Əli Kərimov Moskvaya gedib, kommunistlərlə görüşəcək
Ötən vaxt ərzində sədri olduğu partiyanı daim parçalanmaya məruz qoyan AXCP (i) sədri Əli Kərimov tanınmış funksionerlərini itirə-itirə gedir. Ə.Kərimovun total diktatına dözüm nümayiş etdirə bilməyən Qulamhüseyn Əlibəyli də AXCP (i) qərargahının qapısını bayırdan sədrin üzünə çırpıb getməli oldu. Hazırda o yaratdığı "Aydınlar" partiyasına rəhbərlik edir. Sözsüz ki, özü ilə xeyli AXCP (i)-çi də gətirmişdir. Ondan bir neçə ay əvvəl Asim Mollazadə getmişdir. O da öz məxsusi partiyasında Ə.Kərimovdan uzaqda asudə tərzdə siyasi fəaliyyətini davam etdirməkdədir.
İndiyədək Ə.Kərimovu tərk edənlərin heç biri geri qayıtmamışdır. Bu isə adıçəkilən şəxsin pis partiya başçısı olmasına işarədir. Belə davam edəcəyi təqdirdə, Ə.Kərimov tezliklə tək qala bilər. Hazırda Ə.Kərimovun ətrafında qalan funksionerlər heç də sədrin fikirləri ilə bölüşmürlər. Onların Ə.Kərimov fərqli şəxsi mövqeləri var və tezliklə fikirlərində tutduqları niyyətlərini gerçəkləşdirəcəklər. Onların niyyətlərinin konkret nədən ibarət olduğunu Ə.Kərimov bilməsə də, narazılıqlarının dərinlik və dönməzliyini yaxşı başa düşür.
Ə.Kərimovun ətrafı seyrəldikcə, nüfuz dairəsi də daralmağa başlayır. O, başının üstündə hərlənən kabusun ona fayda gətirməyəcəyini duyur və duyduqca da əks-gediş etməyi planlaşıdırır. O, planının baş tutmayacağını bilir. Odur ki, ona dəyəcək zərbənin gücünü azaltmaq üçün gecə-gündüz yeni variantlar üzərində baş sındırır. Məlum olduğu kimi, iyulun 16-da AXCP (i)-nin qurultayının keçiriləcəyi gözlənilir. Ə.Kərimovun kürkünə birə salan da məhz bu amildir.
Ə.Kərimov nə edəcəyini bir daha götür-qoy etdiyi bir vaxtda Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov Azərbaycanın bəzi müxalifət liderlərini Moskvaya dəvət etdiyi haqda xəbər gəldi. Son vaxtlar tez-tez Moskvaya gedib-gələn Müsavat başqanı İsa Qəmbərov G.Züqanovun dəvətini qəbul etməyəcəyini bildirir. Görünür, o, Rusiyada daha tanınmış siyasətçilərlə əlaqə saxlayıb, onlardan dəstək almağa üstünlük verir. Lalə Hacıyeva isə kommunistlərlə yox, Rusiya liberalları və radikalları ilə əməkdaşlıq əlaqələri qurmağa üstünlük verdiyini bildirir.
Ə.Kərimov İ.Qəmbərov və L.Hacıyevadan fərqli olaraq, Moskvaya gedəcəyi haqda kommunistlərlə mesaj göndərmişdir. Qarşı tərəf Ə.Kərimovla əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirmək üçün ona, ilkin olaraq, 8500 dollar göndərmişlər. Kommunistlər Ə.Kərimovu Rusiyaya iyulun 15-də dəvət ediblər. Hadisələrin gedişinin bu cür yön alması AXCP (i) sədrinin ürəyincə olmuşdur. Çünki onun bir gün sonra keçirələcək qurultayda iştirak etməsi rüsvayçılığa səbəb ola bilər. Yəni həmkarları onun gözünün içinə baxa-baxa sədr postundan kənarlaşdıra bilərlər. Bu yerdə hiylə niqabını üstünə çəkən Ə.Kərimov Moskvaya yola düşüb iyulun 15-də kommunistlərin tədbirində iştirak etməklə, iyulun 16-da qurultayda iştirak etməməsini bir növ sığortalayacaqdır.
Əlbəttə, Ə.Kərimovu iştirak etmədiyi qurultayda istefaya göndərə bilərlər. Bu halda, Ə.Kərimov həmkarlarını, qurultayda iştirak etməməsindən istifadə edərək, ona arxadan zərbə vurmaqda qınayacaqdır. İkinci bir tərəfdən, Ə.Kərimov belə güman edir ki, Rusiyadan əlidolu qayıtması həmkarlarını qane edə bilər. Bu gümanların gerçəkliklə əlaqəsi yoxdur, çünki Ə.Kərimovun opponentləri də fil qulağında yatmamışlar. Onlar Ə.Kərimovun hər bir hərəkətini öz əleyhinə çevirməyə cəhd edirlər. Deyilənə görə, sədr müavini Fuad Mustafayev Ə.Kərimovun qurultayda iştirak etməməsi fürsətdən istifadə edib, sədr postunu tutmaq istəyini gerçəkləşdirməyə cəhd edəcəkdir.
Ə.Kərimov bir ay Rusiya kommunistlərinin qonağı olacaqdır. Moskvaya Ermənistan müxalifətinin nümayəndələri də dəvətlidirlər. Moskva görüşündə Ə.Kərimovun bəzi Ermənistan partiyalarının liderləri ilə əməkdaşlıq əlaqələri quracağı ehtimal edilir. AXCP (i) sədrinin Norveçin Sülh və Demokratiya Təşkilatının xətti ilə Moskvadan təyyarə ilə Yerevana uçacağı və oradan Xankəndinə gedəcəyi gözlənilir. Bu addımları atmaqda Ə.Kərimovun yeganə məqsədi AXCP (i)-nin maliyyə dəstəyini yaxşılaşdırmaq, bəzi funksionerlərin partiya sıralarına qayıtmalarına nail olmaq və özünün sədr postunda möhkəmlənməyini təmin etməkdir.