PDF Oxu

Köşə

  • 13

Elman Türkoğlunun reytinq cədvəlində radikalların yeri yoxdur

Elman Türkoğlunun reytinq cədvəlində radikalların yeri yoxdur
Müsavat partiyasının başqanı İsa Qəmbərovun AXC-nin klassik formada yenidən bərpa edilməsi təklifi ətrafında ajiotaj davam etdirilməkdədir. Məlum olduğu kimi, 2000-ci ilə qədər partiya kimi fəaliyyət göstərən AXC 1988-ci ildə Pribaltikada yaradılmışdı. Görünür, partiya statusunda fəaliyyət göstərmək bu qurumun taleyinə yazılmayıbmış. İ.Qəmbərov isə indiyədək dağılıb onlarla müxtəlif mövqeli tərkib hissələrinə parçalanmış AXC-ni yenidən formalaşdırmaq niyyətinə düşmüşdür. Buna, yəqin ki, tarixin təkərini geri fırlamaqla nail olmaq istəyir.
İ.Qəmbərovun bu təklifi bir çox müxalifətçilərin kəskin etirazına səbəb olmuşdur. Təklifə ilk etirazını ADP sədri bildirmişdi. S.Cəlaloğlu müdrik bir tarixi simanın fikrinə əsasən, AXC-nin yenidən bərpası ideyasının qeyri-real və sərsəm olduğunu bildirir. O, hesab edir ki, bir vaxt fəaliyyət göstərib, sonra iflasa uğrayan AXC-nin süni surətdə yenidən bərpa edilməsi absurddur və heç bir fayda gətirə bilməz. S.Cəlaloğlu İ.Qəmbərovun bu fikrə düşməsinə kinayə ilə yanaşmağı da unutmamışdır.
İndi biz siyasətçidən daha çox bayraqdar kimi tanınan Elman Türkoğlunun məsələyə münasibətini, AXC-nin süqutunun səbəbini və müxalifətçilərə fərdi münasibətini öyrənməyə cəhd edəcəyik. 52 il əvvəl Masallının Şərəfə kəndində doğulan Elman Türkoğlunun əsil adı Elman Həsən oğlu Həsənovdur. Müstəqillik elan edildikdən sonra soyadını milliləşdirib Həsənbəyli etmişdir. Türkoğlu ləqəbini ona Əbülfəz Elçibəy vermişdir.
E.Türkoğlu hesab edir ki, tez bir zamanda S.Cəlaloğlu da, Ə.Kərimov da Azərbaycan siyasətindən rədd olub gedəcəklər. Onun ADP və AXCP (i) sədrlərinə nə səbəbə belə qərəzli münasibət göstərdiyini soruşduqda, bayraqdarın dərdini təzələmiş olduq. O, AXC-ni Ə.Kərimov, S.Cəlaloğlu, Nizami Süleymanov, Aypara Əliyev, Surət Hüseynov, Rəhim Qazıyev, Zərdüşt və Araz Əliyevlərin dağıtdıqlarını bildirdi. O, Ə.Kərimov islahatçılığının səhv mövqedə olduğunu və ona görə də, qurumu tez bir zamanda uçuruma yuvarladığını dilə gətirdi. E.Türkoğlu "böyük bəy"in vəfatından sonra S.Cəlaloğlunun AXCP sədri olmaq fikrində olmasını qəbul edə bilmədiyini təkrarlayırdı.
Hazırda parçalanmış AXCP-nin "KAXCP" qanadında qərar tutmuş E.Türkoğlu Mirmahmud Fəttayev haqda ağızdolusu danışır və onun ətəyində namaz qılmağa hazır olduğunu bildirir. O, M.Fəttayevin müxalifət cinahında ən güclü siyasətçi olduğunu güman edir. Odur ki, oturur-durur "ağam" deyib dad döyür. Bayraqdar bir daha ADP sədri S.Cəlaloğlu məsələsinə qayıdıb, haqqında təhqiramiz ifadələr işlədir. S.Cəlaloğlunun üzünə qımışıb dəfələrlə "sən yek kişisən" dediyi halda, daldada dalınca danışmasına dözə bilməyən E.Türkoğlu yanıb yaxıla-yaxıla deyir: "Kişidə bir, həyasız arvadda yeddi sifət olar. S.Cəlaloğlunun isə 177 sifəti var. O, elə sırtıqdır və adamın üzünə o tərzdə durar ki, insan eləmədiyinə də inanar".
E.Türkoğlu müxalifətin yeni gənclər dalğasının satqın radikalları ağuşuna alıb aparacağına inanır. O özünü müxalifətin yeganə çobanı olduğunu və qoyunsifət müxalifəti Xəzərə tökməkdə gənclərə kömək edəcəyini bildirir. Bayraqdar cəbhə daxilində 7 növ insan olduğunu bildirir və tanıdığı cəbhəçiləri öz şəxsi keyfiyyətlərinə görə bu növlərə daxil edir. Bayraqdarın fikrincə, Ə.Elçibəy rəhmətə getdikdən sonra cəbhədə vəfat etmişdir.
E.Türkoğlu M.Fəttayevi həm də müxalifət üçün çox vacib olan "DUİ"-ni yaratdığı üçün də yüksək qiymətləndirdiyini bildirir. Onun fikrincə, radikallar içərisində M.Fəttayevdən sonra ikinci yeri tuta biləcək siyasətçi Müsavat başqanı İsa Qəmbərovdur. "Nə səbəbə" sualına bayraqdar "Bu sirri açmaq istəmirəm" cavabını vermişdir. Necə bilirsiniz, bəlkə E.Türkoğlunun İ.Qəmbərov haqqında beyninin bir guşəsində gizlətdiyi sirri açaq?
Hər halda öz ehtimalımızı irəli sürə bilərik. İ.Qəmbərovun AXC-ni yenidən bərpa etməsi təşəbbüsü ilə çıxış etməsi məlumdur. Ola bilər ki, E.Türkoğlu AXC-nin müasir növünün yaradılması məqamını gözləyir. Belə olacağı təqdirdə, o öz bayrağı ilə birlikdə M.Fəttayevin "KAXCP"-sindən Müsavat başqanının yeni AXC-sinə tullana bilər. Bundan sonra İ.Qəmbərov haqda suallara məmnuniyyətlə cavab verərdi. Ancaq bir çox müxalifətçilər yaxşı xatırlayır ki, AXC-ni bərpa etmək istəyən Fərəc Quliyev də heç bir nəticə hasil edə bilməmişdi.

Digər xəbərlər