PDF Oxu

Köşə

  • 14

Hansı daha doğru yoldadır: qalxmağa qorxan, yoxsa sabaha baxan?

Hansı daha doğru yoldadır: qalxmağa qorxan, yoxsa sabaha baxan?
Hazırda ifrat radikallığın bazarı kasadlaşmağa başlamışdır. Buna səbəb radikal yönlü partiyaların hamısından kifayət miqdarda funksionerlərin daha konstruktiv mövqe sərgiləmək məqsədilə istefa verib getmələridir. "Azadlıq" bloku, "QRUH" və "DUİ"-də toplaşmış radikallar isə mübhəm sükuta dalmalı olmuşlar. Onlar, məsələn, 10-15 il əvvəllər olduğu kimi, yeni və güclü bir blok yarada bilmirlər. Bununla belə, bir neçə radikal partiya sədri uzun müddət ərzində tutmuş, olduğu postu gənclərin xeyrinə tərk etmək fikrində deyil.
Xatırladırıq ki, ilk olaraq, öz partiyasının sədri postunu Lalə Hacıyeva tərk etmək qərarı qəbul etmişdi. Bu, 2003-cü il 15 oktyabr prezident seçkiləri ərəfəsində baş vermişdi. Seçkilər proporsional sistem üzrə keçirildiyindən, o, prezidentliyə namizədliyini ALP-nin namizədi kimi yox, majoritar qayda üzrə müstəqil surətdə irəli sürmüşdü. Buna görə də, o, ALP sədri səlahiyyətlərini yerə qoymuşdu. Seçkilərdə uğursuzluqla üzləşmiş L.Hacıyeva bir də ALP sədri postunu tutmağa tələsmədi. Bir müddət sonra o, özünü ALP-nin üstqurumu hesab edilə biləcək "MBH"-nin lideri elan etdi.
ALP-nin sədr postu boş qalmışdı. Gənc ALP-çilər bu posta öz liderləri Nuridə Turabovanı otuzdurmaq istəsələr də, L.Hacıyeva və ALP-nin icraiyyə komitəsinin sədri Əvəz Temirxan gənclərin arzularını gözlərində qoyub, önlərinə sədd çəkdilər. Son aylarda L.Hacıyeva Ə.Temirxanı ALP-nin sədr əvəzi vəzifəsinə təyin etmişdir.
Partiya sədri postunu ikinci tərk etmək qərarını L.Hacıyevadan iki il sonra, AMİP sədri E.Məmmədov qəbul etmişdi. O vaxtdan AMİP bir partiya olaraq "BMH", "MKM" və "DSİ" kimi ifrat radikal bloklarda təmsil olunmuşu. 2003-cü il 15 oktyabr prezident seçkisi ərəfəsində Londonda yaradılan "DSİ" daha sərt radikal mövqe tutmuş qurum idi. Bu qurum prezident seçkilərində iki namizədlə-İ.Qəmbərov və E.Məmmədovla təmsil olunmuşdu. 2003-cü il 15-16 oktyabrda İ.Qəmbərov seçkinin nəticəsini qəbul etməyib, qiyam yolu tutduqda, hüquq-mühafizə orqanı əməkdaşları iğtişaşın qarşısını almalı olmuşdu. E.Məmmədov isə bəyanat verib İ.Qəmbərovla həmfikir olmadığını bildirmişdi.
AXCP (i) və ADP iğtişaşdan bir neçə ay keçdikdən sonra yenidən güclü bir blok daxilində birləşmək təklifi ilə çıxış etmişlər. Təxminən 1,5-2 ildən sonra Müsavat axır ki, onların təklifini qəbul etdi. AMİP isə hətta üç ildən sonra da radikal qruplaşmalara qoşulmağı lazım bilmədi. Müsavat, AXCP (i) və ADP üçlükdə "Azad Seçki Forumu" yaradıb, bütün müxalifəti təmsil etdiklərini bəyan etdilər. Ancaq necə deyərlər, fələk onların saydıqları ilə şərikli olmadığını bildirmişdi. Qısa vaxt ərzində toplaşan 35-dək partiya və ictimai qurum "Demokratik Seçki Forumu" yaradıb "ASF"-çilərin liderliyini qəbul etmədiklərini bildirmişlər. "DSF" çoxluğunun iradi dönməzliyi "ASF"-çiləri geri çəkilməyə məcbur etmişdi. Onlar tələm-tələsik "ASF"-ni buraxıb, "Uğur" adlı blokda birləşməli olmuşlar.
AMİP "Uğur"un sıralarına qoşulmağı lazım bilməmişdi. "Uğur" üçlüyü olan Müsavat, AXCP (i) və ADP isə bu zaman kiçik piketlərlə potensial dəstəkçi axtarışına çıxmışdı. Təxminən, 5-6 icazəsiz piket keçirən "Uğur"çulara şəhər rəhbərliyi icazəli aksiya keçirmək icazəsi verdi. Onlar bunu böyük uğur kimi qəbul edib, 2003-cü il 15 oktyabr prezident seçkiləri ərəfəsində "Uğur" blokunu buraxıb "Azadlıq" blokunda birləşdilər. Bir müddət sonra blok daxilində dəyişiklik baş verdi və yeni üzvlər keçmiş üçlüyün üzvü olduğu "Azadlığ"ı seçki bloku kimi xarakterizə etdilər. Əvvəl bloku Müsavat tərk etmişdi. Bu partiyanı blok daxilində ALP və "VİP" əvəz etdi və "Azadlıq" bu tərkibdə siyasi blok adlandırıldı. Bir müddət sonra ADP də blokun sıralarını tərk etdi.
AMİP hadisələrin gedişini kənardan izləməkdə idi. Nəhayət, 2005-ci ilin dekabrında Etibar Məmmədov AMİP sədri postunu tərk etməsi haqda istefa verdi və müavini Əli Əliyevi partiyaya sədr təyin etdi. E.Məmmədov öz istefasının səbəbini siyasi sabitliyi çoxluğuna yozdu. Onun mülahizəsinə görə, siyasi sabitlik o dərəcədə bərqərar olmuşdu ki, kütlələrin fəallığı arxa plana atılmışdı. Belə bir şəraitdə kütlələrin arxasına düşüb, onları öz ardınca aparmaq E.Məmmədov üçün qeyri-mümkün idi. Şərhin davamını növbəti saylarımızda izləyin.

Digər xəbərlər