Radikallar çox istəyirdilər ki, bələdiyyə seçkilərinə blok halında getsinlər, ancaq nə illah elədilərsə, buna nail olmadılar. Bəs bloklaşma niyyəti niyə gerçəkləşmədi? Çünki hər hansı bir blokun yaradılmasında razılaşma əldə edilsəydi, problemlərin biri məntiqi ardıcıllıqla digərini əvəz edəcəkdi. Birinci məsələ qurumun liderliyi ilə əlaqədar üzə çıxacaqdı. Dərhal hər bir ifrat radikal partiya lideri öz namizədliyini irəli sürəcək və digərlərinə nihilistcəsinə tənqidi mövqedən yanaşacaqdı. Bu, yerdə hər bir lider meyxanaçılarsayaq əlini döşünə vurub, ortaya atılaraq öz şəninə təriflər yağdıracaqdı:
Əngin göy, həmçinin, Yer sənin olsun,
Vəzifə istəsən, mer sənin olsun,
Bollu qrant verən ser sənin olsun.
Rəqiblər başında duman, çənəm mən,
Blokda yeganə lider mənəm mən.
İnandırıram sizi ki, hər bir radikal lider ən məşhur meyxanaçıdan daha gözəl meyxana deməyə qadirdir. Bu məqsədlə Müsavat başqanı İsa Qəmbərova müraciət etdik. O, barmaqlarını şaqqıldadan kimi gözəl musiqi səsi eşidildi. İ.Qəmbərov ortaya düşüb meyxana dedi:
Demədim, xoş iyli müşkü-ənbərəm,
Rəqiblər yolunda daşü-qəmbərəm,
Siyasət Əslimdir, mən yanıq Kərəm.
Qoy Əli, Etibar saxlasın bir hədd,
Mənəm bloklara yeni namizəd.
Bizə xəbər verdilər ki, yaxşı meyxana eşitmək istəyirsənsə, meyxanaçılar şahından dərs alan AXCP (i) sədri Əli Kərimova müraciət elə. Bu, təklifi qəbul edib, Əli bəyin yanına getdik. O, sanki gəlişimizi gözləyirmiş ki, çalğıçılarla məşq edirdi. 4-5 tanınmış meyxanaçı da, onun qulağına nəsə pıçıldayırdı. Ə.Kərimov cuşə gəlibmiş kimi meyxanasına başladı:
Adım Əli bəydir, qamətim də şux,
Apar sənin olsun hər qara güruh,
lBMH", lMKM", lDemkonqres", lSİDSUH"
lDSİ", lDUİ" qoy sənin olsun.
Namizədlər içrə soy mənim olsun.
Dedilər Etibar Məmmədov AMİP lideri olduqdan sonra partiya üzvlüyünə qəbul etdiyi bir neçə meyxanaçının əhatəsində qərargahına doğru gedir. Biz fürsət fövtə verməyib AMİP qərargahına yollandıq. Etibarı görərkən, bədahətən dilimdən bir meyxana çıxdı:
De, arzun-niyyətin neyçün oldu xar,
Ey Lefertovoda yatan Etibar?
A dünya, de, varmı səndə etibar?
Bilmədin bu qəbil sədrin qədrini,
Baş nazir etmədin AMİP sədrini.
Deyəsən, AMİP lideri E.Məmmədovun dərdi təzələnmişdi. O, çırtma vura-vura gözucu meyxanaçılara baxıb, aldı görək nə dedi:
Uzun sabitlikdən boğulmaqda can,
İcra pultlarını əlinə alan,
Baş nazir olsaydım, olardım kalan.
Vallah, gül çöhrəmdən silinərdi qəm,
Kütlələr önündə sürünə bilsəm.
Biz AMİP qərargahından çıxarkən, meyxana məclisinin daha da qızışdığını gördük. Özümüzü verdik lMBH" lideri Lalə Hacıyevanın qərargahına. Burada meyxanaçı qadınlarla kişilər bir-birinə qarışmışdı. Lalə xanımın diqqətini cəlb etmək üçün sözümü bu qoşma ilə açdım:
At belində gədiklərdə yatanda,
Dərəyə nə düşdü, düzə nə qaldı?
Geşt eyləyib, mandatını atanda,
Əvəzə nə düşdü, sizə nə qaldı?
Lalə Hacıyeva çılğınlıqla qadın və kişi meyxanaçılara qıyğacı nəzər salıb, mənim qoşmama meyxana üstündə cavab verdi:
Şahmat taxtasında ağ atı atdım,
Layiq görüldüyüm mandatı atdım,
Reytinqi, hörməti, urvatı atdım.
Xarici qranta həvəsim qaldı,
Bir də ki, Temirxan Əvəzim qaldı.
Deyəsən, meyxanaçılar bəzi televiziya ekranlarından düşmədikləri kimi, indii də radikal partiya qərargahlarına daraşıblar. Mən bu düşüncələrdə ki, ADP sədrini qarşımda gördüm. Onun qərargahına getmədiyimə görə inciyibmiş kimi tənə ilə sərt nəzər salıb, belə bir meyxana ilə başladı:
Nə qədər radikal var, mən də varam,
Laləylə, Əliylə olmamış aram.
Rəsulu Nyu-Yorka atan Sərdaram.
Qalmışam tək-tənha indi dev kimi,
Ancaq nərildərəm əsil lev kimi.
Göz gəzdirib gördüm ki, ldiv"li-lcırtdan"lı radikal liderlər səf-səf düzülüb, Rəsul Quliyevin selektorla deyəcəyi meyxanadan sonra, hər biri öz meyxanaları ilə aranı qızışdırmaq istəyirlər. Bacardığım lLa ilahə illəllah" deyib, qaçıb aradan çıxmalı oldu. Yoxsa deyilən meyxanalardan başım şişəcəkdi.