Sərdar Cəlaloğlunun son güllələnmə şousu
Sərdar Cəlaloğlu həmkarlarının bir çoxlarının yaddaşında ADP-ni parçalayan adam kimi qalıb. Parçalanmanın əsası isə 2005-ci il 6 noyabr parlament seçkilərinlən sonra qoyuldu. Parlament seçkiləri ərəfəsində radikallar sözü bir yerə qoyub, Rəsul Quliyevi xaricdən Bakıya dəvət etmişdilər. R.Quliyev də onların nəzərdə tutduqları 16 oktyabr əvəzinə 17 oktyabrda gələcəyini vəd etmişdi. O, bu məqsədlə Londondan çarter reysi ilə Bakıya uçdu.
Ancaq Binə aeroportu üzərində iki dəfə dövrə vurduqdan sonra fikrini dəyişib Simferopola doğru istiqamət götürdü. Növbəti altı ay ərzində S.Cəlaloğlu R.Quliyevlə qiyabi mübarizə apardı. Son nəhayətdə, ADP sədri R.Quliyevin "legionerləri" ilə ADP-nin baş katibi S.Cəlaloğlunun "partiyanın əsasını qoyanları" yollarını ayırmalı oldu.
Bu haqda çox danışılıb, çox yazıldığından, bir daha təfərrüata varmaq istəmirik. Hazırda R.Quliyev "ACP"-nin rəhbəri, S.Cəlaloğlu isə ADP-nin sədridir. Hər iki partiya çətin duruma düşüb və çulunu güclə sürüyür. Hər halda, ADP daxilindəki birlik dövründəki güc hiss edilmir. Deyilənə görə, son vaxtlar R.Quliyevin mühacirət həyatında çətinliklər müşahidə edilməkdədir. Babalı deyənlərin boynuna, guya Amerika ştatlarının birinin istintaq orqanları R.Quliyevin özü və oğlu əleyhinə cinayət işi qaldırıb. S.Cəlaloğluna gəldikdə, onun kefi kök, damağı isə çağdır. Partiyasının çətin duruma düşməsi isə sədri qayğılandırmaqdadır. O, sədri olduğu partiyaya marağı artırmaq və öz siyasi reytinqini qaldırmaq üçün dürlü-dürlü tədbirlər planı üzərində baş sındırmaqdadır.
Bu günlərdə S.Cəlaloğlunun məqsədi bəlli olmuşdur. Onun nəzərdə tutduğu tədbirlər planının isə şoudan ibarət olduğu məlum olmuşdur. İyulun 3-də ADP sədri jurnalistlər üçün mətbuat konfransı keçirib, təhdid və hədə-qorxu ilə dolu məktub aldığını bildirmişdir. S.Cəlaloğlunun dediyinə görə, tanımadığı şəxslər partiya sədrliyindən istefa verməyəcəyi təqdirdə, onu güllələyəcəklərini bildirmişdir. O, məktubda müəyyən adların da çəkildiyini jurnalistlərin nəzərinə çatdırmışdır. Onu hədələyənlərin özlərini Fazil Muxtarov, Fuad Nəzərov və Faiq Musayev adlandırdıqlarını bildirən S.Cəlaloğlu şousunun daha çox maraq doğurması üçün daha zilə çıxmağa üstünlük vermişdir. Guya onu hədələyənlər AMİP, "MBH" liderləri, Müsavat başqanı və AXCP (i) sədrinin də istefa vermələrini S.Cəlaloğlundan tələb edibmişlər.
Adları çəkilən Etibar Məmmədov, Lalə Hacıyeva, İsa Qəmbərov və Əli Kərimov heç bir hədələyici məktub almadıqlarını bildirsələr də, S.Cəlaloğlu ona göndərilən məktubda AMİP, "MBH" liderləri, Müsavat başqanı və AXCP (i) sədrini də ona vəd edilən aqibətin gözlədiyini bildirib. S.Cəlaloğlu məktubun surətinin jurnalistlərə paylanması təklifini qulaqardına vurmalı olmuşdur. Onun dediyinə görə, məsələ ADP-də müzakirə edildikdən sonra, məktubda yazılanlar Daxili İşlər Nazirliyinə göndərilmişdir ki, bu orqan ciddi təhqiqat aparıb, məktub müəlliflərini üzə çıxarsın. S.Cəlaloğluna istefa verəcəyi təqdirdə, pul da təklif olunmuşdur. Bunu hər halda, S.Cəlaloğlu bəyan edir.
S.Cəlaloğlunun ADP daxilində nüfuzunu itirdiyi, cəmiyyət tərəfindən isə qəbul edilmədiyi məlumdur. Onun siyasi nüfuzunu artırmaq və partiyasının bir nömrəli olduğunu sübut etmək üçün şou düzəltdiyi heç bir şübhə doğurmur. Hər halda Daxili İşlər Nazirliyinin araşdırmalarından sonra onun yalan dediyi sübut olunacaq. E.Məmmədov və L.Hacıyeva S.Cəlaloğlunun onların adlarını hallandırmasından hiddətlənərək, onu ittiham etmişlər. E.Məmmədov isə üzünü S.Cəlaloğluna tutub soruşur: "Qeyri-rəsmi də olsa, mən sədr postunu tərk etmişəm. İndi hansı partiyadan istefa verməliyəm ki, məni güllələməsinlər? Mən bu bəyanatı S.Cəlaloğlunun uydurması kimi qəbul edirəm". L.Hacıyeva isə kiminsə milli-mənəvi dəyərlərlə ziddiyyət təşkil edəcək hər hansı addımın atılmasına, yəni kiminsə siyasi mənsubiyyətinə görə onu qətlə yetirməsinə inanmadığını bildirmişdir.
S.Cəlaloğlu isə keçirdiyi mətbuat konfransından sonra dərhal Müsavat başqanı və AXCP (i) sədri ilə görüşərək, blok yaratmaq üçün ələ düşən bu cür fürsətdən yararlanmağın vacibliyini vurğulamışdır.