PDF Oxu

Köşə

  • 11

Pənah Hüseynov radikalizmin xilaskarı obrazında

Pənah Hüseynov radikalizmin xilaskarı obrazında
Ayrı-ayrı radikal partiyalar daxilində araşdırmalarımızı davam etdirsək, görərik ki, bələdiyyə seçkiləri ərəfəsində hər hansı nəzərəçarpacaq təşviqat işi aparılmır. Bəzi partiyalar bələdiyyə seçkilərinə getməyəcəklərini açıq şəkildə bəyan edirlər. Bəziləri bələdiyyə seçkilərində iştirak edəcəklərini bəyan etsələr də, hərəkətlərində fəallığa oxşar bir əlamət müşahidə edilmir. Bunu onların bələdiyyələrə maraqlarının azlığına yozmaq olardı. Sözsüz ki, onların arasında çoxlarının bəyənmədiyi bu seçkilərə maraq göstərənlər də vardır. Təəssüf ki, belələrinin səsini eşitmək olmur.
"Azərbaycan İslam Demokrat Partiyası"nın sədri Tahir Abbaslı bələdiyyələrin heç bir perspektivinin olmamasını bildirib, 2010-cu ildə keçiriləcəyi nəzərdə tutulan parlament seçkilərini hədəf etdiklərini bildirmişdir. Görünür, yalnız "AİDP" sədrinin yox, bir çox radikal partiyaların diqqətini daha çox parlament seçkiləri cəlb edir. Neyləmək olar? Görünür, bəziləri bilmirlər ki, dağın zirvəsinə qalxmamışdan əvvəl, uzun müddət onun ətəyi ilə getmək lazım gəlir.
Bu gün radikallar arasında zirvəyə baxanlar olduqca çoxdur. Bu zirvəni qət etmək arzusuna düşənlər də kifayət qədərdir. Ancaq bunun üçün onlarda çatışmayan başlıca cəhət qabiliyyətlərinin çatışmamasıdır. Əlbəttə, bir çoxları bələdiyyə qurumlarına işləmək iqtidarındadırlar, ancaq bunun üçün xüsusi həvəsləri yoxdur. Onların deputat kürsüsü tutmaq həvəsləri də, prezident seçkilərində iştirak etmək maraqları da xarici qrant qazanmaq həvəslərindən irəli gəlir.
Xarici ölkələrin maliyyə təşkilatları bizim radikalların parlament və prezident seçkilərindəki göstəricilərini dəfələrlə müqayisə etmək təşəbbüsü göstərmişlər. Nəticələr çox yarıtmaz olduğundan, heç bir xarici təşkilat havayı yerə qrantlarını göyə sovurmaq istəmir. Nəticələrinin cüziliyinə baxmayan radikallar daha çox qrant buraxılmasını istəyir və pulların piket və mitinqlərə sərf olunduğunu bildirirlər. Donor təşkilatlar isə parlament və prezident seçkilərindəki real nəticələrə pul buraxmaq istədiklərini deyirlər.
Beləliklə, sponsorlar və icraçılar arasında fikir müxtəlifliyi yaranır. Nəticədə radikallar maliyyə təşkilatlarının gözündə bir növ nüfuzlarını itirmiş olurlar. Sponsorlar başa düşürlər ki, bizim radikallara yüksək səviyyəli siyasətçilər kimi stavka etmək olmaz. Bununla belə, onların beynəlxalq təşkilatlara ötürdükləri donosların da müftə ötürülmədiyini anlayırlar. Əlbəttə, bunu radikallaşmış QHT-lər də asanlıqla bacarardılar. Ancaq bizim kiflənmiş radikallar ABŞ və Avropanın maliyyə dəstəkçilərinə, hələ ki, lazımdırlar. Bu səbəbdən də, onları cüzi tulapayı ilə mükafatlandırmaqda davam edirlər.
İndi gəlin görək, bələdiyyə seçkiləri ərəfəsində radikal partiyalar daxilində hansı məsələlər müzakirə edilir. Müsavat başqanı İsa Qəmbərov belə hesab edir ki, radikalların hamısını vahid ideoloji mövqedə birləşdirəcək yeganə birlik forması AXC-nin klassik formada bərpasıdır. Yüzlərlə radikal və konstruktiv mövqeli müxalif partiya funksionerləri başqanın bu ideyasını cəfəngiyyat adlandırırlar. Ancaq AXP sədri Pənah Hüseynov başqanın bu təklifini göydə qapmışdır. İndi P.Hüseynov fikrini-zikrini AXC-nin bərpasına yönəltmişdir. Baxmayaraq ki, ADP sədri Sərdar Cəlaloğlu "MBH" lideri Lalə Hacıyeva, AMİP lideri Etibar Məmmədov, "AİDP" sədri Tahir Abbaslı və onlarla digərləri AXC-nin bərpasının heç bir fayda gətirməyəcəyinə əminliklərini bildirirlər.
Əgər "ACP" içərisinə gedib, orada bir-iki nəfərin bələdiyyə seçkilərinə münasibətini öyrənmək istəsək, ümumi mənzərədən baş açmış olarıq. Məsələn, partiyada liderdən tutmuş heç kəsin mövqeyi ilə bölüşməyən Zəminə Dünyamalıyevaya müraciət edək. Onun cavabı təxminən belə olardı: "Nə bələdiyyələr, canım? Dünyaya təsadüfi bir səhv nəticəsində tərs gəlmiş "ACP" ağır sindromlu qarayaraya tutulmuşdur. Onu heç Rəsul Quliyevin xaricdən göndərdiyi maliyyə dəstəyi də xilas etmək iqtidarında deyil. Bu qurum iflasa doğru sürüklənməkdədir. Funksionerlər bir-birilərinin üzünə ağ olmaqdadırlar". Xatırladırıq ki, radikal partiyaların hamısı "ACP"-nin düşdüyü durumdadır. P.Hüseynov AXC-ni bərpa etməklə radikalları xilas etmək istəyir. Bu ideyanın isə müalicəvi əhəmiyyəti yoxdur.

Digər xəbərlər