PDF Oxu

Köşə

  • 15

Kəbəyə gedən yol savabdan keçir

Kəbəyə gedən yol savabdan keçir
İlk əvvəl bütün müsəlmanlarımızı müqəddəs Orucluq ayı münasibəti ilə təbrik edirəm və hər kəsə Allah-Taalanın gözəl günlər və bol ruzi qismət etməsini diləyirəm.
Bu gün elə bir mövzudan yazacağam ki, həm aktualdır, həm vacib, eyni zamanda, həm də ən ağrılı mənəvi yerimizdir ki var. İndi hər kəs sovet dövründən sonra dinimizin, imanımızın təbliği üçün böyük azadlıqın yarandığını, hər kəsin bu işdə sərbəst olduğunu dönə-dönə qeyd edir. Burası belədir. Şübhəsiz ki, bunun da üstünə dövlətimizin dinə, dini-mənəvi dəyərlərə olan böyük qayğısını əlavə etmiş olsaq, onda görünən dağa nə bələdçi? Burası belədir. Amma məsələnin səmti bir az başqadır axı. Çünki bu boyda azadlıq və dövlət qayğısı müqabilində bəziləri yenə də dini amillərdən sui-istifadə etmək, insanları yanlış yollara istiqamətləndirmək istəyirlər. Əslində, din və dini dəyərlər, insanların mənəvi paklığının təmin olunması, onların düz yola dəvət olunması, insan kimi başqalarına əl tutulması, Allah-Taalanın verdiyi bütün maddi-mənəvi nemətləri başqa insanlarla bölüşmək üçün böyük bir ELMDİR. Yenə təəssüflə qeyd edəcəyik ki, bir para nadanlar müxtəlif dini cərəyanlar altında milli-mənəvi dəyərlərimizə ziyan vurmaq üçün min cür təxribatlara əl atırlar. Amma əsil mənəvi dəyərləri xalq özü yaşadır. Min cür nadan əməli bu dəyərlərə heç bir kölgə sala bilməz.
İndi demək olar ki, müsəlman ümməti olan hər kəsin əsas istəyi, arzusu ömründə bir dəfə də olsa müqqədəs hacı adını qazanmaq, bu yolda irəliləməkdir. Bu, çox gözəl və hər bir müsəlman üçün şərəfli sayılan arzudur. Amma son vaxtlar bu arzu bir növ yarış və ad-san qazanmaq vasitəsinə çevrilib. İndi bir çoxları hətta borc-xərc edib həccə getmək, guya müsəlmançılıqda böyük bir savab etdiklərini və ad-san qazandıqlarını hamıya nümayiş etdirmək istəyirlər. Amma bu, olduqca yanlış və müəqəddəs hacılığı nüfuzdan salan, onu cəmiyyətin gözündə adiləşdirən bir addımdır. İndi Həccə təyyarə ilə gedirlər. Özü də deyəsən, ən çox elə bizim ölkədən gedənlərdir. Bu da yaxşı. Amma baxır KİMLƏR HƏCCƏ GEDİRLƏR?
Qabaqlar ata-babalarımız Həccə piyada, atla-dəvə ilə gedərdilər. O vaxtlar el-obadan kim həccə gedərdisə, o adamın ziyarətinə bütün bir el gələr, həmin zəvvar o gündən el-obanın ağsaqqalı, məsələhətverəni olurdu. Camaat bir çətin işə düşəndə, bir ailənin və el-obanın taleyi həll olunanda bu KİŞİLƏRDƏN məsləhət alardılar. Özü də Həccə gedib-gələn adamları barmaqla saymaq olardı. Bu adamlar, əvvəla, camaat arasında böyük hörmət qazanan, savab və əməlisaleh əməlləri ilə ad çıxaran, böyük bir yerin-yurdun etibarını qazanan adamlar idilər. O zamankı KİŞİLƏR BİR İLƏ Həccə gedib gələrdilər, bu yolun bütün çətinliklərini və müqəddəsliklərini bilirdilər. Amma indi çox təəssüf ki, bəziləri, hətta bir çoxları Həccə bir növ dəb xatirinə gedir, bundan özlərinin reklam olunmaları üçün istifadə edirlər. Bu bir faktdır və heç kəs də bunu dana bilməz. Bunu daha çox yas yerlərində islam dinin gözəlliklərini, axirət dünyasının qanunlarını camaata izah etmək əvəzinə Barak Obamadan tutmuş Maykl Ceksona qədər hər şeydən danışan mollalar "icra edirlər". Öz "bazarlarının" xod getməsi üçün. Qoy desinlər ki, filankəsin məclisini filan hacı aparırdı. Yəni adi molla ilə müqayisədə burada "hörmət" də yüksəkdir axı. Sovet dövrü kiminsə hörmətli adam olmasını nümayiş etdirmək üçün ona "müəllim" deyirdilər, indi də yerlərdə bunu "hacı" sözü əvəz edib. Bu tip adamlar Həccə gedib gələndən sonra elə hərəkətlər edirlər ki, nəinki hacılığa, heç adi insani çərçivəyə də sığmır. Allahın hüzurunda hacı qədər böyük əməl sahibi olmaq üçün, o gözəl adı qazanmaq üçün elə ətrafındakı insanlara qarşı edəcəyin böyük əməlisalehliklər, gözəl rəftarlar, yetimlərə, kimsəsizlərə əl tutmağın, el-obanan xeyir-şərinə yaramağın BƏS EDİR. Biz bunları ona görə yazdıq ki, hacı sözünün nə qədər böyük və yüksək olduğunu, bəzilərinin bundan sui-istifadə etməsinin nə qədər ziyanlı olduğunu bir daha yada salaq və belə insanları bu cür əməllərdən çəkindirək. Allah bu müqəddəs Orucluq ayında hamımızı hifz etsin, günahlarımızdan keçsin və gözəl əməl sahiblərimizin sayını daha çox etsin ki, cəmiyyətimiz pis əməllərdən hifz olsun. Amin!

Digər xəbərlər