PDF Oxu

Köşə

  • 7

Müsavat başqanı AXC sədri olmaq həvəsinə düşüb

Müsavat başqanı AXC sədri olmaq həvəsinə düşüb
2010-cu ildə Müsavatın qurultayının keçiriləcəyi gözlənilir. Başqan İsa Qəmbərov sədr seçkilərinə öz namizədliyini irəli sürməyəcəyini dəfələrlə bəyan etmişdir. Nə səbəbə o, sədr olmaq istəmir? Bəs sədr postunu kim tutacaq? Müsavat partiyasında sədr xülyasında olanlar kifayət qədər çoxdur. Ancaq radikal mövqeli qəzetlərin yazdıqlarına görə, İ.Qəmbərov öz yerinə Müsavat iqtisadçısı Qubad İbadoğlunu hazırlayır. Son vaxtlar Rauf Arifoğlunun da lYeni Müsavat" partiyasını bərpa etmək fikrindən döndüyünü deyirlər. O, İ.Qəmbərovun qurultayda sədr seçilmək istəmədiyini eşitdikdə, özü məmnuniyyətlə Müsavatın yeni sədri olmağa razılıq verərdi. R.Arifoğlunun özü ilə apardığı həmkarları da öz hamilərini dəstəkləyəcəklərini bildirirlər.
İ.Qəmbərovun sədr postundan imtina etməsini siyasət səhnəsindən getməsi kimi başa düşmək olarmı? İ.Qəmbərov nə səbəbə geri çəkilir? O, xarici maliyyə dəstəkçilərinin pulundan imtinamı etmək istəyir? Sualların hamısını müvafiq surətdə cavablandırmaq mümkündür. Ancaq İ.Qəmbərovun siyasət səhnəsini tərk edəcəyini iddia etmək yanlış nəticəyə gəlməyə əsas vermiş olardı. İ.Qəmbərov, sadəcə olaraq, sədr seçilmək istəmir. Ancaq qurultay zamanı həmkarlarının onu sədr postunda saxlayacaqları təqdirdə, o, bu postda qalmaqda davam edəcəkdir. İşdir, qurultayda hər nitq irad edən İ.Qəmbərovu pisləmək yolu tutacaqsa, bu halda, o, Müsavatın üzvlüyündən də imtina edəcəkdir. Bəs onun növbəti addımı necə olacaqdır? İndi durub desək ki, bunu yalnız bir özü bilir, müəyyən qüsura yol verməli olardıq.
Yaxın günlərdə Müsavat başqanının AXC-ni bərpa etmək haqda təklif irəli sürdüyü, yəqin ki, hamının yadındadır. Əksər müxalifətçilər bu təklifin əleyhinə çıxdılar. Ə.Kərimov, S.Cəlaloğlu, Ə.Oruc və onlarla başqaları AXC-nin bərpasının nəsə verəcəyinə inanmadıqlarını bəyan etdilər. Doğrudan da, iyirmi bir il əvvəl yaradılmış və on iki il əvvəl partiyalaşmış bu qurumu dirçəltməyin nə mənası var? Görünür, AXC-nin yenidən bərpası haqda düşünməyənlər üçün heç bir mənası yoxdur. Ancaq saman içi eşələyib, milçəkdən fil düzəldənlər üçün xüsusi mənası vardır. AXP sədri və Müsavatın deputat qrupunun rəhbəri Pənah Hüseynov İ.Qəmbərovun təklifini birmənalı tərzdə dəstəkləmişdi. P.Hüseynov bu addımı atmaqla neynəmək istəyir? Görünür, onun AXC-nin yenidən bərpası ətrafında İ.Qəmbərovla fikir birliyi mövcuddur. Yoxsa heç vaxt bir çoxları üçün cəfəng olan bir ideyanı dəstəkləməzdi. Bu yerdə müxalifət ekspertlərini dinləmək ehtiyacı duyulur.
Radikal mövqeli müxalifət politoloqları İ.Qəmbərovun indiyədək sədr postundan getməməsinin müəyyən səbəblərinin olduğunu bildirirlər. Radikal ekspertlər İ.Qəmbərovun növbəti qurultayda sədrliyə namizədliyini irəli sürməyəcəyini eşitdikdə, öz qənaətlərinin doğruluğuna əmin oldular. Proseslərin bu yöndə inkişafı, onlara öz mülahizələrini ifadə etməyə imkan vermişdir. Onların bir qismi belə hesab edir ki, İ.Qəmbərov bərpa edilməsini təklif etdiyi AXC-nin sədri olmaq niyyətinə düşdüyü üçün Müsavat başqanlığından imtina etmişdir. Görünür, İ.Qəmbərov AXC sədri olduqdan sonra ətrafına hansı partiyadan nə qədər adam toplanacağını hesablamışdır.
Bir çoxlarının kəskin etirazlarına baxmayaraq, İ.Qəmbərov AXC-nin bərpasına girişmişdir. Onun bu işə ciddi yanaşması Müsavatda işinin axsayacağı təqdirdə, o, üstünlüyü AXC-yə berməli olacaqdır. Ömrünün əlli ilini arxada qoyan İ.Qəmbərov nə səbəbə siyasət səhnəsini tərk etmir və nəyin bahasına olursa-olsun, bu və ya digər partiya və blokda sədr qalmaq istəyir? Bunun yüz səbəbi var. Onlardan birincisi xarici donor təşkilatların israfçılıqla sağa-sola sovurduqları pulları qamarlamaqda davam etməkdir. Kim desə ki, pula maraq əlli yaşından sonra azlalır, yəqin ki, İ.Qəmbərov, buna etiraz edərdi.
Artıq uzun illərdir ki, küçə yürüşləri və mitinqləri arabir öz kütləvi aksiya etiraslarını kiçik piketlərlə söndürməli olurlar. İndi hətta piketləri də dəstəkləyənlər olmur. Səbəb əhalinin radikal boşboğazlıqlarına etibar etməmələridir. Bunlar vaxtilə o qədər yalan danışmışlar ki, onları həzm edib inanmaq istəyən qalmamışdır. Gündə yüz vəd verib, heç birinə əməl etməyənlərə necə inansınlar. Dörd illik boş vədlərdən sonra hakimiyyətə gələn radikallar çərənləməkdə davam etdilər. Nəticədə AXC hakimiyyəti çökdü. O vaxtdan 16 il keçir. Radikallar isə bu yöndə mübarizələrini davam etdirirlər. On bir ildən sonra radikalların qorxduqları bir siyasi proses baş verdi. Ölkədə güclənməkdə olan siyasi sabitlik bərqərar oldu. Bundan sonra radikalların sıraları seyrəlməyə başladı. Bir çoxları konstruktiv mövqe tutdular. Radikalların sayı azalsa da, öz mövqelərindən dönmürdülər. Ancaq onların kitabı bağlanmışdı.
Bu gün İ.Qəmbərov AXC-ni yenidən bərpa etmək fikrinə düşüb. Deyəsən, o, iyirmi bir illik tarixin təkərini geri göndərmək istəyir. Ancaq qatarın çoxdan getdiyini başa düşmür.

Digər xəbərlər