Radikalların Rusiyaya marağı artmaqdadır
Bu gün Azərbaycan radikallarının nəzərlərini Avropa ölkələri və ABŞ-dan çox, Rusiyaya dikməsi müyyən suallar doğurmaqdadır. Əvvəllər radikallar daha çox ABŞ və Avropa ölkələrinin maliyyə təşkilatlarına müraciət edirdilər. İsa Qəmbərovun başqanı olduğu Müsavatı Avropa liberallarına pərçim etməsi də, maliyyə təminatı ilə əlaqədar olmuşdur. Başqan xaricdən alacağı maliyyə yardımının kifayət qədər çox olacağı təqdirdə, yaradılacaq siyasi blokun vahid liderliyi uğrunda mübarizə aparmağı nəzərdə tuturdu. O, belə hesab edir ki, digər partiyalar onun Avropa liberalları ilə əlaqə qurmasına həsədlə yanaşır. Əslində, digər müxalif partiyalar İ.Qəmbərovun bu hərəkətinə rişxəndlə yanaşırdılar. Çünki Avropa liberalları ilə münasibətdən sonra Müsavat partiyası ancaq təlimatlar almaqla məşğuldur.
Təlimatların məzmunu aydın və sadədir. Avropa radikalları Müsavat üzvlərinin pul qazanmaq təminatının liberalizmin nizamnaməsinə riayət etməkdən keçdiyini bildirmişlər. Bu da, əsasən, dünyanın azlıq nümayəndələrinin müdafiəsini nəzərdə tutur. Azlıq dedikdə, çox amil nəzərdə tutula bilər. Ancaq daha konkreti odur ki, söhbət seksual və milli azlıqlardan gedir. Seksual azlıq məsələsinin siyasət sahəsində hallandırılması çox mənfi fəsadlar törədir. İ.Qəmbərovun bu məsələyə münasibət bildirməsinin özü belə cəmiyyətdə pis rəy yaratmışdır. Milli azlıq dedikdə, PKK terrorçularının maliyyələşdirilməsini nəzərdə tutur. Bu isə, o deməkdir ki, Avropa Birliyi ölkələrinin bir çoxu Türkiyədə vəziyyətin daha da kəskinləşməsini istəyir.
İ.Qəmbərovun radikalizmi Avropa liberalizmi ilə əvəzləməsi bir qism müsavatçıların hiddətinə səbəb olmuş və onların bir çoxu Rauf Arifoğluna qoşularaq, "Yeni Müsavat" qəzetini də özləri ilə aparmışlar. Tezliklə bu adda partiya siyasi fəaliyyətə başlayacaq. R.Arifoğlu baş redaktoru olduğu "Yeni Müsavat" qəzetində İ.Qəmbrovun haqsız olduğunu yazıb, onu elədən-elə, belədən-belə bəsdir deyincə, yıxıb sürümüşdür. Onun yazdığına görə, İ.Qəmbərov Avropa liberalları ilə əlaqə qurduğu vaxtdan indiyədək, bir qara qəpik də qazanmamışdır.
Digər partiyalara, məsələn, "Azadlıq" bloku, "DUH", ADP və "ACP"-yə gəldikdə, onlar İ.Qəmbərovun səhv etdiyini, R.Arifoğlunun isə haqlı olduğunu bildirirlər. Lalə Hacıyevanın təhriki ilə Ə.Kərimovun son vaxtlar Rusiyaya getməsi Avropa qazanc sindromunun iflasa məruz qalmasından xəbər verməkdədir. Qəribə cəhət odur ki, utanmağı bir yana atan İ.Qəmbərov da Rusiyaya səfər etməyə üstünlük vermiş və özlüyündə yeni himayədarlar axtarmağın vacibliyi gümanını möhkəmləndirməyə cəhd etmişdir. Bu gün bizim radikallardan biri Gennadi Züqanovla əməkdaşlıq əlaqəsi qurduqda, o biri Vladimir Jirinovskidən dördəlli yapışmağı lazım bilir.
Radikalların Avropa və ABŞ-dan uzaqlaşaraq, qonşu ölkəyə üz tutmaları Rusiyanın onları öz tərəfinə çəkməsi ilə əlaqədardır. Radikallar arasında belə bir xəbər yayılıb ki, Rusiya, maraqlarına xidmət elən yaxın xaricin radikal nümayəndələrinə həm çox, həm də nəqd pul verir. Radikallarda Rusiya fenomeninə inam Moskvanın Gürcüstana hücum edib Cənubi Osetiya və Abxaziyanı Tbilisinin əlindən aldıqdan sonra yaranmağa başlamışdır. İndi isə onlarda belə bir inam var ki, rusa boyun əysələr, qazancları bol olacaqdır.
Hazırda radikal müxalifətin lider və funksionerlərinin Rusiyanın müxtəlif şəhərlərinə axışaraq, özləri üçün rus xozeyni axtarmaları kütləvi hala çevrilməkdədir. Əlbəttə, radikalların başlıca niyyətləri yalnız öz ciblərini doldurmaqdır. Əgər ruslar, doğrudan da, xilaskarlıq missiyasına malikdilərsə, bəs nə səbəbə AXC iqtidarı vaxtilə bu amildən səmərəli surətdə istifadə etməyib, yapışmışdı Avropanın "doqquz dövləti"nin yaxasından? Radikallar deyirlər ki, o vaxt bu həqiqəti yetərincə dərk etmirdilər. Deməli, onlar siyasi uzaqgörənlikdən məhrum olmuşlar. Ümumiyyətlə, nəyin olub-olmamasından asılı olmayaraq, radikallar həmişə öz şəxsi mənafelərinə üstünlük vermiş, xalqın və millətin mənafeyinə xor baxmış, dövlətçilik mənafelərini isə kobud tərzdə tapdalamışlar.