə,
Sən də getmək lazımdı tək deyirsən.

Sərdar Cəlaloğlu:
Bu gün bizdə problemlər nəhəngdi,
AXC-ni bərpa etmək cəhəngdi,
Bələdiyyə məgər dişi pələngdi?
Sən də onu tez eylə tərk deyirsən.

Lalə Hacıyeva:
Boykot desin kimin varsa həvəsi,
Udqunmasın ala bilən nəfəsi,
Heç kəs ilə dəyişməzdim Əvəzi,
Nədən ona dibsiz çəllək deyirsən?

İsa Qəmbərov:
Bu seçkidən umursansa fayda sən,
Diqtə etmə əsasnamə, qayda sən,
Buyurarsan hüzuruma yayda sən,
Yoxsa məni yıxar külək, deyirsən?

Etibar Məmmədov:
Həzm etdiyim ən mürəkkəb sətirdi,
"Neynim" deyən ya Alim, ya Qədirdi,
Çətin gündə AMİP mənə çətirdi,
Sənə çətir küy, ya kələk, deyirsən?

Əli Kərimov:
Həm doğrumuz, həm düzümüz boykotdu,
Padoşlanmış hər üzümüz boykotdu,
Bilməliyik, son sözümüz boykotdu,
Yoxsa buna vozdux, külək, deyirsən?

Sərdar Cəlaloğlu:
Əldən salıb bizi, düzü, yorğunluq,
Qarsıyıbdı üzümüzü yorğunluq,
Uğurun da yüz faizi yorğunluq,
Biz əfələ tərlan tülək deyirsən?

Lalə Hacıyeva:
Boykot məndə, düzü, şübhə doğurdu,
Eşidəndə məni nisgil boğurdu,
"MBH"-nin hər addımı uğurdu,
Bu uğurdan yapışaq bərk, deyirsən?

İsa Qəmbərov:
Nəfəsimi qarsdı mənim Müsavat,
Könlüm deyir AXC-də lövbər at,
Gəl, dövrəmdə sıxlaş mənim, ay brat,
Yoxsa mənə sərsəm, sərək, deyirsən?

Etibar Məmmədov:

Seçkilərə getmək özü səbrdir,
Elə Ay da göy üzündə bədrdir,
Partiyada problemim sədrdir,
Sən də mənə zəif bilək deyirsən?

Əli Kərimov:
AXC-ni sən yaratsan, ay İsa,
Qənim olsun sənə məscid, kəlisa,
Qabağında görəcəksən boş kassa,
İçində də ölü milçək, deyirsən?

Sərdar Cəlaloğlu:
ADP-də qövr eyləyibdi yaram,
Boykotdan da heç tapmıram mən aram,
Seçkilərə qoşulacaq Sərdaram,
Yenə mənə tərpəndin ləng, deyirsən.

Gördüm bunlar hələ çox deyişəcəklər. Ayağa durub bir meyxana da mən fırlatdım.

Mirzə Qərənfil:
Bu minvalla gəlməsəniz siz xoşa,
Amalınız tuş gəlibdi sərt daşa,
Radikallar, sizi düşmədim başa,
Əvvəlki tək cəfəng-cəfəng deyirsən.


Sonra qulaqlarımı tutub meyxana məclisini tərk etdim.

Digər xəbərlər