Zəminə Dünyamalıyeva Akif Şahbazova qarşı
"Açıq Cəmiyyət Partiyası" daxilində daxili gərginlik yüksələn xətt üzrə davam etməkdədir. "ACP" lideri okeanın o tayında mühacir həyat keçirməkdə, partiya sədri Akif Şahbazov isə Biləsuvarda ləngiməkdədir. R.Quliyevin okeanın o tayından Bakıya qayıtması baş tutmayan sevdadır. Çünki R.Quliyev 2005-ci ilin 17 oktyabrında bu cür uğursuz cəhddə bulunmuşdu. Sonra isə "əlhəmdülillah" deyib, yenidən okeanın o tayına çəkilmişdi.
Bəs Akif Şahbazovun Biləsuvarda ilişib qalmasına nə ad vermək olar? Hər ağızdan bir avaz eşildiyi üçün hamının fikirlərini araşdırmaq və açıqlamaq niyyətində deyilik. Bizcə, ən vacib faktı nəzərdən keçirmək daha obyektiv olardı. R.Quliyev okeanın o tayından "Azadlıq" radiosuna verdiyi müsahibədə bildirib ki, "ACP"-nin rayon təşkilatlarının fəaliyyətini gücləndirmək üçn partiya sədri A.Şahbazova 83 min avro məbləğində nəqd pul göndərib. Bəs "ACP" sədri həmin pulları hara xərcləyib?
Sualı cavablandırmamışdın əvvəl, xatırladırıq ki, son bir neçə ay ərzində A.Şahbazov haqda bəzi şayiələr yayılmışdı. Bir çox "ACP" üzvləri deyirlər ki, A.Şahbazovun Biləsuvarda yubanması heç də onun kasıblığına dəlalət etmir. Məsələdən xəbərdar olanlar isə A.Şahbazovun bir sürü qoyunu və xeyli iribuynuzlu mal-qarası olduğunu bildirirlər. "ACP" sədrinin Biləsuvara çəkilməsi də məhz bu təsərrüfatını idarə etməsi ilə bağlıdır. R.Quliyevin verdiyi 83 min avro isə sürünün sayının artırılmasına xidmət etmişdir. Bu məsələdən xəbərdar olan "ACP" rəsmisinin məlumatına görə, haqqında söhbət gedən 83 min avronun bir hissəsinə A.Şahbazov 700 baş qoyun, 20 baş iribuynuzlu mal-qara və bir ədəd "Vilis" avtomobili almışdır.
"ACP" lideri R.Quliyevin açıqlamasından sonra, partiyanın yeganə müşaviri Zəminə Dünyamalıyeva A.Şahbazovu məhkəməyə verib, bu yolla partiyaya ayrılan pulları almaq istəyir. Z.Dünyamalıyeva bir lider kimi R.Quliyevin pulu A.Şahbazova göndərməsini heç cür qəbul edə bilmir. Onun fikrincə, pul sədrə yox, partiya büdcəsinə ünvanlanmalı idi. Müşavir "ACP"-nin okeanın o tayında vaxt keçirən liderə ehtiyacı olmadığını bildirmişdir. Z.Dünyamalıyeva belə hesab edir ki, həm R.Quliyev, həm də A.Şahbazov partiyanın ali yığıncağının qərarı ilə istefaya göndərilməlidir. Müşavir xanım lideri ləğv edilmiş "ACP"-yə Aydın Quliyevin sədr olması fikrini irəli sürür. A.Şahbazovun sədrlikdən istefa verməsi mənimsədiyi məbləği qaytardıqdan sonra mümkündür. Sədr müavini Yaqub Abbasov isə belə hesab edir ki, A.Şahbazov pul əvəzinə, qoyunları və mal-qaranın bir hissəsini də qaytara bilər.
Aydın Quliyev R.Quliyevin partiyaya və onun elitar dairəsinə xəyanət etdiyi fikrini qəbul etsə də, özünün sədr təyinatına ehtiyatla yanaşmağı lazım bilmişdir. O, sədr postunu o vaxt qəbul etməyə razılıq verəcəyini bildirir ki, R.Quliyev və A.Şahbazov tutduqları postlardan uzaqlaşdırılsınlar. A.Quliyev "Bakı xəbər" qəzetinin baş redaktoru kürsüsündə yerinin möhkəm olduğunu bildirir.
Artıq yarım ilə yaxın vaxt ərzində paytaxtadı mərkəzi qərargaha gəlməyi lazım bilməyən "ACP" sədri A.Şahbazov R.Quliyevin ona, gördüyü iş müqabilində, əmək haqqından artıq pul göndərmədiyini bildirib, maldarlıqla məşğul olmağın və təsərrüfat sahəsinin artırılmasının qəbahət olmadığını bildirmişdir. Onun dediyinə görə, qoyun sürüsünü və 30-35 baş mal-qaranı hələ kolxoz sədri işlədiyi vaxt qazandığı pul hesabına aldığını və bu sahə ilə məşğul olmaqdan fərəh duyduğunu bildirmişdir.
A.Şahbazov, başı qoyun sürüsündən və mal-qaradan açılan kimi, paytaxta gəlib mərkəzi qərargahın sənədlərini, möhür və ştampını Biləsuvara aparacağını bildirmişdir. Onun dediyinə görə, təqib olunacağı təqdirdə, partiya qərargahını dağlardakı dəyələrə aparacaqdır - ilə hədələmişdir. O, Z.Dünyamalıyeva, Y.Abbasov və A.Quliyev kimi "ACP" funksionerlərini bir-iki cüt qoyun satın alacağını da istisna etməmişdir.
Z.Dünyamalıyeva isə bir müşavir olaraq istefa verməkdən boyun qaçıran A.Şahbazovu ipə-sapa yatıracağına inandığını bildirir: "A.Şahbazovu "ACP"-nin bədəninə illət olmuş qarayaradır və biz onu çətin də olsa, partiyanın bədənindən cərrahi yolla kəsib çıxaracağıq" deyə Z.Dünyamalıyeva bildirmişdir.