PDF Oxu

Köşə

  • 34

Qəmbərin itməkliyi, yaxud Danabaş partiyasının əhvalatları

Qəmbərin itməkliyi, yaxud Danabaş partiyasının əhvalatları
Böyük Mirzə Cəlil kiçik həcmli hekayələri, ölməz pyesləri, ibrətamiz felyetonları və bir kiçik həcmli povesti ilə ata-babalarımızın şüurlarında inqilab yaratmağa nail olmuşdur. O, iri həcmli romanlar,trilogiyalar, epopeyalar da yarada bilərdi. Ancaq geniş ictimai dairələrdə çoxluğun hövsələsini basıb iri əsərləri oxuyub başa çatdırmaq imkanı yox idi. Dövr kiçik həcmli, ancaq ruhları titrədən əsərlərin yaranmasını tələb edirdi. Cəlil Məmmədquluzadənin bütün əsərləri məhz bu məzmun üzərində köklənmişdi. Onun ən böyük əsərinin-posvestinin iki adı vardı: Danabaş kəndinin əhvalatları və ya eşşəyin itməkliyi.
XIX əsrin kənd və şəhər həyatında dəvədən, atdan və qatırdan sonra ulağın və eşşəyin bir nəqliyyat vasitəsi kimi böyük əhəmiyyəti vardı. O vaxt kasıb-kusubun atdan-dəvədən istifadə etmək imkanı yox idi. "Eşşəyin itməkliyi" povestinin qəhrəmanı Məmmədhəsən əmi müsəlman idi və sini 55 yaşını keçənədək ziyarətə getmək arzusu çin olmamışdı. Eşşəyi də, bu niyyətini gerçəkləşdirmək üçün, ailəsinin boğazından kəsib almışdı. Artıq o, ziyarətə piyada getmək gücündə deyildi.
Mirzə Cəlil ona görə böyük sənətkar hesab edilir ki, əsərlərinin məzmun və məfkurə dairəsi gələcəyin bütün dövrlərini əhatə edir. XXI əsrin birinci onilliyinin başlanmasına yarım il qalmış Müsavat başqanı İsa Qəmbərovun yoxa çıxması haqda xəbər radikal mövqeli qəzetlərin səhifələrinə çıxarıldı. Xatırladırıq ki, İ.Qəmbərov slavyan "ov" şəkilçisini soyadından atdığından yerdə Qəmbər qalmışdı. Bu Qəmbərin qəmbərqulusu çıxdıqdan sonra, onun yoxa çıxması Mirzə Cəlilin əsəri ilə səsləşirdi. Məmmədhəsən əminin də eşşəyi itmişdi. Burada başlıca məsuliyyət onun öz üzərinə düşürdü. Çünki o, eşşəyini öz əli ilə kəndin kattası Xudayar bəyə vermişdi. O da ulağı minib şəhərə getmişdi, geri qayıdanda isə piyada gəlmişdi. Kattadan eşşəyini tələb etməyə cürəti çatmayan Məmmədhəsən əmi şəhər karvansarasında ulağı tapmayıb pristava şikayətə getmişdi. Orada "nə şiş yansın, nə kabab" prinsipinə uyğun elə bir dolaşıq cümlə işlətmişdi ki, nə pristav, nə də yaxındakı bir neçə tərcüməçi bu ifadədən baş çıxara bilməmişdi.
Müsavat partiyasının verdiyi bəyanatda qəmbərin yoxa çıxması bildirilir. Bu qəmbərin çay daşı, yoxsa İ.Qəmbərov olduğu yalnız "Yeni Müsavat" qəzetinin səhifələrində aydın izahını tapmışdı. Qəzet İ.Qəmbərovun istefa vermədən yoxa çıxdığını yazır. "Yeni Müsavat"ın baş redaktoru Rauf Arifoğlu belə hesab edir ki, İ.Qəmbərov bir çox həmkarlarını xəbərdar etmədən, izsiz-soraqsız yoxa çıxdığından, 48 saat gözlədikdən sonra, onsuz da təfəkkürü pas atmış başqanı başqasının xeyrinə istefaya göndərmək lazımdır. Görəsən, R.Arifoğlu İ.Qəmbərovun itməkliyindən niyə bu qədər sevinir? Başqanın yoxa çıxması haqda partiya qərargahında nə deyirlər?
Qərargahda gecə-gündüz "bditelliyini" itirməyən partiya icra aparatının rəhbəri Arif Hacıyev deyir ki, başqan itməyib, o, sadəcə olaraq, istirahətə çıxıb. Ancaq Müsavatın funksionerlərinin bəziləri İ.Qəmbərovun özünü əməlləri ilə Məmmədhəsən əminin eşşəyindən də ucuz etdiyi qənaətindədirlər. Bəziləri isə deyirlər ki, onun itməsindənsə, bir parça qəmbərə çevrilməsi daha faydalı olardı. Yəni o zaman bu daş ən azı bir nəfərin evinin divarının möhkəmliyini təmin etmiş olardı.
R.Arifoğlu tərəfdarları isə itmiş İ.Qəmbərovun yerinə yeni sədr gətirməyi təklif edirlər. Əlbəttə, istərdilər ki, öz namizədləri R.Arifoğlu bu postu tutsun. "Yeni Müsavat" qəzetinin baş redaktoru dəvət ediləcəyi təqdirdə, başqanlıq postunu tutmağa hazır olduğunu bildirir. Ancaq bir çox Müsavat funksionerləri ehtiyat edirlər ki, başqan qəflətən əlidolu halda geri qayıdır və əleyhdarlarının hamısının "qormut"unu kəsər.
Ola da bilər ki, İ.Qəmbərovun yoxa çıxması partiya sirridir. Bəlkə o, təkbaşına hansısa məxfi missiyanı yerinə yetirməyə gedib. Ola da bilər ki, tək getməyib. Məgər "DSİ" Londonda təsis edilərək, "dördlər" gizli surətdə ora yollanmamışdılarmı? Budur məsələnin ən mürəkkəb hissəsi. Güman ki, tezliklə bütün müəmmalar aşkarlanacaq.

Digər xəbərlər