PDF Oxu

Köşə

  • 22

Avropa Türkiyədən niyə qorxur?

Avropa Türkiyədən niyə qorxur?
Böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinin "Dəlinin qeydləri" adlı bir povesti var. O zamanlar, yəni A.Puşkinin vaxtındakı Rusiyada xırda dövlət dəftərxanasında çalışan Popruşkin adlı bir cavan məmur öz rəisinin qızına aşiq olur. Lap Romeo və Cülyetta kimi. Bu, elə dəli-divanə imiş ki, ətrafdakı hər kəsin dilində əzbərə çevrilibmiş. Amma yazıq Popruşkinin qara günləri də elə o vaxtdan başlayır. Ona görə yox ki, o, rəisinin qızının dərdindən dəli-divanə olub, Məcnun kimi düşür səhralara, yox. Məsələ burasındadır ki, Popruşkinin rəisinin qızına olan məhəbbəti nakam başladığı kimi nakam da qurtarır. Çünki Rusiyada Popruşkin kimi xırda dəftərxana işçisi üçün rəis qızı almaq mümkünsüz idi. Axırda nakam məhəbbətdən Popruşkinin başına hava gəlir və o ömrünün sonuna qədər sayıqlayaraq, özünü "ispan kralı" adlandırır.
Niyə bu misalı çəkdim, hə, indi bizim əziz qardaşımız olan Türkiyənin də neçə illərdir ki, Avropa Birliyinə daxil olmaq üçün çabalaması və bunun müqabilində avropalıların ona qapını göstərmələri elə Popruşkinin əhvalatına bənzəyir. Türkiyə uzun müddətdir ki, bütün səviyyələrdə bu məsələnin onun xeyrinə həll olunması üçün çabalayır, amma çifayda ki, bütün Avropa liderləri səs-səsə veriblər ki, bəs dünya dağılsa da, Türkiyənin Avropa Birliyinin qapısından içəri keçməsi qəti olmaz! Balam, niyə? Axı bu Türkiyə yarandığı gündən NATO-nun başlıca qüvvəsi, Şərqdə bir Qərb ölkəsidir. Neçə illərdir ki, SSRİ-nin ən bərk gedən vaxtlarında daima Avropanın və ABŞ-ın maraqları üçün tər töküb indi nə oldu? Hə, xoruzun quyruğu göründü. (Bizlərdə bunu rusca deyərlər, amma bir az ayıb çıxır deyənə yazmadım.) Sən demə, Türkiyə bir müsəlman dövləti olduğu üçün onu Avropanın idarə olunmasına, lap loru dildə "siyasi kuxnasına" buraxmaq qəti mümkün deyil! Çünki bir müsəlman dövlətinin durub Avropanın beyin mərkəzində oturması və Avropanın idarə olunmasında iştirakını, bu riyakar Avropa diplomatları özlərinə məxsus şəkildə rədd edirlər. Angela Merkeldən tutmuş Nikolya Sarkoziyə qədər hamısı bir ağızdan anti-Türkiyə bəyanatları verirlər və təkcə bəyanatlar yox, həm də hədə-qorxu gəlirlər. Bu isə, Avropanın, yəni hazırkı Avropanın böyük zəifliyidir.
Deməli, Avropa deyildiyi və göründüyü kimi SİVİL DEYİL! Bu, həqiqətdir. Bir yandan Avropa mədəniyyəti, ən yeni texnologiya, bir yandan yalançı və saxtakar diplomatiya.
Onlar öz top-model gözəlçələrindən keçməyə, onları kiməsə peşkəş etməyə hər an hazırdırlar, amma öz maraqlarından heç vaxt keçməzlər. Bu maraqlar neçə əsrlərdir ki, avropalılar üçün prioritet məsələyə çevrilib. Bütün maraqlar da müsəlman dünyasının sivilizasiya və inkişafdan geri qalmasına yönəlib.
Onlar üçün indiki dəqiqələrdə ən yaxşı təbliğat müsəlmanların bin Ladeninin qismində bütün dünyada terrorçu kimi, Əfqanıstan, Pakistan, eləcə də, İraqdakı ac-yalavac, savadsız insanların isə bütün Avropaya "vəhşi təbəqə" kimi təqdim olunmasıdır. Halbuki islam dini böyük mədəniyyət və kamilliklərlə zəngin bir dindir. Bunu Avropanın alimləri dönə-dönə etiraf etdiyi anda, Avropa dövlətlərinin bir sıra hüquqi və dövlət məsələlərində islam dinindən yararlandıqları zaman durub islam dininə qarşı belə savadsız şəkildə mübarizə aparmaları onların əsil tarixi maskasını yırtır. Avropa Türkiyəni həm də ona görə sevmir ki, neçə illərdir, apardığı antimüsəlman təbliğatı, müsəlmanların sivilizasiyaya yaramadıqları barədəki siyasi şouları bir andaca məhv olub gedər və elə Avropadakıların özləri Avropanı cəzalandırarlar. Türkiyə Avropa Birliyinə daxil olsa, o zaman bu təbliğatı tamamilə dəyişdirib, yeni təbliğat qurmalı olacaq. FƏQƏT, NƏ TƏBLİĞATI? Həm də indi Avropa ölkələri öz maraqlarını qoruyur və onlar Türkiyəyə qarşı həm də ona görə çıxır ki, Türkiyə ABŞ-ın əsas müttəfiqlərindəndir və Avropa, əvvəlki illərdə olduğu kimi, yenə də ABŞ-ın qapazaltısına çevrilmək istəmir.
Yəni, indi nə SSRİ var, nə də Varşava bloku, Avropa öz yolu ilə getmək istəyir. Amma ən dəhşətlisi odur ki, indi, yeni əsrin əvvələrində Avropanın gedəcəyi və müəyyənləşdirdiyi YOLU YOXDUR! Hətta Avropa ölkələri Rusiya ilə enerji əməkdaşlığını da gücləndirmək niyyətindədir və bununla ABŞ-a ondan asılı olmayacaqlarına dair mesaj göndərmiş olur. Həm də keçən əsrin ortalarından türklərin Almaniyaya axını nəticəsində indi hər beş almanın və başqa avropalının ikisinin qanında TÜRK qanı var. Bax, Avropanı bu da bərk, lap bərk narahat edir. Amma Avropa Türkiyənin gələcəyə gedən yolunu bağlaya bilməz. Çünki günəş Şərqdən doğur!

Digər xəbərlər