Obama Qafqazda qan axtarır
Deyilənlərə görə, ötənlərdə birisi kənd-kəsəyindən çıxıb üz tutur başqa vilayətlərə ki, bəs əcəlimi axtarıram. Görən-eşidən də buna başa salmağa çalışır ki, a kişi, səninki iş deyil, get işinlə məşğul ol. Yox e, bu, dediyindən əl çəkmir. Kimə gəldi sataşır, ən ağlasığmaz işlərə baş vurur. Nəhayət, bir gün eşidirlər ki həmin bu adam uzaq vilayətlərdən birində yenə "əcəl axtarışına" çıxıbmış və bir pəzəvəngin yumruğuna tuş gəlib dünyadan köçüb. Hə, deməli, adamı əcəl girləyəndə bərk girləyir.
İndi bu Mixail Saakaşvilini, siyasi terminlə ifadə etsək, Kremlin əcəli girləyir. Bu adam və onu Rusiyanın üstünə göndərənlər keçən ilin avqustundakı hadisələrdən ibrət dərsi almadılar və yenə Rusiyanı bilə-bilə Qafqazda qıcıqlandırmaqla məşğuldurlar. ABŞ-ın vitse-prezidenti Tbilisidə M.Saakaşvili ilə bir sıra müzakirələr apardıqdan sonra bəyan edib ki, Rusiya Gürcüstana qarşı olan təzyiq və hədələrindən əl çəkməlidir və bu məsələdə Ağ Ev Gürcüstanı tək buraxmayacaq. Budur, açıq şəkildə Barak Obamanın müavini Moskvanı siyasi təxribata çəkir. Hətta nəticələrinin nə qədər dəhşətli olacağını belə gözəl şəkildə bilə-bilə. M.Saakaşvili isə Gürcüstanın özünü müdafiə etməsi üçün ABŞ-dan dəstək istəyib. Açıqcası budur ki, Ağ Ev Qafqazda, yox-yox, sözün əsil mənasında, Rusiyanın qulağının dibində anti-Moskva rolu yaradır və Gürcüstanı da bu işə "baş rolun qəhrəmanı" kimi göndərir. Amma bu, olduqca primitiv və perspektivsiz işdir. Adama deyərlər, keçən il Moskvaya diş qıcartdın, axırda rus əsgəri olan cavan Saşa, nə bilim, İvan düz Gürcüstanın içərlərinə qədər gəlib çıxdı və Tamaranı, Ninonu qanına qəltan etdilər. Məgər pal-paltarı qan içində olan Qoridəki gürcü qadınının fəryad səhnəsi yaddan çıxıb? Bəs ABŞ-ın insafına nə gəlib ki, özünün bacarmadığı Rusiya ilə "razborka"ya əliyalın bədbəxt gürcü insanını göndərir. Axı NİYƏ?
Barak Obama gözəl bilir ki, bu strategiya ancaq və ancaq Rusiyanın Qafqazlarda mövqelərini İÇİNDƏN laxlatmağa yönəlib ki, bu da müəyyən vaxt üçün nəzərdə tutulub. Amma bu xəmirin çoxlu su əvəzinə, QAN aparacağı indidən məlumdur. Özü də sadə gürcülərin qanını. Getdikcə güclənən və dünya miqyasındakı mövqelərini iqtisadi rıçaqlarla möhkəmləndirən
Rusiya ilə sapand daşı ilə oyun oynamaq, ancaq sadə GÜRCÜ QANININ axıdılması ilə yekunlaşacaq. Bunun başqa bir yolu yoxdur. Başda ABŞ olmaqla Qərb ölkələri iqtisadi baxımdan Avropanı məngənə kimi əlində sıxan Rusiyanı öz "ərazilərində" vurmağa çalışarlar. Bu oyunda yenə fiqur kimi sadə gürcülər seçilib. Qərblə dost olmağın bu cəhəti də yaman pisdir. İndi hər şey M.Saakaşvilinin addımlarından asılı olacaq. Qərbə silah üçün əl açmaq və xalqını qırğına vermək qəhrəmanlıq deyil. Çünki Rusiya Qafqazda qəhrəmanları sevmir!