“MMH”-nin bərpası ideyası İsa Qəmbərovun təklifinin əleyhinədir
Bələdiyyə seçkilərinə olduqca az bir vaxtın qaldığı bir tarixi dönəmdə ifrat radikalların müxtəlif təklif və təşəbbüslərə çıxış etməkləri gözlənilən deyil və təəccüb doğurur. Yəqin ki, bələdiyyə seçkilərində iştirak etmək istəyənlər "QRUH"-un xidməti ilə kifayətlənməyəcəklər. Müsavat başqanı İsa Qəmbərovun AXC-ni klassik formada bərpa etmək istəyi radikal dairələrdə ciddi partlayışa səbəb oldu. Təklifi yalnız AXP sədri Pənah Hüseynov və İ.Qəmbərov ətrafındakı azsaylı funksionerlər dəstəklədilər. Əlbəttə, onların başlıca məqsədləri heç də bərpa edilmiş AXC ətrafında birləşmək yox, sadəcə, başqanın rəğbətini qazanmaq idi. Onlar bu hərəkətləri ilə İ.Qəmbərovun yanında olduqlarını bildirmək istəsələr də, başqanın təklifinin bir qara qəpik dəyərində qiymətinin olmadığını bütün təfərrüatı ilə başa düşürlər.
Kim nə deyir desin, AXC-nin bərpası haqqında məsələ perspektivsizliyi ilə diqqətdən kənarda qalmaqdadır. Ancaq İ.Qəmbərovun keçmiş əleyhdarları hadisələrin gedişinə adi seyrçi kimi baxmaqla kifayətlənmək fikrində deyillər. Onlar qorxurlar ki, başqanın təklifi geniş rezonans yaradıb, nüfuzunu artırsın. Odur ki, onlar rəqiblərindən daha yüksək qışqırmaq istəyirlər. Əlbəttə, söhbət heç də boğaz yırtmaqdan getmir. İndi biz İ.Qəmbərovun bədxahının adını çəkmək istəyirik. Bu, həmişə Müsavat başqanının qabağına kötük itələməyə hazır olan "KAXCP" sədri Mirmahmud Fəttayevdir.
M.Fəttayevin budəfəki hərəkəti İ.Qəmbərovun AXC-nin bərpa edilməsi təklifinə qarşı daha sarsıdıcı təklif çıxarmağı qət etməsidir. Ötən 21 əl ərzində M.Fəttayev bir neçə dəfə İ.Qəmbərovu yerində oturtmalı olmuşdu. Ən çox yaddaqalan hadisə İ.Qəmbərov AXCP (i) sədri Ə.Kərimov və ADP-nin baş katibi Sərdar Cəlaloğlu ilə birlikdə bütün müxalifətin baş təşkilatı hesab etdiyi "Azad Seçki Forumu" ("ASF") yaradıb, "üçlüy"ü onun dəyişməz rəhbəri elan etdikdə baş vermişdi. O vaxt M.Fəttayev elə bir dəli nərə çəkdi ki, dərhal səsinə 34 partiya sədri səs verdi. Onlar təcili "Demokratik Seçki Forumu" ("DSF") yaradıb, İ.Qəmbərovun "üçlər" "ASF"-sini kölgələdilər. Bundan sonra "üçlər" biabırçı surətdə "ASF"-ni ləğv edib, "Uğur" adlandırdıqları kiçik bir blokda qərar tutdular. Ən pisi isə o idi ki, onlar "Uğur"u bütün müxalifətin birlik forması elan etməyə cəsarət etmədilər. M.Fəttayev İ.Qəmbərov əleyhinə bir neçə dəfə bu cür təxribat xarakterli insident törətmişdir.
M.Fəttayev bu dəfə də sakit dayanmadı. Xatırladırıq ki, o öz "DUİ"-sini İ.Qəmbərov və həmkarlarının "QRUH"-una qarşı çıxmaq məqsədilə yaratmışdı. İndi Müsavat başqanı AXC-ni bərpa etmək istəyirsə, nə üçün M.Fəttayev sakit oturmalıdır? Belə ki, M.Fəttayev Əhməd Oruc, Elşad Musayev, Akif Nağı kimi bir sıra həmkarlarını başına yığıb "DUİ" xətti ilə keçirdiyi Qarabağ Forumunda "Milli Müqavimət Hərəkatı"nı 1994-cü il formatında bərpa etməyi təklif etmişdi. Çağırışa Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli də gəlmişdi.
Forum iştirakçıları xeyli məsləhət-məşvərətdən sonra boy boylayıb, soy söylədilər və bu hərəkətləri ilə Müsavat başqanına belə bir mesaj göndərdilər ki, qoxu buraxanın qarşısında çöməlməsələr, qarşıduran tərəf deyər ki, qorxdular. "QAT" sədri Akif Nağı dedi ki, bu məsələdə heç kəs yaxasını kənara çəkə bilməz. Müsavatın icra aparatının sədri Arif Hacıyev dedi ki, İ.Qəmbərovun iştirak etməyəcəyi bir qurumu yaratmağa heç bir lüzum yoxdur. Q.Əlibəyli "MMH"-nin bərpa edilməsinin vacibliyini vurğulayıb dedi ki, başlıca cəhət budur və hər hansı partiyanın onun işində iştirak etməməsinin əhəmiyyəti yoxdur.
Bir daha demək istərdik kik, "MMH"-nin 15 il əvvəlki halında bərpa edilməsi, faktiki olaraq, prinsipial xarakter daşımır. Forum iştirakçıları, xüsusən, İ.Qəmbərovla kontr vəziyyətində olan M.Fəttayev bu təklifləri ilə başqanın təklifini öz təklifləri ilə susdurmaq məqsədi da daşımışdır. Belə hesab edirik ki, bundan sonra İ.Qəmbərov təkliflərinin dairəsini bir qədər daraltmalı olacaqdır. Çünki AXC-nin yeni formada bərpasında heç kəs iştirak etməsə də, bunu onlara irad tutan olmayacaq. Ancaq Qarabağ Forumunun təklifi ilə bərpa olunacaq "MMH"-nin işində Müsavatın iştirak etməyəcəyi İ.Qəmbərova baş ağrısı gətirə bilər. Çünki "MMH"-yə qoşulmamaq Dağlıq Qarabağ probleminin həllindən üz döndərmək kimi başa düşülə bilər.