PDF Oxu

Köşə

  • 28

Əli Kərimovun müəmmalı Paris səfəri

Əli Kərimovun müəmmalı Paris səfəri
Bugünkü mövzumuz haqda məlumatı "Milli Yol" qəzetində gedən bir yazıdan almışıq. Həmin yazıda ALP-nin sədr əvəzi Əvəz Temirxan AXCP (i) sədri Əli Kərimovun başının xarab olduğunu, dəqiq desək, şizofreniyaya tutulduğunu bildirir. Biz də onun dediklərinin ucundan tutub ucuzluğa gedəcəyik. Necə deyərlər, babalı Ə.Temirxanın boynuna.
Şizofreniyaya tutulan Ə.Kərimovun əziyyət çəkdiyi bildirilir. Deyir yerin də qulağı var. Ə.Kərimovun xəstəliyi haqda məlumat bir suiçimi saatda gedib Parisdəki erməni dasporuna çatdı. Onlar məsləhətləşib, Ə.Kərimovu müalicə kursu almaq üçün Parisə dəvət etməyi qərara aldılar. Əlbəttə, AXCP (i) liderinin müalicə haqqını onlar verəcəkdilər. Parisdəki erməni diasporu nümayəndələri Ə.Kərimovu Fransaya dəvət etdilər.
Ə.Kərimov dəvətdən məmnun qalıb. Bəli, o, yay fəsli başa çatana kimi, yəni sentyabrın 22-dək Ə.Kərimov Fransa səfərini gerçəkləşdirmək istəyir. Bu səfərdə onu müavini Fuad Mustafayev müşayiət edəcək. Məlum olduğu kimi, F.Mustafayev həm də QHT-çidir və xaricdəki bir çox maliyyə təşkilatları onu yaxşı tanıyır. Əgər tanıyırlarsa, deməli, bu amildən yararlanmaq lazımdır.
Ə.Kərimov səfərdə olan müddətdə AXCP (i)-nin sədr səlahiyyətlərini Fuad Qəhrəmanlı icra edəcək. F.Qəhrəmanlı yumor hissinə malik adamdır və həmişə deyir ki, vaxt gələcək mən də Yusif Sərrac kimi müvəqqəti olaraq idarəetmə pultu arxasında oturacam. Yusif Sərrac Axundovun "Aldanmış kəvakib" əsərinin qəhrəmanıdır. Söz vaxtına çəkər deyirlər. Düz 17 il əvvəl bu vaxt AXC iqtidarının baş naziri Pənah Hüseynov "Mərrixlə Müştərinin toqquşmasından" zərər çəkməmək üçün il yarım yoxa çıxmışdı.
AXCP (i)-nin "Azadlıq" blokunda təmsil olunduğu məlumdur. F.Qəhrəmanlı Ə.Kərimovun yerinə müvəqqəti olaraq sədr təyin edilsə də, "Azadlıq" blokunun Sədrlər Şurasının iclaslarına o, rəhbərlik etməyəcəkdir. Blokun şura iclaslarını AXCP (i) adından Gözəl Bayramova idarə edəcək.
Fransaya çatıb müalicəsini birtəhər başa vurduqdan sonra AXCP (i) sədri Ə.Kərimov xeyli görüş keçirməyi nəzərdə tutur. O, ilk növbədə, Parisin erməni diasporunun nüfuzlu nümayəndəsi Arkadi Qukasyanın ad günündə iştirak edəcək. Ə.Kərimov daha sonra ermənipərəst Fransa deputatı Fransua Zareza ilə görüşüb fikir mübadiləsi aparacaq. Görüşlərin çox olacağı gözlənilir. Görüşlərin hamısını ermənilər təşkil edəcək. Ə.Kərimov "həm ziyarət, həm ticarət" məsəlinin tələblərinə uyğun olaraq, bir əli ilə iki qarpız tutmağa çalışacaqdır. Yəni həm müalicə olunacaq, həm də AXCP (i)-nin maliyyəsi ilə məşğul olacaqdır.
F.Mustafayevin dediyinə görə, Ə.Kərimovun müalicəsi başa çatdıqdan sonra Fransanın ermənipərəst maliyyə təşkilatları onların bələdiyyə seçkilərində uğur qazanmaları üçün 150 min dollar verəcəklər. Müalicəsini başa çatdıran Ə.Kərimov Fransa ermənilərinin təhriki ilə Xankəndinə gedib, ermənilərlə əməkdaşlıq əlaqələri yaradacaqdır. Daha sonra kifayət qədər maliyyə yardımı ilə yüklənən Ə.Kərimov "müxalifətin xalq diplomatiyası" xətti ilə Ermənistana gedib, iqtidar və müxalifət nümayəndələri ilə məkrli danışıqlar aparmağı nəzərdə tutur.
İndi görək, Ə.Kərimovun Fransa səfərinə radikal həmkarlarının münasibətləri necədir? Ə.Kərimovun dəli olduğu haqda məlumat yayan ALP-nin sədr əvəzi AXCP (i) sədri Fransa səfərini pisləyən bəyanat yayıb. O, bu cür səfərlərin Azərbaycanın milli maraqları ilə ziddiyyət təşkil etdiyini bildirib. Onun fikrincə, Ə.Kərimovun erməni diasporu nümayəndələri ilə görüş keçirib, qarın doydurması milli satqınlıqdan başqa bir şey deyil.
ADP sədri Sərdar Cəlaloğlu Ə.Kərimovun nəzərdə tutulan səfərinin yolverilməz olduğunu bildirib. Onun dediyinə görə, Ə.Kərimov şizofreniyaya tutulmayıb, sadəcə olaraq, partiyanı parçalayıb-dağıtdığına görə başını itirib. Bu da onun Parisə gedib "qaz vuraraq, qazan doldurmaq" fikrinə düşməsinə səbəb olub.
"Ümid" partiyasının sədri İqbal Ağazadə Ə.Kərimova sərt mesaj göndərdikdən sonra, bu cür rüsvayçılığın aradan qaldırılması yollarını göstərmişdir. O, təklif edir ki, Ə.Kərimovun Fransaya gedən yolunu taybatay açmaq, qayıdış yolunu isə bağlamaq lazımdır. O, AXCP (i) sədrinin Azərbaycana qayıdışının əngəllənməsini analoji fikrə düşənlərin qarşısının alınması kimi başa düşdüyünü bildirir.
AXCP (i) daxilində də Ə.Kərimovun səfərinin nəticələrinin ürəkaçan olmayacağını bildirənlər də az deyil. Ancaq istənilən yolla partiyanın maliyyə durumunun yaxşılaşdırılmasını istəyənlər də kifayət qədərdir.

Digər xəbərlər