PDF Oxu

Köşə

  • 10

Başqana bir kəlmə söz

Başqana bir kəlmə söz
Ey gidi dünya, bu dünya necə də fani və vəfasızdır. Maykl Cekson bu dünyadan necə mümmalı getdisə, bütün fanatları və dünya musiqisi qəmə qərq oldu. Londonun küçələrindən tutmuş, məsələn, bizim ən ucqar kəndlərimizdəki qulağı "nauşnik"li kənd uşaqlarına qədər hamı o adamın hüzrünə bərk üzüldülər. (Bəyəm müsəlman estradaya, M.Ceksona qulaq asa bilməz. Ruslar demişkən, "tembole" naxıra getməkdən bezən bizim kənd uşaqları üçün M.Cekson dünyanın ünlü pop ulduzu idi.)
Hələ siz ABŞ-ın ATƏT-in Minsk Qrupundakı həmsədri, hələ üstəlik, Anadolu türklərinin yeznəsi sayılan Metyu Brayzanı demirsiniz. Kişi keçən gün jurnalistləri başına yığıb vida mərasimi keçirtdi və az qala ağlayaraq halallıq istədi. Eh, əziz xələf damatımız, yeznəmiz, halal olsun sənə su yoluna çevirdiyin Vaşinqton-Bakı yolu, halal olsun sənə Bakıda yediyin quzu ətindən hazırlanan kabablar, halal olsun sənə bizimlə məzələndiyin günlər. Yeznə belə olar. Yoxsa özümüzün yeznələrimiz, qızı alandan sonra, qayınana-qayınatadan halallıq almaq nədi, heç çevrilib "sağ ol" da demirlər ki, neçə illərdir böyütmüsən, indi əlindən alıb aparıram. Yerli yeznələri də başa düşmək olar, çünki bizdə "qaynana" mifi daima yeznələrin başı üzərindən asılan DOMOKL QILINCI olub axı.
Nə isə mövzudan uzağa getməyək. Nəsə deyəcəkdim axı? Hə söhbət bizim müxalifətdən gedir. Amma bizim müxalifətdə Allah eləməmiş heç kim o dünyaya getmir. Heç bunu arzulamazdıq da. Çünki biz hamının Allah-Talanın verdiyi ömürü başa vurmasını və ailə-uşağı ilə rahat yaşamasını istərdik. Bundan əvvəl and-aman eləmişdim ki, daha müxalifət deyilən zatlara baş qoşub vaxtımı boş şeylərə sərf etməyəcəyəm. Amma olmur! Allah Arif Hacıyevə insaf versin. Avqustun bu günü, yağış yağandan sonra elə bir bürkü var ki, adamın dərisini ətindən ayırır, bu da dur denən ki, - bax, bərk durun ha, əsil sensasiya gəlir. Bəs İsa Qəmbərov heç vaxt Müsavatdan getməyəcək!
Paho, inandırım sizi, mən cəhənnəmə, dünyanın supergücləri olan Ağ Ev yiyəsi Barak Obama, arvadbazlığı ilə Putinin zəhləsini tökən şorgöz italyan Silvio Berluskoni, (Bu Berluskoni lap ağını çıxarıb axı. "Milan"ın sahibi olan bu qoca mister fransız gözəlçəsinə demişdi ki, Putinin çarpayısında məni gözlə gəlirəm. Ətin tökülsün, qoca italyan!) Yelisey sarayının sahibi Nikolya Sarkozi, Rusiya prezidenti Dmitri Medvedev səhər yuxudan ayılanda A.Hacıyevin açıqlamasını görüb dəliyə çevriliblər. Bütün Avropa Birliyi ölkələrində fövqəladə vəziyyətdir. İspaniya, İtaliya, Almaniya, İngiltərə qəzetlərin manşetlərində yalnız bu cümlələr yazılıb: "Başqan gedir!" A.Hacıyevin açıqlamasından sonra OPEK belə neftin qiymətini kəllə-çarxa çıxarıb. Anadolu türkü demişkən, "yapma, İsa bəy".
A.Hacıyev, açıq və səmimi danışacağam. Çünki qoy bu yazını iyirmi-otuz il bundan sonra oxuyan adamlar yazıdakı faktların səmimi və əsil həqiqətə söykəndiyini görüb, bu yazıdan İSTİFADƏ ETSİNLƏR. Əvvəla, İ.Qəmbərovun Müsavatdan gedib-getməməsinin kimə nə dəxli var və bu, nəyi dəyişir ki? Hamı bilir ki, hazırkı müxalifət rəhbərləri dünyanın ən murdar diktatorları kimi azı iyirmi ilə yaxındır ki, özfəaliyyət dərnəyinə çevirdikləri müxalifət partiyalarında, altlarına bir kreslo qoyub ikiəlli ondan yapışıblar. Müxalifət it günündədir, onun komediya hədəfinə çevrilən rəhbərləri yenə də sərsəm-sərsəm, adamın ürəyini ağzından gətirən mənasız açıqlamalarla baş girlədirlər. Yoxsa yalan deyirəm? Yoxdu e Müsavat, A.Hacıyev! İsa bəy iyirmi ildir ki, Müsavatı elə günə qoyub ki, dünyanı ağuşuna almaqda olan "donuz qripi"nin iyi gəlir. Qəti şəkildə əminəm ki, bu yazını oxuyan müsavatçılar da yazdıqlarımı başlarını tərpətməklə təsdiqləyəcəklər. Çünki fakt budu və heç kəs əlahəzrət həqiqətdən QAÇA BİLMƏZ. Siz, sadəcə və sadəcə, əvvələr kütlə psixologiyasındakı siyasi diletantlığa ümid edib özünüzə tərəfdar toplamaq istəyirdiniz. Amma keçdi o vaxtlar bəy, vallah, KEÇDİ! İndi hamının gözü dörd açılıb, daha boş sözlər mədədən keçmir e. Rəhmətlik Əbülfəz Elçibəyin komandasında ola-ola, onun kürsüsünə siyasi bomba quraşdıranda bilmirdiniz ki, gec-tez sonunuz belə olacaq? İsa bəy, indi siz heç kim üçün maraqlı deyilsiniz e, hətta müsavatçılar da artıq sizinlə maraqlanmırlar. Yadıma gəlir, qabaq mitinqlərdə nostalji hisslərlə başı dumanlanan adamlar sizin "Mersedes" maşınınızı dövrəyə alıb "başqan" deyə bağırırdılar. Bu təxminən 5-6 il bundan əvvəl olardı. Amma o gün siz "Nizami" metrostansiyasından yuxarıda yerləşən "Kaspian Plaza" otelindəki tədbirdən çıxıb maşınınıza əyləşəndə, heç kim, hətta əyləşdiyim avtobusun sərnişinləri də sizə tərəf heç boylanmadılar da. Hətta kimsə "bu, İsa bəydir?" deyə soruşsa da, hamı öz işində-gücündə idi. Deməli, siz artıq siyasi arxiv qovluğunda "yaşayırsınız", bəy. Bilirəm, müşdüyünüzə qullab vurub mənə qəzəblənəcək və bunun həqiqət olmadığını deyəcəksiniz. Amma İsa bəy, sizlər nə Müsavat üçün, nə də HEÇ KİM üçün heç bir əhəmiyyət daşımırsınız. Oturun memuarlarınızı yazın, o qatar bir daha gəlməz!

Digər xəbərlər