PDF Oxu

Köşə

  • 5

İfratçılar və sui-qəsdçilər Əhməd Orucun ittiham hədəfində

İfratçılar və sui-qəsdçilər Əhməd Orucun ittiham hədəfində
Yəqin ki, ADP sədri Sərdar Cəlaloğlunun keçirdiyi mətbuat konfransında verdiyi bəyanat yadınızdan çıxmayıb. O deyirdi ki, ona zəng edən naməlum şəxs ya ADP sədrinin özünü, ya da İ.Qəmbərov, Ə.Kərimov, L.Hacıyeva, E.Məmmədovlardan birini güllələyib, cəhənnəmə vasil edəcəkdir. Naməlum şəxsin güllələyəcəyi liderlər arasında "QRUH"-un digər üzvləri də ola bilər. Qəzetlərdən birində ehtimal olunan həmin "terrorçu-kamikadze"nin adı çəkilmişdir.
Bu "kamikadze" özünü büruzə verməsə də, jurnalistlər onun adını və soyadını öyrənməyə müvəffəq olmuşlar. Oxucuları bir o qədər də intizarda saxlamayıb S.Cəlaloğluna telefon açıb və ya məktub göndərərək, radikallardan ilk əlinə keçənin birini güllələyəcəyini vəd edən şəxsin adı Nazim Muxtarovdur. Onun adının önündə "kamikadze" epitetini ona görə yazmadıq ki, hələlik, faktiki olaraq, haqqında söhbətin getdiyi potensial radikal liderlərin heç biri, nəinki qətlə yetirilməmişdir, hətta başlarından bir tük belə əksik olmamışdır.
Bundan başqa, yəqin, oxucularımız onu da xatırlayır ki, S.Cəlaloğlu ona göndərilən məktubun əslini daxili işlər nazirliyinə təqdim etdiyini bildirmişdi. Əgər belədirsə, o zaman mümkündür ki, bu orqan faktı araşdırmaqla məşğuldur. Sözsüz ki, həmin ad yazarlar tərəfindən də uydurula bilərdi. Hər nəsə, hələ ki, Nazim Muxtarovu tanıyan yoxdur. Radikal həmkarlarını pisləyən Əhməd Oruc da belə bir adamı tanımadığını bildirir.
Xatırladırıq ki, Əhməd Oruc "Azadlıq" partiyasının sədri olmaqla, həm də "DUİ"-nin həmsədrlərindən biridir. Əslinə qalsa, Ə.Oruc radikalları potensial "kamikadze"dən daha çox tənqidə məruz qoyur. Onun dediyinə görə, beş dəqiqə bu cür müxalifət nümayəndələrinin yanında dayanmaq sadə və saf adamların çirklənmələrinə və mənəvi cəhətdən tükənmələrinə səbəb olur. Bununla belə, Ə.Oruc N.Muxtarovun terrorçuluq yolunu tutmasının yolverilməz olduğunu bildirib. Çünki onun dabbaqda gönlərini tanıdığı radikallar iyirmi ildən artıqdır ki, hər cür oyunbazlıq etməklə ictimai rəydə siyasətçi imicini qoruyub-saxlayır və həqiqi müxalifətin yaranıb intişar tapmasına mane olurlar.
Ə.Oruc saxtakarlıqla məşğul olan radikalların adlarını açıqlamasa da, S.Cəlaloğlunun mətbuat konfransında dedikləri bir çox mətləblərə aydınlıq gətirməkdədir. Bəs Ə.Oruc özünün təmsilçisi olduğu "Azadlıq" partiyası və "Demokratiya Uğrunda İttifaqı" ilə bəyənmədiyi radikalların dəf edə bilmədikləri hansı sədləri aşmaq niyyətindədir? O, belə hesab edir ki, əsil müxalifət birliyi yaradılmalı və üzvləri sırasında, iyirmi il ərzində baş aldadanlar yox, əsil liderlər təmsil olunmalıdırlar. "Əsil müxalifətçilər kimdir" sualına Ə.Oruc "Hər halda, N.Muxtarovun güllələmək istədikləri yox" cavabını vermişdir.
Ə.Orucun bu cavabı güllələnməkdən qorxan S.Cəlaloğlu, İ.Qəmbərov, Ə.Kərimov, L.Hacıyeva, E.Məmmədov və digərlərinə "meydanoxuma mesajı" hesab edilə bilər. "Mənim iyirmi illik keçmişimdə də, indi də onların etdikləri oyunbazlıqlar yoxdur" Ə.Oruc özünü təmizə çıxarmağa çalışmışdır. Göründüyü kimi, Ə.Oruc adlarını çəkdiyi, lakin bizim tanıdığımız radikallarla adı məlum, özü isə naməlum qalan "kamikadze" arasında dayanmağa üstünlük verir. Görəsən, "Azadlıq" partiyasının sədri bu hərəkəti ilə nə demək istəyir?
Gəlin, bu müəmmanı araşdırmağa cəhd edək. Ə.Oruc bir tərəfdən N.Muxtarovun tutduğu qətl, güllələm yolunu pisləyir. O biri tərəfdən isə, "güllələnməyə məhkumların" səhv yolda olmalarını vurğulayır. Belə ehtimal etmək olar ki, o, N.Muxtarov kimi, radikalları təhdid edənlərin sayının çox olmasını və "oyunbazları" məhv etməklə sağlam müxalifətin güc tətbiq etmədən onlardan xilas olmasını arzulayır. İyirmi ildən qalmaların öz xoşları ilə gedib, yerlərini gənclərə həvalə etməyəcəyini görən Ə.Oruc belələrinin "kamikadzelər" tərəfindən təmizlənməsini münasib sayır.
Göründüyü kimi, hazırda müxalifət meydanında üç potensial qüvvənin qaldığını ehtimal etmək olar. Birincilər iyirmi ildən qalma "oyunbazlıq" edənlər, ikincilər onlardan birini güllələməklə ürəklərini soyutmaq istəyən "kamikadze"lər, üçüncülər isə Ə.Oruc kimi hər iki tərəfi pisləməklə özlərinə bəraət qazandıranlar. İndi qalır onların hansının tez hərəkətə keçəcəyini gözləmək. Görək birincilər yorulub gedəcək, yaxud ikincilər onları silahla qovacaq, yoxsa üçüncülər revanş qazanacaq?

Digər xəbərlər