PDF Oxu

Köşə

  • 10

Siz xalqın qəlbindəsiniz, Səyavuş Aslan!

Siz xalqın qəlbindəsiniz, Səyavuş Aslan!
Hər dəfə Bakının küçələrində ağır-ağır addımlayan o BÖYÜK İNSANI görəndə, bir anlığa ağlımdan və düşüncəmdən elə fikirlər gəlib keçir ki. Həm qürur keçirirəm, həm də sonradan onu itirəcəyimizə görə ürəyim bərk ağrıyır. Bu ölkədə, bu şəhərdə yaşayan BİZLƏR bu böyük insanları sonradan itirəcəyimizi çox vaxt ağlımıza da gətirmirik. Amma bir gün göz açıb onları bir daha bu şəhərdə addımlayan görmürük. Milli Dram Teatrının yanında yaşayanda, Kamal Xudaverdiyevin gündə gəlib yaxınlıqdakı aptekdən dərman aldığını və asta-asta evinə doğru getdiyini, demək olar ki, bəzən hər gün müşahidə edirdim. Sonra eşitdim ki, o böyük sənətkar daha YOXDUR! Həmişə tarixdə böyük sənətkarları itirmək dəhşətli olur. Vaxt gələcək, gələcək nəsillərə bu böyük sənətkarla bir şəhərdə addımladığımı, bir havadan nəfəs aldığımı danışacağam. Həm də sonra dərindən bir təəssüf ahı çəkəcəm. Budur həyat, həm də bu bir həyat hekayəsidir, bundan qaçış yox!
Neçə gündür ki, onun haqqında yazmaq istəyirəm. Əslində, ondan dönə-dönə üzr istəyərək, yazıram bu yazını. Çünki Azərbaycan adlı məmləkətin son iki əsrdə yetişdirdiyi ən böyük sənətkarlarından biri haqqında yazmaq, vallah, primitiv şablon "müəlliflərin" sözü olmasın, çox, lap çox çətindir. Azərbaycan kino və teatr sənətinin, səhnəsinin canlı tarixidir Səyavuş Aslan!
Bəzən ən böyük çatışmayan cəhətimiz bilirsiniz nədir? Vaxtında böyük insanlara qiymət verə bilməmək, öləndən sonra isə onları geninə-boluna vəsf etmək. Yox, bu, çox, lap çox dəhşətli mənzərədir. Yadıma gəlir, uşaq olarkən, indiki üzdəniraq və əttökən "şou-biznes" rüsvayçılıqlarından fərqli olaraq, biz O BÖYÜK SƏNƏTKARLARIN sənət əsərlərinə tamaşa edərdik. O vaxt bu böyük insanların bütün cəmiyyəti bircə kəlmə nəsihətli kəlamlarla insanlığa və mənəviyyata qaytara bilən gözəl tamaşaları hər evdə sevilə-sevilə baxılırdı. Hamı S.Aslanın insanları düşüncəyə, mənəviyyata səsləyən gözəl rollarına sevə-sevə tamaşa edirdi. Bəs indi? Allaha şükür ki, indinin özündə də ölkə televiziyalarında nümayiş olunan "Hicran", "Sən həmişə mənimləsən" tamaşaları, "Əhməd haradadır", "Ulduz" "Bəyin oğurlanması", "Yol əhvəlatı", "Yuxu" kimi gözəl kino əsərləri balaca uşaqların da sevimlisinə çevrilib. Çünki bu sənət əsərlərini BÖYÜK SƏNƏTKARLAR HAZIRLAYIBLAR axı! İndinin uşaqları isə yalançı və primitiv "ulduz müsabiqələrindən" elə iyrəniblər ki, o məsum gözləri ilə əsil SƏNƏT, SƏNƏTKARLAR axtarırlar.
Bu yaxınlarda "Xəzər" televiziyasının "Ay Zaur" verilişində böyük sənətkar S.Aslanın etirafları və indiki həyatı barədə fikirləri efirə verildi. Böyük sənətkar illər boyu qurtula bilmədiyimiz və yuxarıda qeyd etdiyim LAQEYDLİKDƏN şikayətlənirdi. Milli Parkda hər gün asta-asta gəzib dolaşan bu böyük insan onu unudanlardan, qapısını bir dəfə də açmayanlardan giley-güzar edirdi yaman. Amma öz yaxınları ilə yanaşı bütün insanlardan incimişdi Səyavuş müəllim. Ömrünün zirvə yaşını yaşayan bu böyük insanı yoluxmaq, ona baş çəkmək, tək qoymamaq təkcə övladlarının yox, bizim hər birimizin müqəddəs işmiz olmalıdır. Çünki o övladlarından daha çox Azərbaycan teatrı və kinosu üçün canını verib axı! Onu unutmaq Azərbaycan teatrını və incəsənətini birdəfəlik unutmaq deməkdir. Bu adam Azərbaycan incəsənətinin qızıl dövrünün yaradıcılarından biridir, o, ən azı yüz illər, on nəsil dəyişəndən sonra da, ən əsası Azərbaycan durduqca hər bir insanın qəlbində yaşayacaq BÖYÜK SƏNƏTKARDIR. Gəlin bu böyük insanlara sağlığında dayaq olaq, Azərbaycan mədəniyyətinə və teatrına göstərdikləri böyük xidmətlərə görə onlara öz əməllərimizlə təşəkkür edək. Çünki səhərlərin birində onları bu şəhərdə görmədikdə pafoslu çuval dolu təriflərin bir qəpiklik də olsun qiyməti olmayacaq qardaşlarım, bacılarım.

Digər xəbərlər