PDF Oxu

Köşə

  • 22

AXC-Müsavat iqtidarının çökümü labüd idi

AXC-Müsavat iqtidarının çökümü labüd idi
Bu gün müxalifətin radikal qanadı özünü mükəmməl bir blok daxilində görür. Bu "mükəmməl" qurumun adı "QRUH"-dur. Əslində, radikallar iki ildən də çox bir vaxt ərzində yorucu məsləhətləşmələr aparsalar da, vahid bir birlik forması yaratmağa nail olmamışdılar. Bələdiyyə seçkiləri ərəfəsində onlar istər-istəməz "QRUH" daxilində birləşməli oldular. Seçkilər başa çatdıqdan sonra "QRUH"-u buraxmayıb, onun sıralarında qalmağı lazım bildilər. Onsuz da onlara bir blok lazım idi. Göründüyü kimi, radikallar hazır "QRUH"-dan zəli kimi yapışıb, onu özlərindən uzağa buraxmamışdılar. Necə deyərlər, nə yoğurmuş, nə yapmış, hazırca kökə tapmışdılar.
Onlar nə qədər cəhd etsələr də, "QRUH" daxilində də bir qərara gələ bilmirlər. Bu da radikallarda heç nəyin dəyişməməsindən xəbər verməkdədir. Məsələ isə nə "QRUH"-da, nə də başqa bir blok və ittifaqda deyil. Sadəcə, radikalların işgörmə qabiliyyətləri sıfıra yaxındır. Onlar bundan sonra nə parlament seçkilərində, nə də prezident seçkilərində uğur əldə etməyə müvəffəq olmayacaqlar.
Radikalların əlinə tarixi fürsət cəmi bir dəfə düşdü və onlar hakimiyyətə gəldilər. Ancaq hakimiyyət kürsüsündə cəmi bir il duruş gətirə bildilər. Onların sevmədikləri və dərin nifrət bəslədikləri Əbdürrəhman Vəzirov və Ayaz Mütəllibovun hakimiyyəti iki il çəkmişdi. Radikallar, hətta öz opponentlərindən də uğursuz siyasi tale yaşamışlar. Səbəb bacarıqsızlıqları və səriştəsizlikləri olmuşdur. 1992-ci il 15 mayda kütləvi iğtişaş yolu ilə A.Mütəllibovu əvəz edən AXC-çilər dərhal sonra nəyi necə etməyi bacarmadıqlarını nümayiş etdirdilər.
Radikallar hakimiyyət kürsüsünü tutduqdan sonra əlaqə və münasibətlərini daha da möhkəmləndirmək və xalqın mənafeyi naminə cahanşümul işlər görmək əvəzinə, ilk növbədə, bir neçə ay yeyib-içməklə məşğul olmuş və daha sonra xorna çəkib yatmağa üstünlük vermişlər. Onlar elə bilirdilər ki, bu yolla hakimiyyəti uzun müddət idarə etmək olar. Tarix bu fikrin səhv olduğunu sübut etdi. Hakimiyyətlərinin 4-5-ci ayında özlərinə gələn AXC-çilər Azərbaycanın sərvətlərini talamaq yarışına girdilər. Bu yolda onlar bir-birinə aman vermir və hətta biri o birinin öz yolları üstündən götürməkdən də çiyrənmirdilər. AXC naziri xarici ölkələrin vəzifəli məmuru ilə çox da çənə-boğaz döymədən Azərbaycan sərvətlərini dəyər-dəyməzinə satırdı. İcra hakimiyyətləri və aşağı dairələrdə məmurlar ən xırda iş müqabilində böyük məbləğdə rüşvət tələb edirdilər.
Bəd əməllərini AXC-Müsavat iqtidarı məmurlarının özləri dilə gətirirdilər. Məsələn, Arif Hacıyev A.Mütəllibov devrildikdən dərhal sonra demişdi ki, "biz 9 ölkənin köməyi ilə hakimiyyət postunu tutduq". Azərbaycanın sərvətləri məhz o cür dəstəkçi dövlətlərin cibişdanına axırdı. AXC məmurları qısa vaxt ərzində varlanıb, mülk sahiblərinə çevrilmişdilər. Yuxarı dairələrlə mübarizə apara bilməyən prezident Ə.Elçibəy milli televiziya ilə çıxış edib, aşağı dairəli məmurları nizam-intizama riayət etməyə çağırırdı. Deyirdi ki, ayıbdı, rüşvət almayın, alırsınızsa, heç olmasa, insafla alın. Kim idi prezidentə qulaq asan?!
Dünənədək küçə və meydanlarda onun-bunun tulapayısı hesabına yaşayan AXC məmurları, qısa vaxt ərzində varlı-hallı adamlara çevrilmişdilər. Yəqin ki, ağıllı varlı qazandığı puldan məqsədyönlü tərzdə istifadə edərdi. Ancaq AXC məmurları bir-birilərinin əleyhinə çevrilmişdilər. O vaxt bir neçə televiziya verilişində yaranmış qarşıdurma, yəqin ki, bir çox oxucuların yadında olar. Təxminən 1992-ci ilin dekabrında Pənah Hüseynov qanlı-qanlı belə bir bəyanat vermişdi ki, qısa vaxt ərzində AXC üzvlərinin hamısı şəhər və rayonlarda yuxarıdan aşağı bütün vəzifə postlarını tutmalıdır. Bu və ya digər qarşıdurmalar AXC məmurlarının öz dəstlərini yaradıb, mərkəzi hakimiyyətdən uzaqlaşmalarına səbəb olurdu. Silahlı dəstəsi olan bir məmur, o biri məmuru dəstəsi ilə məhv etməyə hazır vəziyyətdə durmuşdu.
Əlikram Hümbətov, Surət Hüseynov, Rövşən və Mahir Cavadov qardaşları sindromu belə yaranmışdı. Rəhim Qazıyev kimi quyruq bulayanlar isə bu cür adamlar arasında var-gəl edib, onları üsyana çağırırdı. Nəticədə AXC iqtidarı çökdü. Ə.Elçibəy Kələkiyə, P.Hüseynov Sabirabada qaçdı. İ.Qəmbərov Ali Sovet sədrliyindən istefa verdi. Digərləri də ayaqlarını yorğanlarına görə uzadaraq, hara gəldi qaçıb dağılışmağa üstünlük verdilər. Qısası, AXC bir il ərzində tükənib diz çökdü və siyasət səhnəsini tərk etmək məcburiyyəti ilə üzləşdi.

Digər xəbərlər