AXC-ni bərpa etmək ehtirası səngimir, “ACP”-də isə qarayara sindromu güclənib
Deyirlər Müsavat bölgələrdə müşavirələr keçirməyi planlaşdırır. Gənc müsavatçıların dediklərinə görə, İ.Qəmbərov 2010-cu ildə keçiriləcəyi nəzərdə tutulan qurultayda başqanlığa namizədliyini irəli sürməyəcəkdir. ADP sədri Sərdar Cəlaloğlu deyir ki, onun təmsilçisi olduğu partiya sentyabrdan etibarən bələdiyyə seçkilərində iştirak etmək üçün hazırlaşmaqdadır. "ACP"-nin sədr müavini Nizami Məmmədov isə öz cari işlərini hüquq müstəvisində həll etməyə başlayacağını deyir.
Partiyalarda görüləcək işlər barədə bunları öyrənməyə nail olduq. Müsavatçıların dediklərinə görə, İ.Qəmbərov hələ başqandır və o, təklifini gerçəkləşdirmək üçün var gücünü sərf edəcəkdir. Təklifi, yəqin ki, oxucuların yadında olar. O, AXC-ni klassik formada bərpa etmək təklifi ilə çıxış etmişdi. İndi də deyir ki, təklifi başa çatdırmaq istəyirəm. Çoxları İ.Qəmbərovun Bu təklifini "cəfəng ideya" kimi xarakterizə edib, ikrahla ondan üz çevirdilər. Ancaq AXP sədri Pənah Hüseynov kimi onun təklifini dəstəkləyən azsaylı adamlar da tapıldı. İ.Qəmbərov yəqin bu cür dəstəkçilərin köməyindən faydalanmaq istəyir.
S.Cəlaloğlu daş adıb, başını tutur ki, bu, dünyasında baş tutası sevda deyil. O öz arqumentini tanınmış bir Avropa aliminin ifadəsi ilə möhkəmləndirib deyir ki, keçmişdə fəal olmuş hər hansı bir qurumu süni surətdə 20 il sonra dirçəltməklə heç bir effekt əldə etmək qeyri-mümkündür. İ.Qəmbərov isə nə S.Cəlaloğlunun, nə də onun tarixçi aliminin "sönük" arqumenti ilə razılaşmaq fikrində deyil. O, tezliklə sübut edəcəkdir ki, hətta 20 ildən sonra da AXC-ni maksimal dərəcədə işlək hala salmaq mümkündür. 2010-cu ildə başqan seçkilərində başqasına səs verdikdən sonra memuar yazmağa girişən İ.Qəmbərov gənc müsavatçılara tövsiyə edəcəkdir ki, 30 ildən sonra AXC-ni yendən bərpa etmək üzərində düşünüb, onun ideyalarını əbədiyaşar etsinlər.
Müxalifətin "ideya generatoru" adını almış AXC iqtidarının qarpızsatan baş naziri P.Hüseynov İ.Qəmbərovun təklifindən dördəlli yapışmağı lazım bilmiş və o vaxtdan indiyədək qopub ayrılmağa nail olmamışdır. Bir AXC iqtidarı dövründə başçı olmasa da baş nazir postunadək yüksəlməyə nail olan P.Hüseynov elə zənn edir ki, AXC yenidən bərpa olunsa, onu yenidən baş nazir seçəcəklər. Buna görə də, istəyir qabağa düşüb, bui şin təməlini öz əli il qoysun. P.Hüseynov özünü radikalların hamısından fəal hesab edir. Deyir sənin sağlığını görüm, Milli Məclisdə hansı məsələni istəyirəm, müzakirəyə çıxarıram, hansını istəyirəm, ləğv edirəm. Əslində, P.Hüseynovun qeyri-ciddilikdən uzaq olan Milli Məclisdə ancaq narazı çığır-bağırları eşidilir. İndiyədək deputatların heç biri onun normal bir təklif verdiyini xatırlamırlar.
P.Hüseynovu AXC-ni bərpa etməklə baş-başa qoyub, keçirik başqa məsələyə. "ACP" ADP-dən ayrıldıqdan sonra özünü qurumun lideri elan edən Rəsul Quliyev okeanın o tayındakı isti yerini soyutmaq həvəsindən uzaq olmuşdur. Liderin tabeçiliyində olan funksionerlərlə selektor əlaqəsi yaratması "ACP" sədri Akif Şahbazovun xoşuna gəlmədi. R.Quliyev selektor əlaqəsi ilə kifayətlənir, "ACP"-nin maliyyə təminatını get-gedə azaldırdı. "ACP" kiçildikcə kiçilirdi. Nəticədə partiya sovet dövründə içərisinə taxıl doldurulmuş məscidə bənzəməyə başlamışdı. A.Şahbazov bir növ liderinin qayğısızlığından inciyib, doğulduğu Biləsuvara çəkildi.
"ACP"-də sükut hökm sürdüyündən, funksionerlərin böyük əksəriyyəti A.Şahbazovun yoxluğuna xüsusi məna vermədi. Ancaq ürəyindən qara qanlar axan və dilində qarayara bitən veteran legioner Zəminə Dünyamalıyeva məsələni bu cür vəziyyətdə qoya bilməzdi. O, A.Şahbazovun ardınca o qədər nifrin və qarğış yağdırdı ki, axırda o, qərargaha gəlib rəsmi surətdə istefa verib yenidən getdi. Ancaq nədənsə müşaviri sədr kürsüsündə əyləşdirmədilər. "ACP"-nin sədr müavini vəzifəsinə müvəqqəti olaraq Nizami Məmmədov təyin edildi.
Qarayara Z.Dünyamalıyevanın dilindən düşüb dilçəyində bitdi. O, elə bir dəli nərə çəkdi ki, Koroğlu sağ olsaydı, bu Ərəbzəngiyə qibtə edərdi. N.Məmmədov deyir ki, partiyada lider müşaviri vəzifəsi yoxdur. Onun dediyinə görə, Z.Dünyamalıyeva bu adı özü özünə verib. Yeni sədr müavini bu arvadın uzun müddət deyindikdən sonra, axırda yorulub susacağını bildirir.