PDF Oxu

Köşə

  • 17

Köhnə kişilər və bu günün insanları

Köhnə kişilər və bu günün insanları
"Ay kişi, keçmişdə belə deyildi, axı." Yəqin ki, ahıl kişilərin, ortabab yaşlı insanların bu sözləri tez-tez deyib gileyləndiklərini hamımız görmüşük, eşitmişik. Eh, keçdi o dövran... Keçən əsrin 50-60-cı illərində bir obanın dörd-beş ağsaqqalı yığışıb söhbət edirmişlər. Bu vaxt yaxınlıqda oynayan kənd uşaqlarının topu ağsaqqalar olan tərəfə yuvarlanır. Uşaqlardan heç kim cürət edib topu götürmək üçün böyüklər olan tərəfə gəlmir. Bu vaxt oyuna yenicə qoşulan 8-10 yaşlı bir uşaq dəstədən ayrılıb ağsaqqalara tərəf gəlir və topu götürüb qayıdır. Kəndin nurani ağsaqqalı həmin uşağın ata-anası barədə soruşur. Deyir, bir öyrənin ki, onların müsəlman örf-adəti ilə kəbini var, ya yox. Öyrənib bilirlər ki, həmin uşağın valideynlərinin kəbini kəsilməyib. Ağsaqqal deyir ki, bu haram ailə bütün nəsilləri harama bulaşdıracaq və kökümüzü birdəfəlik kəsəcək. Həmin gün el-oba yığılıb o ailəni kənddən çıxarırlar.
Bəli, bu cür kişilər vardı keçmişdə. O vaxtlar böyüyün öz yeri, kiçiyin öz yeri vardı. Hər kəs öz sərhədini -həddini bilirdi. O vaxtlar uşaqlar böyüklərin oturduqları yerə gəlməzdilər, qız-gəlin, oğul-uşaq ağsaqqal-ağbirçək yanında uşaqlarını qucaqlarına götürmək, dindirmək nədir, heç adlarını belə çəkməzdilər. O vaxt el-obada KİŞİ SÖZÜ hər şeydən qiymətli sayılırdı. Kişi vədini yerinə yetirə bilməyəndə özünü asıb öldürürdü. Çünki el-oba yanında xar olmaq ölümdən daha dəhşətli iş sayılırdı. Çünki vəd verib yerinə yetirməyəndə həmin adamın el-oba içində abır-hörməti ikiqəpiklik olurdu, ona etibar-inam itirdi. Ən əsası daha əvvəlki kimi beş-üç kişi arasında sayılmırdı. Elə bir keçmiş ki, indi kompyuter və texnologiya əsrində biz o keçmişin böyük ənənələrini sürətlə itirməkdəyik. İndinin insanları keçmişin mənəvi dəyərlərini yaxına belə buraxmırlar. İndi yolda-izdə hər kəsin balacadan böyüyə, qadından-kişiyə qədər hamının qulağında mobil telefon qulaqcıqları xarici musiqiyə qulaq asdıqlarını, sabahdan axşama, gecədən səhərə qədər internet klublarda, Avropa ölkələrinin öz cəmiyyətlərinə qadağan etdikləri əcaib və vəhşi görüntüləri izlədiklərini GÖRÜRÜK!
Uşaqların öz ana dillərini arxa plana keçirib ata-anaları ilə qol-qabırğasını sındırıb günəbaxan tumu kimi "çırtladıqları" rus, ingilis dillərində danışdıqlarını görəndə isə, gələcək üçün əməlli-başlı əndişələnməyə dəyər. Bu uşaqlar öz doğma dillərində danışmağı "qeyri-aristokratiya" kimi, yəni "çuşkalıq" kimi qiymətləndirirlərsə, yüz il, min il bundan əvvəl yaşayan BABALARININ ƏSİL KİŞİLİK MİSSİYASINI daşımaq istəmirlərsə və ya daşıya bilmirlərsə, GƏLƏCƏYİMİZ ÜÇÜN ƏNDİŞƏLƏNMƏYİN YERİDİR!
İndinin uşaqları böyüyün yanından top götürmək nədi, böyüklərin özlərinə yol göstərirlər. Hələ mən lap başqa cürnə olan işləri demirəm. İndi nə valideyn bilinir, nə uşaq. İndinin insanları tamam başqalaşıblar. İndi O KİŞİLƏRƏ, onların mənəvi zənginliklərinə böyük ehtiyacımız var. Çünki azərbaycanlı dəyərləri onlardadır!

Digər xəbərlər