PDF Oxu

Köşə

  • 15

Fuad Mustafayev sədr kürsüsü uğrunda mübarizə aparır

Fuad Mustafayev sədr kürsüsü uğrunda mübarizə aparır
İyulun 7-də həmkarlarının böyük əksəriyyətini başına toplayan Fuad Mustafayev səyyar fəaliyyət göstərməyin əhəmiyyətsiz olduğunu onlara izah etməyə müvəffəq olmuşdur. İndi o, bütün fikrini AXCP (i) sədri olmaq üzərinə cəmləmişdir. Həmkarlarının bir çoxu onun sədrlik niyyətini dəstəkləyəcəklərini vəd etmişlər. Xüsusi nüfuz sahibi olmayan Ə.Kərimova zərbə endirməyin vaxtı çatmışdır. Artıq F.Mustafayev bir çox partiya üzvlərinin Ə.Kərimovu görmək istəməməsi faktından yararlanmağı qət etmişdir. Çünki partiyanı parçalaya-parçalaya gətirib bugünkü vəziyyətə çıxaran Ə.Kərimov əksər AXCP (i)-çilərdə mənfi allergiya yaratmaqdadır.
Bayaq qeyd etdiyimiz kimi, AXCP (i) üzvləri son vaxtlar səyyar fəaliyyət göstərməkdədirlər. Ə.Kərimov partiya üçün qərargah almaqdan yayınmağa cəhd edir və bu yolla narazı həmkarlarının bir araya gələrək, onun əleyhinə qərar çıxarmalarını istəmir. AXCP (i) üzvləri başqa-başqa yerlərdə yığıncaq və tədbirlər keçirmək məcburiyyətindədirlər. Bununla belə, F.Mustafayev partiyanın rəhbər orqanlarının toplantısını keçirməyə müvəffəq oldu. Yığıncaq iştirakçıları "Əli Kərimovla bizi fəlakət gözləyir" mövzusunu müzakirə etdilər. İştirakçıların heç biri Ə.Kərimovun mövqeyi ilə razılaşdığını bildirmədi.
F.Mustafayev toplantı iştirakçılarının diqqətini günün ən vacib məsələsinə yönəltdi. O, sədr iddiasının dəstəklənəcəyi təqdirdə, kollegial orqanlarda təmsil olunanların hamısının maaşla təmin olunacağını vurğuladı. Bu şirnikləndirici təklif yeddi ay ərzində maaş üzünə həsrət qalan aparat üzvlərinin ürəyincə oldu. AXCP (i) idarə heyətinin üzvləri Gözəl Bayramova, Fuad Qəhrəmanlı, Xaliq Bahadır, Xanoğlan Bayramov, Bahəddin Həziyev və digərləri bir daha F.Mustafayevi dəstəkləyəcəklərinə söz verdilər. B.Həziyev əlavə olaraq, yeni sədrə mətbuat dəstəyi verəcəyini bildirdi. Toplantı bu yöndə xüsusi qərar qəbul etdi. F.Mustayev 25 nəfər toplantı iştirakçılarının hərəsinə yüz manat payladı. Hər bir iştirakçı "min bərəkət" deyib yüzlüyü qatlayıb cibinə qoydu. Bu toplantı Ə.Kərimovun vəzifədən uzaqlaşdırılmasına həsr edilən ilk yığıncaq olmasa da, görünür, axırıncı da olmayacaqdır. Ən maraqlı cəhət o idi ki, çıxış edənlərin hər biri Ə.Kərimovun kölgəsini qılınclamaqda idi. Bu amil indiki vəziyyətdə sədr dəyişikliyinin vacibliyini ortaya qoyurdu. Toplantıda AXCP (i)-nin qurultayının avqustun 17-də keçiriləcəyi bildirilmişdir.
Nəzər-diqqəti cəlb edən maraqlı cəhətlərdən biri də odur ki, toplantını tərk edən F.Mustafayev Müsavat başqanı İsa Qəmbərovun görüşünə tələsmişdir. İlkin məlumata görə, Müsavat başqanı F.Mustafayevə maddi və mənəvi dəstək verəcəyini vəd etmişdir. "Azadlıq" blokunda təmsil olunan "MBH" lideri Lalə Hacıyeva F.Mustafayevin AXCP (i) sədri olmasını ədalətin bərpası kimi dəyərləndirib. Onun fikrincə, F.Mustafayevin sədr postunu tutması ilə AXCP (i)-də vəziyyət kəskin tərzdə yaxşılığa doğru dəyişəcəkdir.
Bir neçə partiya sədrinin onun haqda xoş söz söyləməsi F.Mustafayevin əl-qolunu çirməyib, ciddi fəaliyyətə başlamasına təkan vermişdir. O, ilk işini AXCP (i)-nin rayon təşkilatlarında debatlar keçirməklə başlamaq niyyətindədir. O, şənbə və bazar günləri rayon təşkilatlarında keçirilən toplantılarda dəstəkçilərinin sayını indidən müəyyənləşdirmək istəyir. Biləsuvar, Astara, Ağcabədi, Sabirabad, Masallı, Cəlilabad və Yardımlı da daxil olmaqla AXCP (i)-nin 18 rayon təşkilatı F.Mustafayevi dəstəkləyəcəyi haqda bəyanat vermişdir.
F.Mustafayev digər rayonlarda da fəaliyyətini gücləndirmək niyyətindədir. Onun AXCP (i)-nin dərinliklərinə doğru addım-addım irəliləməsi Ə.Kərimovun da eyni tərzdə geriyə çəkilməsi anlamını verməkdədir. AXCP (i) sədri Ə.Kərimov heç kəsin təhriki ilə istefa verməyəcəyini və qapılarının getmək istəyənlərin hamısının üzünə çıxış açıq olduğunu bildirmişdir. Onun dediyinə görə, nə qədər ki, ətrafında 5-10 adam olacaq, o vaxtadək sədr vəsiqəsini cibində saxlayacaqdır.
Ə.Kərimov onun dəstəkləyənlərin sayının 5-10 nəfərdən dəfələrlə çox olduğunu və qurultayda nəinki F.Mustafayevə, hətta ondan da qat-qat güclü olan istənilən potensial rəqibə asanlıqla qalib gələcəyini bəyan etmişdir. Bu isə, o deməkdir ki, Ə.Kərimov bundan sonra da AXCP (i)-nin parçalanma ehtimalına müsbət yanaşır. "Qoy neçə yerə parçalanır-parçalansın. Məgər bir sədr və bir papkadan ibarət partiyalar azdırmı?" deyə Ə.Kərimov soruşur.

Digər xəbərlər