“Azadlıq” bloku cənub bölgələrinə gedir
Bələdiyyə seçkiləriöncəsi "Azadlıq" siyasi bloku üzvlərində müəyyən yorğunluq əlamətləri müşahidə edilməkdədir. Onlar hətta "QRUH" daxilində də hansısa ciddi bir iş görmək istəmirlər. AXCP (i)-dən sızan məlumata görə "Azadlıq" bloku üzvləri yorğunluqlarını çıxarmaq üçün Masallının istirahət sahələrində bir həftə dincəlmək qərarına gəliblər. Necə deyərlər, iştaha lap diş altındadır.
"Azadlıq" blokunda təmsil olunan AXCP (i), "MBH" və "VİP" partiyaları kiçik yığıncaq keçirib, Masallıya kimlərin gedəcəyini müəyyənləşdiriblər. Əli Kərimov, Lalə Hacıyeva və Əli Əliyev başda olmaqla, əlavə 9 nəfər də istirahətə gedənlərin siyahısına daxil edilmişdir. Blok üzvləri cənub bölgəsinə partiyalarının müşavirəsini keçirməyə getdiklərini vurğulayır, bununla da, istirahətlərinə siyasi don geyindirməyə çalışırlar.
Hər bir məqsəddə müəyyən gerçəkliklər gizlənir. Başlıca məqsəd istirahət etmək olsa da, səfərin məkrli siyasi məqamlarını gizlətmək mümkün olmamışdır. Xatırladaq ki, "Azadlıq" blokunun istirahətini "Soros" fondu maliyyələşdirir. İyunun 24-də fondun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərda Quluzadə Ə.Kərimov və L.Hacıyeva ilə görüşüb, səfər haqda söhbət aparmış və istirahət üçün pul ayırmağa hazır olduğunu bildirmişdi. F.Quluzadə onlarla vidalaşarkən, hər birinin cibinə 700 dollar cib xərcliyi qoymuşdur. Sözsüz ki, bu pulun istirahət üçün ayrılan vəsaitə dəxli yoxdur?
Əldə etmiş olduğumuz başqa bir məlumat isə "Soros" fondunun ABŞ-dakı nümayəndəliyi ilə bağlıdır. Fondun ABŞ təmsilçisi Cek Conson Ə.Kərimovun imeil poçtuna göndərdiyi məktubda kütləvi informasiya vasitələrinin diqqət mərkəzinə çevriləcəyi qarşıdurma yaradılacağı təqdirdə, "Azadlıq" blokuna 50 min dollar ödəməyə hazır olduğunu bildirmişdir. Göründüyü kimi, "Azadlıq" blokunun cənub bölgəsinə istirahətə və ya partiyalararası müşavirələrin keçirilməsinə getməsi bir növ gözdən pərdə asmaq üçün edilir. Əslində, söhbət "Soros"un 50 min dollarını qazanmağın yollarını axtarmaqdan gedir.
"Soros"un nəzərdə tutduğu vəsait haqda həm L.Hacıyeva, həm də Ə.Əliyev məlumatlıdır. Bu pulu qazanmaq üçün hər üç qurumun üzvü Cəlilabad, Masallı, Lənkəran və Lerikdə pozucu-təxribatçı qruplar yaratmağa cəhd edəcəkdir. Hər rayonda bir qrup yaradılması nəzərdə tutulur. Hər bir qrupa 7 nəfər pozucunun cəlb edilməsi nəzərdə tutulur. Artıq hər partiyadan müəyyən miqdar nümayəndə cənub bölgəsinə yola düşmüşdür. Bu işin hətta iki rayon ərazisində baş tutması "Azadlıq" blokunun 50 min dollarlıq iddiasını gerçəkləşdirə bilər. Blok üzvləri bu yöndə fəaliyyətlərini gücləndirməyi nəzərdə tuturlar.
Əvvəl blokun planında Yardımlıda da müəyyən təxribat törətmək nəzərdə tutulurdu. Sonradan bu plandan VHP üzvləri xəbər tutub, sədrlərinə məlumat verdilər. Sabir Rüstəmxanlı dərhal blok üzvləri ilə görüşüb, onları bu fikirlərindən dönməyə məcbur etdi. Deyib ki, Yardımlıda hər hansı siyasi iş aparmaq onun kurasiyasıdır və lazım olanda özləri istənilən planı gerçəkləşdirib, bəhrəsini özləri görərlər.
S.Rüstəmxanlının xəbərdarlığından sonra "Azadlıq" bloku üzvləri dörd cənub rayonu ilə kifayətlənməyi lazım bilmişlər. Əlbəttə, planın uğurla nəticələnəcəyi təqdirdə, onlar S.Rüstəmxanlı ilə dil tapıb, Yardımlını da proseslərə qoşmağı nəzərdə tuturlar. Daha sonra hərəkatın dalğası Biləsuvar, Salyan və Naftçalanı da əhatə edib, Ələtdən Qobustana keçə bilər.
Cənuba istirahət adı ilə gedən blok üzvləri daha uzaqgedən planları gerçəkləşdirmək istərdilər. Yəni istərdilər ki, onların təxribatlarının dalğası Bakıya, oradan da şimala və şərqə yayılsın. Salyan dalğasının isə Şirvana, oradan da Sabirabada, Kürdəmirə və digər rayonlara yayılsın.
Əlbəttə, Müsavat başqanı da prosesin başlanmasını çox istərdi. Ancaq "Soros" fondu rəhbərliyi də, radikallar da son nəticədə öz arzularına çatmayacaqlar. Çünki ölkədə gedən dinc siyasi proseslər və iqtisadi yüksəliş əhalini qane edir və bu səbəbdən də xalq iqtidarın siyasətini dəstəkləyir.