PDF Oxu

Köşə

  • 16

Bizim radikallar, ABŞ demokratları və digərləri

Bizim radikallar, ABŞ demokratları və digərləri
Müsavat başqanı İsa Qəmbərov yoxa çıxmamışdan bir qədər əvvəl ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri Coanna Taksonla görüşüb dərdləşmişdir. Əldə etdiyimiz məlumata görə, başlıca mövzu bələdiyyə seçkiləri haqda fikir mübadiləsi aparmaq olmuşdur. Daha sonra İ.Qəmbərov ölkədə söz və mətbuat azadlığının olmamasından, həbsxanaların siyasi məhbuslarla doldurulmasından və radikal mövqeli jurnalistlərin azadlığa buraxılmamalarından geninə-boluna şikayətlənmişdir.
Bilmirəm ABŞ səfirliyinin əməkdaşı bu şikayətləri Barak Obamaya məruzə edəcək, yoxsa Dövlət Departamentinə təqdim edəcək. Hər iki halda, hadisələrin gedişi heç də Azərbaycanın xeyrinə deyil. B.Obamanın atası Hüseyn müsəlman olsa da, bu qaradərili prezident ermənilərin türklər tərəfindən böyük fəlakətlərə düçar olunmalarını onlara xalis erməni dilində "meds yeqhern" deyərək təqdim etmişdi. Çünki onun amerikalı anası xristiandır və B.Obama da ermənilərə xristian həmrəyliyi göstərmək məcburiyyətində qalmışdır.
ABŞ Dövlət Departamentinin ermənilərə rəğbəti o qədər də çoxdur ki, indiyədək bizi "907-ci düzəliş"lə cəzalandırıb deyir ki, zavallı erməniləri blokadaya alıbsınız. İ.Qəmbərovun hərəkətlərini kor-koranə təqdim edən AXCP (i) sədri Əli Kərimov isə, analoji addım ataraq, ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun Azərbaycan üzrə direktoru Ceyk Consla görüşüb bələdiyyə seçkiləri və ölkədaxili problemlər haqda fikir mübadiləsi aparmışdır. Ə.Kərimov da İ.Qəmbərov kimi iqtidarın yürütdüyü xarici və daxili siyasətindən geninə-boluna şikayətlənmişdir. Hələlik, Ə.Kərimov qərargahında qalsa da, İ.Qəmbərov yoxa çıxmışdır. Ola da bilər ki, bəzi məsləkdaşları onun yoxa çıxmasını istərdilər.
Həmin vaxtlar, yəni avqustun əvvəllərində Azərbaycanın müdafiə naziri Səfər Əbiyev Rusiyanın müdafiə naziri Anatoli Serdyukovu qəbul etmişdi. Başlıca məsələ Azərbaycan və Rusiyanın hərbi-texniki sahədə əməkdaşlıq perspektivlərinin inkişafı olsa da, bizim nazir rusiyalı həmkarına dedi ki, forpostunuzun başçısı Serj Sarkisyan konfliktin həllini uzadacağı təqdirdə, biz torpaqlarımızı hərbi yolla qaytarmaq məcburiyyətində qalacağıq.
Bu üç epizodik hadisə müxalifətin və iqtidar nümayəndələrinin nə etdiklərini, işlərini hansı yöndə qurduqlarını parlaq surətdə göstərməkdədir. Azərbaycan və Rusiya müdafiə nazirlərinin danışıqlarının mətni Ermənistan rəhbərliyinin kürkünə birə salmışdır. Serj havalandığından, ağzına gələni danışmağa başlamışdır. Bir il əvvəl 5 günlük Rusiya-Gürcüstan müharibəsi Tbilisinin məğlubiyyəti ilə başa çatdıqdan sonra, ötən müddət ərzində, hətta ABŞ da ona kömək edə bilməmişdir. Bu səbəbdən, Gürcüstan asanlıqla növbəti dəfə Rusiyanın işğal hədəfinə çevrilə bilər. Bundan sonra, rəqiblərinin gerilədiyini görən Rusiya Tbilisini ikinci, üçüncü, dördüncü, beşinci və daha çox hücuma məruz qoya bilər. Avqustun 1-də NATO-nun baş katibi seçilmiş Rasmussen də Sxeffer kimi, Gürcüstan və Ukraynanın alyans üzvlüyünə hazır olmadıqlarını bildirib. Bu, ABŞ-ın cavabı ilə analogiya təşkil edən Avropa Birliyinin cavabı kimi başa düşülməlidir.
Bu, o deməkdir ki, ABŞ və Avropa Birliyi Cənubi Qafqazda Rusiyanın nüfuz dairəsinə müdaxilə etməyəcəkdir. Unutmamalıyıq ki, ABŞ-da hakimiyyət başına qaradərili demokrat gəlmişdir və bu demokrat Rusiyanın xeyrinə Çexiya və Polşada raketdən müdafiə əleyhinə qurğular inşa etməkdən imtina etmişdir. Biz bilməliyik ki, respublikaçılardan fərqli olaraq, demokratlar saman altından su yeridə-yeridə yastıqla baş kəsməyə çalışacaqlar.
Belə bir vaxtda bizim radikallar daha çox qrant qazanmaq məqsədilə iblisin özü ilə də əlaqə yaratmağa hazır olduqlarını nümayiş etdirirlər. Bu vaxt qısa müddətliyinə yoxa çıxmağı da qənimət sayırlar. Bir vaxt AXC iqtidarının baş naziri olan Pənah Hüseynov Mirzə Fətəli Axundovun təbiricə, Mərrixlə Müştərinin (Mars və Yupiter) toqquşmasından sonra yoxa çıxmışdı. Rəhim Qazıyev dar ayaqda kütlələri beyninə bir güllə çaxacağı ilə qorxudurdu. O,Mütəllimovu dəstəkləyirdi və Xocalının gedəcəyi təqdirdə, başına bir güllə çaxacağını bildirmişdi. 1992-ci ilin 15 mayında bu ifadəni onun dilindən eşidənlərdən biri də mən idim. Nəhayət, deyilənə görə Müsavat başqanı İ.Qəmbərov Məhəmmədhəsən əminin eşşəyi kimi yoxa çıxmışdır. Onu oğurlayan və ya qaçıran Xudayar bəyin kim olmasını, yəqin ki, tezliklə eşidəcəyik. Deyirik, kaş bu yoxaçıxma 2003-cü il yoxaçıxmasına bənzəməsin.

Digər xəbərlər