PDF Oxu

Köşə

  • 17

Xaric erməniləri dəstəkləyir, radikallar isə öz maraqlarını güdür

Xaric erməniləri dəstəkləyir, radikallar isə öz maraqlarını güdür
Əvvəl bir müxalifət var idi və o, xalqın etimadını fasiləsiz mitinqlər dağıdılarkən, 20 Yanvar faciəsi baş verərkən və 26 Fevral Xocalı soyqırımından sonra şam kimi öləzitdi. AXC hakimiyyətinin bir işinin tamamında isə bu inam itirildi. Sonra tədricən formalaşmaqda olan müxalifəti isə növbəti on il ərzində ümummilli liderin qüdrəti yaşatdı. 2003-cü ilin payızında müxalifət iki hissəyə parçalandı: konstruktiv və radikal müxalifət.
Radikallarla konstruktivlər arasında mübarizə iki il davam etdi. Bundan sonra konstruktiv müxalifətdə yumşalma, radikallarda isə ifratçılıq daha da artdı. Bundan sonra aradakı mövcud sərhəd götürüldü. Hər cinah öz adı ilə adlandırıldı. O vaxtdan konstruktiv müxalifət xalq və dövlətçiliyin, ifrat radikal müxalifət isə xarici ölkələrin maliyyə təşkilatlarının xidmətində durmağa üstünlük verməkdədir.
İndi bizim radikallarımızı da, torpaqlarımızı işğal edən erməniləri də xaric müdafiə edir. İfrat radikallar bizimlə birlikdə yaşayır, ancaq xaricdən pul alıb, maliyyə təşkilatlarının xeyrinə işləyir. Sabitlik havası onların nə xoşuna gəlir, nə də onları təmin edir. Radikalların yeganə arzusu xaos və qarşıdurmadır. Onlar sabitlik havasında boğulan kimi, dərhal maliyyə dəstəkçilərinə şikayət edirlər ki, iqtidar onların ciyərlərinə gedən havanın qarşısını alır. Ən pis halda bu demokratiya carçıları cinayətkar əməllərdə suçlu bilinənləri qəhrəman timsalında təqdim edir və həbsxanaların "siyasi məhbuslar"la dolu olduğunu deyirlər. Bir sözlə, xaric onların üzərinə öz demokratiya örtüyünü sərib müdafiə etməkdədir. Hətta konstruktvlər də onların xalq və dövlətçilik yoluna qayıtmalarını məsləhət görür. Ancaq ifrat radikallar asan yolla qazanc əldə etməkdən əl çəkə bilmirlər.
1994-cü il 12 may Bişkek sazişini imzalayaraq, atəşkəsə nail olduqdan sonra xaric bizdən xahiş edirdi ki, hücum edib işğal altında olan torpaqlarımızı Ermənistandan silah gücünə almayaq. Xaric məsləhət görür ki, biz ermənilərlə məsləhətləşib razılığa gələk. Tez-tez dəyişən Ermənistan hökuməti isə bunu istəmir. Xaric ikili standartlar prizmasından çıxış edib, bizi səbirli olmağa çağırır, ancaq ermənilərə demir ki, işğal etdiyimiz Azərbaycan ərazisini tərk edin.
Xaric həm də bizim radikalların xidmətindən istifadə edib, ermənilərə yardım edir. Radikalların beynəlxalq təşkilatlara göndərdikləri donos və hesabatlar xaricin maraqlı dairələrinin bizimlə ermənilər arasında bərabərlik işarəsi qoymalarına zəmin yaradır. Bu bərabərlik işarəsi ikili standartlar adlanan meyardan ibarətdir. Ancaq unutmamalıyıq ki, bu addımı bizim radikallar könüllü surətdə atırlar. Özü də az miqdarda qrant müqabilində. Ancaq söz danışmağa gələndə, deyirlər ki, Qarabağ məsələsinin ərazi bütövlüyümüz çərçivəsində həllində bir-birindən fərqlənən iqtidar-müxalifət mövqeləri ola bilməz.
Superölkələr də ərazi bütövlüyümüzü tanıdıqlarını bildirirlər. Avropa Birliyi, ABŞ və Rusiya Dağlıq Qarabağ probleminin ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü təsdiqləyir. Ancaq Ermənistan rəhbərliyi problemin Qarabağ ermənilərinin öz müstəqilliklərini təyin etmək hüququ çərçivəsində həllinə nail olmağa cəhd edir. Bu, beynəlxalq prinsiplərə ziddir. Ancaq bununla belə, heç bir superdövlət Ermənistan rəhbərliyini yerində oturtmur. Rusiya qorxur ki, Ermənistan onun forpostu olmaqdan imtina edər. Avropa Birliyinin xristian təəssübkeşliyi öz yüksək həddində qalmaqdadır. Birliyə üzv olan ölkələrin əksəriyyəti "erməni soyqırımı" məsələsini öz parlamentlərində qəbul ediblər. Fransa isə bir az da qabağa gedərək, az qalmışdı ölkə hüdudunda "erməni soyqırımı"nı inkar edənlər əleyhinə cinayət işi qaldırsın.
Avropa Birliyi ölkələri Türkiyəni yalnız müsəlman ölkəsi olduğu üçün öz qurumlarına yaxın buraxmırlar. ABŞ isə bizə dost deyə-deyə tələb edir ki, İraqda və Əfqanıstanda terrorçularla mübarizə etmək üçün ordu göndərək. Özü isə problemimizə barmaqarası yanaşır. ABŞ erməni terrorçuları ilə nə özü məşğul olur, nə də bizi məşğul olmağa qoyur. Ancaq ABŞ, mütəmadi olaraq, Ermənistana yardım göndərməkdə davam edir. Beləliklə, bizi özlərinə dost adlandıran superdövlətlər problemlərimizə biganəlik göstərməkdə davam edirlər. Bununla da, işğal olunmuş ərazilərimizin geri qaytarılması ideyası ilbəil düyünə düşür. Biz torpaqlarımızı parçalanma dövründə işğala məruz qoymuşuq. Onun xilası üçün birliyimiz vacibdir. İfrat radikallar hətta bu məqamda da xarici qrantlara işləməyə üstünlük verirlər. Bu da onlarla ermənilər arasında ciddi fərq olmadığını sübut edir.

Digər xəbərlər